Dünya
xalqları növbəti Yeni il bayramına hazırlaşır. Bu bayram
dünya xalqlarının ən başlıca və ən mühüm bayramı hesab
olunur. Yeni il bayramı ilin sonuncu günündən növbəti
təqvim ilinə keçid ilə əlaqədar keçirilən ən populyar
bayramdır. Dünyanın müxtəlif xalqları üçün Yeni il
bayramı ənənəvi bayram hesab olunur. Bu bayramın öz
tarixi var. Bəzi fərziyyələrə görə, Yeni ili ilk dəfə
qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu bayram
qədim german və romalılarla bağlıdır. Başqa bir mənbəyə
görə isə Yeni ili bayramla qarşılamaq ənənəsinin əsası
eramızdan əvvəl üçüncü minillikdə Mesopotamiyada qoyulub.
Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Hər
bir xalq yeni il üçün tarixi və ya mifik hadisə ilə
bağlı öz tarixi günlərindən istifadə edib. Eramızdan
əvvəl misirlilər hər bir sülalənin hakimiyyətə gəlməsini
ilin başlanğıcı hesab ediblər. Romalılar 753-cü ildən
bizim eraya qədər hesablama aparıblar. Yəhudilər isə
dünyanın yaranma tarixi hesab etdikləri bizim eradan
əvvəl 3761-ci ildən, İsgəndəriyyə xronologiyası isə
eramızdan əvvəl 5493-cü ildən dünyanın yaranması
tarixinə istinad ediblər. Demək olar ki, həmişə yeni il
bayramları müxtəlif ritual və sehrli ayinlərlə və
mərasimlərlə müşayiət edilib ki, onların da əks-sədası
bu günə qədər gəlib. Yeni ilin başlanğıcının yanvarın 1-dən
hesablanması eramızdan əvvəl 46-cı ildə Roma hökmdarı
Yuliy Sezar tərəfindən təsis edilib. Romalılar bu günə
Yanus allahının adını veriblər.
Şaxta
baba haralıdır?
Yeni
ilin əsas atributları Şaxta baba və Qar qızı hesab
olunur. Şaxta babanın şəxsiyyəti uzun illər ərzində
mübahisələr doğurub. Şaxta baba kimi tanınan şəxsin
dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant
Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel,
müqəddəs ata Kristmas və s. Yeni il bayramını uşaqların
hətta öz doğma babalarından belə çox sevdikləri Şaxta
babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam
ağ, başında qardan papaq olan bu mehriban qocanı
dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar
da, bu adlardan ən çox populyar olanı Santa-Klausdur.
Yen il gecəsi bütün dünya uşaqları Şaxta babanı və onun
hədiyyəsini gözləyirlər. Lakin Şaxta baba heç də
bütün evlərə gedə bilmir. Uşaqların "Şaxta baba niyə
gəlmədi" sualına isə böyüklər "Uşaqlar çoxdur, Şaxta
baba isə təkdir, lakin o, gələcək" cavabını verməklə
onları bir qədər sakitləşdirməyə çalışırlar. Lakin Şaxta
baba haralıdır? Onun yeri hardadır? Bu suallar zaman-zaman
uşaqları, eləcə də böyükləri də maraqlandırır. Əgər
tədqiqatlara inansaq, hər bir xalqın öz Şaxta babası və
onun da öz evi var. Lakin əsil Şaxta baba adına iddialı
qismində Avropanın bir sıra şimal ölkələri çıxış
ediblər. Rusiya, Norveç, Finlandiya, Danimarka,
İslandiya və başqları. Bu mübahisəni həll etmək üçün "Röyter"
xəbər agentliyi hələ 2005-ci ildə bütün Avropanın şimal
dövlətlərinin Şaxta babalarına məktub göndərib. Onların
arasında ən çeviki İslandiyadan olan Şaxta baba çıxıb.
Ən tez cavab məktubunu o yazıb. İslandiyalılar
əmindirlər ki, məhz onların ölkəsində ilk dəfə Yeni ili
qarşılamaq ənənəsi yaranıb.
