Biz
Bakıdakı 221 nömrəli tam orta məktəbə çatanda birinci
növbədə dərslər başa çatmışdı. Direktor Nizami Əzizova
məktəbin şagirdi Babək Mustafazadə ilə görüşmək
istəyimizi bildirdik. Direktor əlaqə yaratdı. Çox
çəkmədi ki, Babək atası ilə birlikdə məktəbə gəldi.
Tanış olduq. Öyrəndik ki, Babək 1995-ci ildə Bakıda
anadan olub. 2002-ci ildə 221 nömrəli tam orta məktəbin
birinci sinfinə qəbul olub. Hazırda da həmin məktəbin XI
sinfində təhsil alır.
Arzusu çin olan ata
Babəkin atası Afiq kişidən, necə oldu ki, oğlunuzu
idmanın karate növünə yazdırdınız, - deyə soruşduq. O,
bizim bu sualımızı gözləyirmiş kimi bildirdi ki, sizin
bu sorğunuz məni uşaqlıq illərimə qaytardı. İnanın
səmimi deyirəm, mənim idmana lap kiçik yaşlarımdan
həvəsim çox böyük olub. Sərbəst şəkildə karate ilə
məşğul olurdum. Amma valideynlərim mənim bu arzumu
ürəyimdə qoydu. Doğrudur, polis işçisi oldum. Hazırda
təqaüddəyəm. Amma karateyə olan böyük marağımın həyata
keçməməsi indi də qəlbimi sızladır... İllər ötdü, ilk
oğlum dünyaya gəldi. Adını Babək qoydum ki, onun kimi
igid, qəhrəman olsun. Nəhayət, 10 yaşından Babəki
"Lider" İdman Klubunun karate idman növünə üzv
yazdırdım. Hazırda isə "Sərhədçi" İdman Olimpiya
Mərkəzində Babəklə kinq-boks üzrə üçqat dünya çempionu
Fuad Zeynalov məşğul olur. O, bu məşqçi-müəlliminin səyi
nəticəsində artıq Avropa və dünya çempionu olub.
İndi deyə bilərəm ki, oğlum bu qələbələri ilə mənim
arzularımı çin edib.
Dünya çempionu olmağa gedən yol məşqlərdən keçir
Babək artıq 4 ildir ki, müəlliminin göstərişi və
nəzarəti ilə məşqlərini davam etdirməklə qələbələrə imza
atmağa başlayıb.
2010-cu ildə 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə həsr olunmuş gənclər arasında açıq
birincilik turnirində 51 kiloqram çəki dərəcəsində II
yerə çıxaraq Azərbaycan Kikboksinq Federasiyasının
"Qalib idmançılar klubu" MMC-nin diplomuna layiq
görülüb. 2011-ci ildə "Sərhədçi" İdman Olimpiya
Mərkəzinin açıq birinciliyində 1995-1996-cı illər
təvəllüdlü gənclər arasında keçirilən yarışda III yeri
tutub.
2012-ci il fevralın 19-20 tarixlərində Hövsan Olimpiya
Kompleksində kinq-boks üzrə gənclər və böyüklər arasında
keçirilən IV Respublika çempionatında I yeri tutaraq
qızıl medalın sahibi olub.
Həmin ilin oktyabrın 19-23-də Yunanıstanda kinq-boks
üzrə keçirilən dünya çempionatında I yeri tutaraq qızıl
medal qazanıb.
O, ermənini 30 saniyəyə məğlub edərək Avropa çempionu
olub
Babək bu il 17-18 noyabr tarixlərində Gürcüstanın
Tbilisi şəhərində kinq-boks üzrə yeniyetmələr arasında
keçirilən Avropa çempionatında birinci yeri tutub. Onun
bu qələbəsinin ən fərəh doğuran cəhətlərindən biri
erməni rəqibini udmasıdır. Həmin yarışda Babək gürcü
idmançısını 8:4 hesabı ilə udub. İkinci rəqibi olan
erməni döyüşçüsünü isə cəmisi 30 saniyəyə məğlub edərək
Avropa çempionu olub.
Məşqçi-müəllimin ürək sözləri
"Sərhədçi" Olimpiya İdman Mərkəzinin məşqçi-zabiti,
üçqat kinq-boksinq üzrə dünya çempionu Fuad Zeynalov: -
Hazırda yetirmələrim arasında Babək öz çalışqanlığı,
inadkarlığı ilə seçilən idmançılarımızdandır. Onun
idmana olan həvəsi, yorulmadan məşq etməsi qarşıya
qoyduğu məqsədə çatmağa çox böyük kömək edir. Babəkin
bu il Yunanıstanda keçirilən dünya çempionatında I yeri
tutması və Gürcüstanda keçirilən Avropa çempionatında
birincilik qazanması bütün bunlara parlaq misaldır.
Babəki qələbələrə səsləyən səbəblərdən biri də onun
işğal altında olan gözəl Qarabağımızın məcburi
köçkünlərindən biri olmasıdır.
Mən bir məşqçi-müəllim kimi Babəkdən daha böyük uğurlar
gözləyirəm. Arzu edirəm ki, öz qələbələri ilə doğma
Azərbaycanımızın şərəfini daima uca tutsun.
Ə.DAŞDƏMİRLİ |