| 
						
						 Dekabrın 
						27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 
						"Buta" sarayında uşaq evlərində və internat 
						məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn 
						himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin 
						Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların 
						reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar 
						fənlər təmayüllü ümumtəhsil internat məktəbi, 
						Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün 
						respublika orta internat məktəbindəki və təhsildə 
						xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri 
						keçirilib. Şənliklərə gəlmək üçün Fondun təşəbbüsü ilə 
						xüsusi avtobuslar ayrılmışdır. 
						
						Dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci 
						xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti 
						Leyla Əliyeva bayram şənliyində iştirak etdilər. 
						
						Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə 
						Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il 
						bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara 
						qayğısından bəhs edən film göstərildi. 
						
						Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni 
						tərtibatda hazırlanmış "Qış nağılı" proqramı təqdim 
						edildi. Həmçinin müxtəlif uşaq qrupları və tanınmış 
						ifaçıların çıxışları tədbirin balaca iştirakçılarında 
						xoş ovqat yaratdı. 
						
						Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi 
						uşaqların gurultulu alqışları ilə qarşılandı. Şaxta baba 
						və uşaqlar birlikdə yolkanın işıqlarını yandırdılar. 
						
						Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün 
						istedad və bacarıqlarını göstərdilər. Rəqqaslara qoşulan, 
						al-əlvan yolkanın ətrafında yallı gedən, məharətlərini 
						göstərən, özlərini möcüzələr aləmində hiss edən 
						uşaqların sevinci hədsiz idi. Körpələrin çöhrələrində bu 
						gözəl bayramı onlara bəxş edən Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban xanım Əliyevaya məhəbbət və 
						minnətdarlıq hiss olunurdu. 
						
						Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və 
						oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın 
						ətrafında şəkillər çəkdirdilər. 
						
						Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA 
						uşaqları bayram münasibətilə təbrik edərək dedi: 
						
						- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli 
						müəllimlər! 
						
						Mən çox şadam ki, biz bu gün yenə də birlikdəyik. Biz bu 
						gün ötən 2012-ci illə vidalaşırıq və birlikdə yeni - 
						2013-cü ili qarşılayırıq. Mən ümidvaram ki, 2012-ci il 
						sizin hər biriniz üçün uğurlu olmuşdur. Bu ildə xoş 
						anlar, sevinc dolu hadisələr üstünlük təşkil etmişdir. 
						
						Bir daha vurğulayıram ki, hər hansı bir səbəbə görə yola 
						saldığımız ildə reallaşdıra bilmədiyiniz, ürəyinizdə 
						olan arzular, istəklər mütləq qarşıdan gələn 2013-cü 
						ildə həyata keçsin. Siz hələ çox gəncsiniz, sizin ömür 
						yolunuz hələ qarşıdadır. Əlbəttə, hər bir valideynin ən 
						böyük arzusu övladlarını sağlam, güclü, savadlı, 
						Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir. Bu gün 
						dövlətimiz bunun üçün əlindən gələni edir. Bu gün 
						Azərbaycan sürətlə inkişaf edən, gündən-günə müasirləşən, 
						gözəlləşən bir dövlətdir. Əslində bu gün həyata 
						keçirilən bütün işlər, layihələr, təməli qoyulan planlar 
						gələcəkdə sizin güvənli sağlam və xoşbəxt ömür 
						sürməyinizə xidmət edir. 
						
						Biz ötən ilə nəzər salsaq görərik ki, ölkəmizdə il 
						ərzində bir çox nailiyyətlər əldə edilmişdir. Ölkənin 
						bütün regionları inkişaf edir, paytaxtımız gündən-günə 
						gözəlləşir. Azərbaycanın beynəlxalq arenada nüfuzu 
						ilbəil artır. Ölkəmizin dünyanın ən mötəbər beynəlxalq 
						qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv 
						seçilməsi bunun ən əyani təsdiqidir. Ölkəmizi 155 dövlət 
						dəstəklədi və bu da Azərbaycanın təkcə regionda yox, 
						bütün dünyada artan rolunun və nüfuzunun sübutudur. Əgər 
						ötən ilə nəzər salsaq, təbii ki, ən yaddaqalan 
						hadisələrdən biri paytaxtımızda keçirilən beynəlxalq "Evrovision-2012" 
						musiqi müsabiqəsidir. Yəqin ki, hamınızın yadındadır, 
						həmin günlərdə paytaxtımızda necə bayram ab-havası var 
						idi. Biz bu musiqi bayramını, bu müsabiqəni ən yüksək 
						səviyyədə keçirdik. Bu, bizim növbəti qələbəmiz idi. 
						
						Əminəm ki, bizi gələcəkdə daha çox, daha böyük qələbələr 
						gözləyir. Bu qələbələrin önündə bir neçə ildən sonra 
						məhz bizim balalarımız, övladlarımız, gənclərimiz 
						duracaqlar. Biz torpaqlarımızı da qaytaracağıq, biz yeni 
						qələbələrə imza atacağıq. Biz çox güclü müstəqil ölkəyik 
						və gələcəkdə də belə olacağıq. 
						
						Mən bu gün sizin hər birinizə bir daha böyük məhəbbətimi 
						çatdırıram. Yeni 2013-cü il münasibətilə sizi ürəkdən 
						təbrik edirəm. Dünya Azərbaycanlılarının birlik, 
						həmrəylik günü münasibətilə təbrik edirəm. Ümidvaram ki, 
						gələn il daha uğurlu olacaqdır. Yeni ildə hər biriniz 
						üçün daha xoş, daha sevincli anlar olacaqdır. Mən sizin 
						hər birinizi öpürəm və bir daha təbrik edirəm. Sağ olun! 
						
						
						*** 
						
						Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu 
						istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər 
						Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 
						təşəkkür etdilər. 
						
						Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev 
						Fondunun bayram sovqatı, oyuncaqlar hədiyyə olundu. 
						
						Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 
						ilə xatirə şəkli çəkdirdilər. 
						
						
						AzərTAc |