"Yeni ili necə qarşılarsan, elə də yola salarsan"
Müxtəlif
ölkələrdə Yeni ilin qarşılanması qədim dövrlərdən
qorunub bu günə çatmış ənənələrlə bağlıdır. Hələ qədim
xalqlarda belə bir deyim - "yeni ili necə qarşılarsan,
elə də yola salarsan" deyimi kök salıb. Bu gün də
müxtəlif ölkələrdə uğur qazanmaq, bolluğa, rifaha nail
olmaq üçün müxtəlif fəndlərə əl atırlar. ABŞ-da yeni ili
təmtaraqla, gözəl və təntənəli qarşılayırlar. Hamı Şaxta
babadan - Santa Klausdan hədiyyə gözləyir. Santa Klaus
şimal marallarının çəkib gətirdiyi xizəkdə
amerikalıların yeni il bayramına qatılır. Amerika
hər il yeni ilə bayram hədiyyələri və bayram
açıqcalarının sayına görə bütün rekordları aşır. Santa
Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş
arabasında milad gecəsi peyda olaraq sobaların
borusundan evlərə daxil olur və sobanın yanından asılmış
corabların içinə uşaqlar üçün hədiyyələr qoyur. Təxminən
XVIII əsrin sonlarında Avstriyada insanlar
arasında bir-birinə üzərində xoşbəxtlik, bayram
kökələrini simvolizə edən yonca, qaban şəkilləri həkk
olunmuş gil və saxsı fiqurlar, açıqcalar hədiyyə etmək
ənənəsi yaranıb. Yeni il axşamı bayram süfrəsi müxtəlif
yeməklərlə zəngin olmalıdır ki, qarşıdan gələn ildə
yaxşı və zəngin yaşamaq mümkün olsun. Maraqlıdır ki,
qədim dövrlərdən başlayaraq başlıca yemək kələmdə
sosiska, qızardılmış donuz əti olmalıdır. Xoşbəxt olmaq
üçün hökmən donuz burnu və ya bu heyvanın baş ətindən
bir parça yemək tələb olunur. Yeni il ərəfəsində
Avstriya paytaxtının küçə və meydanlarını bürüyən
bazarlar fəaliyyətə başlayır. Ən böyük bazar isə paytaxt
Vyananın Ratuş meydanında açılır. Yeni il bayramı
Böyük Britaniyada çox möhtəşəm keçir. Yeni ildə ən
çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə
ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları
satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq
yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər, çünki
pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də
olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı,
kimə pisi düşür. Böyük Britaniyada bayram günü evdə
ideal təmizlik və qayda-qanun hökm sürməlidir. Bayram
ərəfəsində uşaqlar üçün müxtəlif səhnələşdirilmiş
tədbirlər təşkil olunur. Təqdimatların əsasında isə
köhnə ingilis nağılları durur. Populyarlığına görə
birinci yerdə Şekspir komediyaları və xalq qəhrəmanı
Robin Quda həsr olunmuş əsərlər durur. Londonda təşkil
olunan mərasimlərdə müxtəlif nağıl qəhrəmanlarına rast
gəlmək olar. Bayram axşamı Londonun köhnə məhəllələrində
ticarətçilər əlindən tərpənmək mümkün deyil, onlar yeni
ilə açıqcalar, tütəklər, fitçalan, hava şarları,
müxtəlif maskalar satırlar. Yeni ilin gəlişi barədə ilk
xəbəri İngiltərədə zəng səsləri verir. O, gecəyarısına
bir qədər qalmış sakitcə səslənməyə başlayır, qüllə
saatı kiçik ədyala büründüyündən o, öz səsini bütün
qüvvəsi ilə nümayiş etdirə bilmir. Buna baxmayaraq,
gecəyarısı zəng səsi sükutu pozur və hamı yeni ilə həsr
olunmuş himni oxuyur. Bütün problemləri və ağrıları özü
ilə aparan köhnə ilin xətrinə dəyməmək üçün
britaniyalılar geridə qalan ilin son dəqiqələrində arxa
qapıları açır və köhnə ili evin kandarından bayıra
buraxırlar. Yeni ilin ilk saniyələrində isə onlar qüllə
saatının zəng səsləri ilə evin ön giriş qapılarını
təmtəraqla açır və yeni ili evlərinə buraxırlar.
