Son illər ölkəmizdə dövlət tərəfindən idmana göstərilən
diqqət və qayğı bu sahənin inkişafını xeyli
sürətləndirmiş, perspektivli gənc idmançıların aşkara
çıxarılmasında əhəmiyyətli rol oynamışdır. Belə
gənclərdən biri də Zəngilan rayonu 29 nömrəli tam orta
məktəbin şagirdi Anar Kərimlidir.
Anar
1998-ci ildə anadan olub. Paytaxtın Xətai rayonunda
yerləşən "Araz" idman klubunda idmanın karate növü ilə
məşğul olan Anar Kərimli qısa müddət ərzində
məşqçi-müəllimlərinin etimadını doğrultmuş və
respublikamızda keçirilən yarışlara qatılmışdır. Anarın
məşqçi-müəllimi ölkəmizi beynəlxalq arenalarda layiqincə
təmsil edən təcrübəli idman ustası, dəfələrlə dünya və
Avropa çempionu Siyavuş Bayramovdur. Anar Kərimlinin
idman karyerasına nəzər saldıqda bir neçə yarışların
qalibi olduğunu görmək olar. Belə ki, o 2011-ci ildə
Bakıda idmanın karate-do növü üzrə yeniyetmələr arasında
keçirilən yarışda II yeri, elə həmin il İran İslam
Respublikasının Ərdəbil şəhərində keçirilən beynəlxalq
turnirdə isə III yeri tutmuşdur. Bu yarışlardan sonra
özündə inam hiss edən gənc Anar 2011-ci ilin oktyabrında
karate-kontak üzrə yeniyetmələr arasında keçirilən
respublika çempionatının qalibi, həmin ilin dekabr
ayında isə Sumqayıtda karate-do federasiyasının
keçirdiyi XVII Azərbaycan çempionatında qızıl medala
layiq görülmüşdür. Təsadüfi deyil ki, bu uğurları
nəticəsində Anar Kərimli "Araz" idman klubu tərəfindən
2011-ci ilin "Ən güclü idmançısı" adına layiq
görülmüşdür. Qeyd edək ki, Anar Kərimli bu uğurları ilə
yanaşı, bir çox kiçik yarış və turnirlərdə də öz
qüvvəsini sınayaraq yüksək nəticələr əldə etmişdir. Anar
Kərimlinin ən böyük uğurlarından biri isə 2012-ci ilin
fevral ayında yenidən İran İslam Respublikasında
yeniyetmələr arasında keçirilən karate-kontak üzrə
beynəlxalq turnirdə II yeri tutmasıdır. Əzmkarlıq və
çalışqanlığı ilə seçilən Anar Kərimli qazandığı
uğurlarına görə cari ilin dekabr ayında Karate
Federasiyasının göy kəmərinə layiq görülərək diplomla
təltif edilmişdir. Bundan başqa, Anar Zəngilan Rayon
İcra Hakimiyyəti və müxtəlif təşkilatlar tərəfindən
diplomlarla təltif edilib.
Anar Kərimlinin dediklərindən: Respublikamızda idmanla
məşgul olmaq üçün dövlətimiz hər bir şərait yaradıb. Biz
yeniyetmələr yaradılan şəraitdən maksimum istifadə
etməliyik. Hər bir idmançı kimi mənim də arzum ölkəmizin
idman şərəfini layiqli qoruyaraq beynəlxalq arenalarda
bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir.
Bunun üçün var qüvvəmlə çalışıram. Bütün bunların
öhdəsindən gələcəyimə inanıram. Bu işdə mənə dəstək olan
hər bir kəsə minnətdarlığımı bildirirəm.
Niyazi RƏHİMOV |