Bolqarıstanda Yeni ili ev şəraitində qarşılamaq
ənənəsi mövcuddur. Bayram ərəfəsində ailənin kiçik üzvü
yolka yanında dayanaraq qonaqları əyləndirir. Bunun
əvəzində isə qonaqlardan hədiyyələr alır. Gecə saat
12-də evdə bütün işıqlar keçir və yeni il öpüşləri
başlayır. Qonaqları təbrik edən ev sahibəsi sürprizli
bayram piroqu kəsir. Bəxtinizə düşən paydakı pul
əskinası sizə var-dövlət hədiyyə edəcək, kiçik qızılgül
budağı isə sizə sevgi gətirəcək. Bolqarlar masa
arxasında oturanlardan biri asqırarsa, buna sevinirlər.
Onlara görə, bu uğur gətirir. Macarıstanda və
Rumıniyada Yeni il ənənələri Bolqarıstandakına
oxşardır. Lakin macarlar tütək və fitçalandan istifadə
edərək həm də fit çalırlar. Hesab olunur ki, onlar
bununla evdəki şər qüvvələri qovur, sevinc və
firavanlığı çağırırlar. Yeni il bayramına hazırlaşan
macarlar yeni il axşamının sehrli gücünə inanırlar.
Hesab edirlər ki, noxud və lobya ruh və bədənin gücünü
qoruyub saxlayır, alma gözəllik və sevgi bəxş edir, qoz
bədbəxtlikdən, sarımsaq xəstəlikdən qoruyur, bal isə
həyatı daha da şirin edir.
Almaniyada yeni il süfrəsinə balıq qoyulur, hesab
olunur ki, onların pulcuqları var-dövləti simvolizə edir
Almaniyada Yeni il ənənələri Avropanın digər ölkələrinin
yeni il ənənələrinə oxşar olsa da, bir sıra fərqli
xüsusiyyətləri də var. Almaniyada Yeni il ərəfəsini
Silvestr adlandırırlar. Bu 335-ci il dekabrın 31-də
vəfat etmiş keşişin adı ilə bağlıdır. Yeni il günü
bir-birinə hədiyyə etmək dəbdədir. Berlin, Hamburq, Köln
və ölkənin digər şəhərlərindən olan uşaqları
Vaynaxtasman adlandırılan Şaxta baba və tamamilə ağ
libasda olan qar qızı Kristkind öz hədiyyələri ilə
təbrik edirlər. Vaynaxtasman tamamilə orijinal geyinir,
onun belində kəmər kimi metal zəncir var və ondan nadinc
uşaqları cəzalandırmaq üçün çubuq asılıb. Sözəbaxan
uşaqlar üçün Şaxta babanın hədiyyə dolu torbası var.
Qar qızının əlində hökmən müxtəlif şirniyyatlar, alma
və qoz olan səbət var. Əgər hər hansı nadinc uşaq mahnı
oxusa və ya şeir söyləsə, Kristkind ona alman Şaxta
babasının hədiyyəsini təqdim edəcək. Almaniyada yeni il
süfrəsinə balıq (karp və ya siyənək) yeməyi vermək
qəbul olunub, hesab olunur ki, onların xalları pul
sikkəsini xatırladır. Bu isə var-dövlət və maliyyə
uğurlarını simvolizə edir. Bundan başqa, bayram
süfrəsinə hökmən tərkibində qoz, alma, üzüm və kökə olan
yemək qoyulur. Elə ki, saatın əqrəbləri gecəyarısını
vurur və bayramın bütün rituallarına əməl olunur,
almanlar bir nəfər kimi küçələrə axışaraq bayram
yürüşünə qatılırlar, şənliklər keçirirlər, nəhəng
atəşfəşanlıq edir və şampan içirlər. Berlində Yeni il
bəlkə də təkcə Almaniyada deyil, bütün Avropada öz
miqyasına görə ən möhtəşəm hesab olunur. Gecəyarısından
başlayan şənliklər səhərə qədər davam edir. Bayram
nəhəng atəşfəşanlıq, tanınmış müğənnilərin ifaları,
ümumi sevinc və nəşə içində davam edir.
Keşişlə qarşılaşmaq pis əlamət hesab olunur
Yeni il axşamı İsveçrədə insanlar bir-birinə şam
hədiyyə edirlər ki, bu da dostluğun və sevincin
rəmzidir. Bayram axşamı isə ailə başçısı - ata zibil
atmaq bəhanəsi ilə evdən çıxır və Yul Tomten (Şaxta
baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.
Niderland və Belçikada ənənəvi olaraq yeni
il gecəsini falaçma gecəsi kimi qeyd edirlər. Yeni ilin
ilk günündə Benilüks ölkələrinin sakinləri ev
heyvanlarını müşahidə edirlər. Onların davranışına görə
qarşıdan gələn ili proqnozlaşdırmaq olar. Bu gün uşaqlar
valideynlərini təbrik etməlidirlər. Onlar bu məqsədlə
əvvəlcədən nitq hazırlayır və onu rəngarəng lentlərlə
bəzədilmiş xususi rəngli kağıza yazırlar. Yeni il axşamı
onların evlərinə mərhəmətli mələk daxil olur. O, hər bir
evə gəlir və uşaqların yastığı altına sovqat qoyur.
İtaliyada yeni ili qarşılamağın çox fərqli ənənəsi
mövcuddur. İtalyanlar gecəyarısı evin pəncərəsindən
mebel nümunələri və bəzən də hətta irihəcmli mebel
hissələrini küçələrə atırlar. Yeni ilin ilk günündə
italyanlar evə bulaq suyu gətirir, ona zeytun budağı
qoyurlar. Bu suyu qonşulara və dostlara hədiyyə etmək
qəbul olunub. Əgər dan üzü açılana qədər evə yeni
zeytunlu su gətirilərsə, o, növbəti ildə ev sahibinə
xoşbəxtlik gətirəcək. Yeni ilin ilk gününü küçədə
keşişlə qarşılaşmaq pis əlamət hesab olunur. Uşaq və ya
xoşagəlimli yaşlı insanla qarşılaşmağa italyanlar
sevinirlər, çünki bu onlara uğur gətirir. Rumıniyada
ərsiz qadın adətən quyuya yaxınlaşır, şam yandırır və
aşağı baxır. Şam işığının dərin su səthində buraxdığı
təsvir onun gələcək ərinin simasını göstərir. Əgər
kimsə gecəyarısı tək gəzməkdən qorxmursa, reyhan
budağını götürür və onu yastığının altına qoyur. Yuxu
onun gələcək nişanlısını göstərəcək. Yunanıstanda
Yeni il axşamı xüsusi mərhəməti ilə seçilir. Uşaqlar öz
ayaqqabılarını buxarının yanında qoyurlar və ümid
edirlər ki, müqəddəs ruh onların ayaqqabılarını
hədiyyələrlə dolduracaq. İspaniyada yeni il
axşamı üzüm yemək qəbul olunub. Saatın əqrəbləri 12-yə
yaxınlaşana qədər qarşıdan gələn ilin hər bir ayı üçün
12 üzüm meyvəsi yemək lazımdır. İspanlar yeni il gecəsi
milli geyimlərdə küçə və meydanlarda mahnı oxuyur və
rəqs edirlər. Meydanlarda isə jonqlyorlar çıxış edirlər.
Gənclər od üzərindən atlanmaqla öz igidlik və
bacarıqları üzrə yarışırlar. Finlər ötən ilin
bütün ağrılarından xilas olmaq, xoşagəlməz halları
özlərindən atmaq üçün hökmən hamama getməlidirlər. Masa
arxasında ən azı 9 dəfə otururlar. Ən çox ev sahibi
yeməlidir, onun boşqabı hər zaman dolu olmalıdır.
Şotlandiyada yeni ili xüsusi məşəllərlə qarşılayırlar.
Qətranlı çəllək yandırılır və küçədə diyirləndirilir.
Bununla da şotlandlar köhnə ili "yandırır" və yeni ilin
yoluna işıq salırlar. Yeni ilin ilk günü evə kim birinci
gələcək, ev sahibinin rifahı ondan asılıdır. Hesab
olunur ki, Yeni ilin gəlişindən sonra evə gələn ilk adam
xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə
ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik
əlamətidi. İrlandiyada yeni il ərəfəsində bütün
evlərin qapıları taybatay açılır. İstənilən şəxs
arzuladığı evə daxil ola və ən arzuolunan qonaq ola
bilər. Onu süfrə arxasında ən hörmətli yerdə
oturdacaqlar. "Bütün dünyada və bu evdə sülh olsun"
sözləri ilə onu şəraba qonaq edəcəklər. Gecə 12-nin
yarısında irlandlar mərkəzi meydana çıxır, mahnı
oxuyur, rəqs edir və şənlənirlər.
Yaponlar yeni ili gülməklə qarşılayır
Yaponiyada
Yeni il ən populyar bayramlardan hesab olunur.
Yaponiyada Yeni il ərəfəsi "qızıl həyat" adlanır. Bu
dövrdə bir çox idarələr, firmalar, hökumət təşkilatları,
iri univermaqlar bağlanır. Hətta banklar belə, dekabrın
31-də gündüz 12-yə qədər işləyir və 3 gün dincəlirlər.
Yaponiyalı uşaqlar yeni ili yeni libasda qarşılayır,
hesab edirlər ki, bu, onlara uğur və sağlamlıq
gətirəcək. Yeni il axşamı uşaqlar yasdıqları altına öz
arzularının təsviri olan şəkil qoyurlar, onda arzuya
çatmaq olar. Rəngarəng bayram mərasimlərində şam ağacı
üstünlük təşkil edir, hesab olunur ki, şam uzunömürlük
və dözümlülük rəmzidir. Yeni ilin ilk günü səhər tezdən
yaponlar günəşin çıxmasına tamaşa edirlər, onlar ilk
günəş şüalarının saçması münasibətilə bir-birlərini
təbrik edir və hədiyyələr təqdim edirlər. Evlərin
fasadından küləş otu sərirlər ki, bu da onların inancına
görə evi şər qüvvələrdən qoruyur. Yaponlar üçün ən
başlıca faktor yeni ilin ilk saniyəsində gülməkdir, onda
xoşbəxtlik bütün il boyu onları müşayiət edəcək. Yeni il
"Şoqatsu" adlanır və yanvarın 1-dən 3-ə qədər qeyd
olunur. Yeni ilin ilk günü səhər erkən yaponların çoxu
özlərinə və qohumlarına dualar etmək üçün "Sinto"
adlanan müqəddəs yerlərə və buddist məbədlərinə baş
çəkirlər. Sonra insanlar evə qayıdır, süfrələrə müxtəlif
yeməklər, içkilər düzürlər, birlikdə yeyib-içərək
bayramı qeyd edirlər. Yeni ildə yeyilən ənənəvi
yeməklərdən biri düyü piroqudur. Bu yeməyin özəl
xüsusiyyəti ondan ibarətdir ki, o, uzunömürlülüyün
simvolu hesab olunur. Yaponiyada bayram günü budda
məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm
təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir
zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı
ehtirasdan birini qovur. Bununla da yaponlar Yeni ili
təmiz ruhla qarşılayırlar.
Gənclərin bayramı
Qədim Çində Yeni il kasıbların yeganə bayramı
hesab olunub. İstənilən şəxs istədiyi evin qapısını
açar və istədiyi neməti götürə bilərdi. Müasir Çində
isə yeni il fənərlər bayramıdır. Bu bayram ay təqvimi
üzrə yeni ilin ilk 15-ci günü qeyd olunur. Yeni il
gecəsi küçə və meydanlarda çoxsaylı kiçik fənərlər
yandırılır, insanlar inanırlar ki, bu qığılcımlar
onlardan qara qüvvələri qova bilər. Yeni il isə
yanvar-fevral aylarında qədəm qoyur. Ona görə də o qışın
bitməsi və yazın gəlişi ilə assosiasiya təşkil edir.
Çinin bir çox sakinləri fənər işığı ilə soyuq və pis
havanı yola salmaqla təbiətin oyanmasını qarşılayırlar.
Fənərlərə müxtəlif forma verilər. Onları müxtəlif
rəngarəng şəkillərlə bəzəyirlər. Çinlilər küçələrdə 12
heyvan şəklində fənər qoymağı sevirlər. Vyetnamda
Yeni il ay-günəş təqvimi ilə "tet" adlanır. Bu ailə
bayramı hesab olunur. Həmin gün bütün mübahisələr yaddan
çıxır. Günahlar bağışlanır. Vyetnamlılar öz evlərini
minatür mandarin ağacları ilə bəzəyirlər. Hər bir evdə
dədə-babaların səcdəgah yeri var. Onların şərəfinə
ehtiram göstərmək yeni ilin mühüm tərkib hissəsidir.
Vyetnamda yeni il yanvarın 1-də qeyd olunur. O,
"gənclərin bayramı" adlanır. Monqolustanda rəsmi
olaraq yeni il yanvarın 1-i hesab olunur. Bayram günü
mübahisə aparmaq, küsüşmək, dalaşmaq olmaz, bunlar böyuk
günah hesab olunur.
Myanmada
yeni il ilin ən qızmar dövründə qədəm qoyur, buna görə
də yeni ilin gəlişi "su festivalı" ilə qeyd olunur.
Həmin gün insanlar rastlaşdıqda bir-birinin üzərinə su
səpirlər. Su ilə islatma ənənəsi yeni ildə özünəməxsus
şəkildə xoşbəxtliyə nail olmaq arzusudur.
Kubada
Yeni il ərəfəsində evdəki bütün qablar su ilə
doldurulur, gecəyarısı isə qablardakı su pəncərədən
bayıra atılır. Bununla da adanın bütün sakinləri yeni
ilə su kimi aydın və işıqlı yol arzulayırlar. Saatın
əqrəbləri 12 dəfə vurana qədər 12 üzüm giləsi udmaq
lazımdır. O zaman mərhəmət, barışıq və sülh,
əmin-amanlıq səni bütün 12 ay ərzində müşayiət edəcək.
Şaxta baba üzgüçülük libasında
Argentinada
uzun tarixi olan ənənəyə görə, müəssisələrin
qulluqçuları keçən ilin sonuncu iş günündə köhnə
təqvimləri, lazımsız kağızları, blankları pəncərədən
atırlar. Paytaxt Buenos-Ayresdə artıq günorta vaxtı
bütün küçələr qalın kağız təbəqəsi ilə örtülür. Heç kim
bilmir ki, bu adət nə vaxt yaranıb. Lakin xoşagəlməz
hallar da baş verir. Bir dəfə yerli qəzetlərdən birinin
əməkdaşları bütün arxiv materiallarını pəncərədən çölə
atıblar.
Avstraliyada
yeni ilin qarşılanması tam ekzotik xarakter daşıyır.
Qar, yolka, maral və bayramın digər atributları
olmadığından Şaxta baba üzgüçülük libasında, xüsusi
bəzədilmiş halda gəlir. Onun əynində hökmən ağ saqqalı
və qırmızı papaq olmalıdır. Yeni il axşamı hamı
dəstə-dəstə açıq səma altında atəşfəşanlığa baxır.
Bir-birini təbrik edirlər. Avstraliyada yeni ili
qarşılamağın xarakterik cəhəti ondadır ki, yeni ilin ilk
dəqiqələrindən insanlar yatmağa gedir. Bazar və
bayramlara baxmayaraq avstraliyalılar səhər saat 4-5-də
oyanır və axşam saat 10-dan gec olmayaraq yatırlar.
Buna görə də yeni il gecəyarısı da istisnalıq təşkil
etmir. 00:10-da avstraliyalılar artıq yataqdadırlar.
İndoneziyada
yeni il özünəməxsusluğu ilə seçilir. Burada yeni il
şənlikləri 10 gün davam edir. Bu günlər ərzində
rənglənmiş düyüdən 2 metr hündürlüyündə sütun
düzəldilir. Onlar allahlar üçün nəzərdə tutulub. Bayram
başa çatdıqdan sonra düyü evlərə dağıdılır.
Hindistanda yeni ilin qarşılanması çox gözəl
mərasimlərlə yadda qalır. Ölkənin şimalında insanlar
özlərini ağ, cəhrayı, qırmızı və bənovşəyi çiçəklərlə
bəzəyirlər. Mərkəzi Hindistanda evlər narıncı
bayraqlarla bəzədilir. Qərbdə isə evlərin damında kiçik
işıqlar yandırılır. Hindistanda hədiyyələrin xüsusi
təqdimolunma mərasimi var. Uşaqlar üçün hədiyyələr
xüsusi nimçədə saxlanılır. Səhər tezdən uşaqların
gözləri bağlanır və onları həmin nimçəyə tərəf
aparırlar.
Fransızlar yeni il gecəsi yeyib-içməyə daha çox üstünlük
verirlər
Fransada
sevgi ilə dolu olan fransızlar yeni il gecəsi yeməyə və
içməyə daha çox üstünlük verirlər. Şərab istehsalçıları
ilin bayram tostunu çaxır çəlləyinin şərəfinə
qaldırırlar ki, yeni ildə bol məhsul olsun. Gecə yarısı
fransızlar şotlandlar kimi qətranlı çəlləyə od vuraraq
onu küçədə diyirlədirlər. Beləliklə də onlar köhnə ili
yandırır və yeni ilin yolunu işıqlandırırlar. Bir çox
Fransa əyalətlərində köhnə bir qədim ənənəyə əməl
olunmaqdadır. Yeni ildə ilk dəfə su dalınca bulağa gedən
ev sahibəsi ora qoğal və ya bulka qoyur. Bu bayram
payını ertəsi gün, o biri sahibə gütürür, əvəzində özü
gətirdiyini bulaq başında qoyur. Qadınlar axşama qədər
bir-birlərini bu cür qonaq edirlər. Fransada Şaxta baba
Per Noel, yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir
və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur.
Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər.
Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti
təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı
tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli
olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz.
Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə
hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab
olunmur.
Yeni ildə yeni adlar
Mikroneziyada
yerli adanın sakinləri hər il yeni ilqabağı öz adlarını
dəyişir. Onlar bunu özlərindən şər qüvvələri qovmaq
məqsədilə edirlər. Bu belə baş verir:yanvarın 1-də
yuxudan oyanan ailə üzvləri ağızlarını əlləri ilə
tutaraq bir-birlərinə özlərinin yeni adlarını
söyləyirlər. Bu zaman qohumlardan biri səs-küy salmaqla
çalışır ki, şər qüvvələr onlara qulaq asa bilməsinlər.
Əgər 2 həmqəbilə üzvü yolda hardasa rastlaşırsa, bu
zaman yerdə oturmaqla, əllərini torpağa basmaqla
bir-birinin qulağına özlərinin yeni adlarını
söyləyirlər. Hər kəs adını özü seçir.
Yer üzündə ilk olaraq Yeni ili Fici arxipelaqının
160 adasının sakinləri qarşılayır. Heç yerdə
İndoneziyanın Bali adasında olduğu qədər yeni il
tez- tez qeyd olunmur. Məsələ ondadır ki, Balidə il 210
gün davam edir. Balililərin başlıca atributu müxtəlif
rəngli düyüdür. Ondan 2 metr uzunluğunda lent kəsirlər.
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni
ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik
arzusuyla gözləyir və bayramı öz adət-ənənəsinə uyğun
qarşılayır. Azərbaycanda isə dekabrın 31-i ikiqat
bayramdır. Dünya Azərbaycanlılarının Həmrəylik günü və
Yeni il bayramıdır.
Hazırladı: Oruc MUSTAFAYEV |