İndiki
həyat tərzimizdə, cəmiyyətdə inteqrasiyaya can atmağa
çalışan gənc nəsli fiziki cəhətdən yetkin, sağlam,
şəxsiyyətcə bütöv, ideyaca humanist yetişdirmək dövr və
zamanımızın ən aktual vəzifələrindən biridir.
Dil-ədəbiyyat müəllimi kimi mən də üzərimə düşən
vəzifənin mahiyyətini dərindən dərk edir və başa düşürəm
ki, bizim bütün demokratik təşəbbüslərimizi hümanizmlə,
xeyirxahlıqla, insan xoşbəxtliyi ilə ölçmək lazımdır.
Elə bunun üçün də dərs dediyim bütün siniflərdə
keçəcəyim hər bir mövzuya yaradıcı yanaşır, öz işimi
humanist əsaslar üzərində qurur, hər bir mövzunu
həyatla - keçmişimiz, bu günümüz və gələcəyimizlə
əlaqələndirir, ayrı-ayrı mövzuların tədrisi zamanı
mühakimə xarakterli inşalar yazmaq, rəy inşaları,
layihələr hazırlamaq və s. kimi üsullarla şagirdlərə
humanist xüsusiyyətlər aşılamağa, onların gələcəkdə
kamil, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi
formalaşmalarına səy göstərirəm.
Bu baxımdan XIX əsr Azərbaycan poeziyasının ən qüdrətli
nümayəndələrindən olan Q.Zakirin yaradıcılığına nəzər
salsaq "Sədaqətli dostlar" təmsili, S.S.Axundovun
"Qaraca qız" əsərinin tədrisi zamanı Qaraca qız
surətinin təhlili, N.Gəncəvinin yaradıcılığının
tədrisində "Xeyir və Şər", "Sultan Səncər və Qarı"
hekayələri, "Leyli və Məcnun" əsərindən "Oğlum Məhəmmədə
nəsihəti", M.İbrahimovun "Azad" hekayəsinin tədrisi
zamanı Azad surətinin təhlili, geniş səciyyəsi,
S.Rüstəmin yaradıcılığının tədrisində sinifdənxaric oxu
kimi "Ana və poçtalyon" əsərində ana surətinin
xarakterik xüsusiyyətlərinin təhlili, "Oğluma nəsihət"
şeirinin tədrisi və təhlili, Ə.Haqverdiyevin "Mirzə
Səfər" hekayəsinin tədrisində Mirzə Səfər və Usta Zeynal
dostluğunun xoş nəticəsi, əsərin əsas ideyası,
S.Rəhimovun yaradıcılığından söz açarkən "Mehman"
surətinin təhlili, M.C.Paşayevin "Bir gəncin manifesti"
əsərindən "İtə ataram, yada satmaram" parçasının
təhlili və s. şagirdlərə doğruçuluq, düzlük, dostluq,
yoldaşlıq, sadəlik, xeyirxahlıq, vətənpərvərlik,
əməksevərlik, Vətənə məhəbbət, qanunlarımıza hörmət,
təvazökarlıq, ədalətli, mənəviyyatlı, şəxsiyyətli və s.
olmaq kimi əsl insani keyfiyyətlər aşılayır, onların
yaşadıqları sivil ölkə və cəmiyyətdə humanist şəxsiyyət
kimi formalaşmalarında mühüm rol oynayır.
Vaxtilə böyük pedaqoq Makarenko deyirdi: "Bizim
uşaqlarımız bizim qocalığımızdır. Düzgün tərbiyə bizim
xoşbəxt qocalığımızdır, pis tərbiyə bizim gələcək
dərdimiz, göz yaşlarımız, dövlət qarşısında
təqsirimizdir".
VII sinifdə böyük yazıçı M.İbrahimovun "Azad" hekayəsini
tədris edərkən hekayənin qəhrəmanı, azadlıq uğrunda
mübarizənin fəal iştirakçısı demokrat Azad surətini
geniş səciyyələndirir, onun xeyirxahlığı, nəcib
hərəkətləri, dar gündə dostu Fərdaya, onun ailəsinə
köməyi haqqında şagirdlərdə hərtərəfli rəy yaradır və
şagirdlərin bu surət haqqında müstəqil fikir
yürütmələrinə, Azadı xeyirxah, dostluqda möhkəm,
iradəli, vətənini öz canından artıq sevən vətənpərvər
kimi tanımalarına və sevmələrinə nail oluram. Şagirdlər
bu qəbildən olan surətləri müasir dövrümüzün xeyirxah,
vətənpərvər övladları - Ramin Səfərov, Mübariz
İbrahimov, Fərid Məmmədov və b. bu kimi gənclərlə
müqayisə etməyi bacarır və sərbəst "Kimlərə əsl
vətənpərvər demək olar?", "Vətən qarşısında borcumu nədə
görürəm", "Tarixdə iz qoyanlar kimlərdir" və s.
mövzularda ev inşaları və rəy layihələri hazırlamağı
bacarırlar.
VIII sinifdə Ə.Haqverdiyevin "Mirzə Səfər" hekayəsinin
tədrisi zamanı şagirdlər aşağı siniflərdə keçdikləri
əsərlərin ("Sədaqətli dostlar", "Qaraca qız", "Xeyir və
Şər", "Azad" və s.) adını çəkirlər. Onlar aşağı
siniflərdən, eləcə də müstəqil öyrəndikləri atalar
sözlərini ("Dost dar gündə tanınar", "Yaxşı dostu yaman
gündə sına", "Dost qədrini dost bilər") xatırlayır,
"Koroğlu"dan keçdikləri qollar əsasında dəlilərin
arasında mehriban dostluq əlaqələrinin olmasından
danışırlar və ya VI sinifdə öyrəndikləri "Qaraca qız"
əsərini çox yaxşı xatırlayır, yada salır və Qaraca qız
surətini öz qəlblərindən axıb gələn sadə, lakin məntiqli
fikirlərlə səciyyələndirir, uşaq humanizmini açırlar.
Məsələn, söyləyirlər ki, biz bu əsəri keçərkən Qaraca
qız nəzərimizdə xilqətən xeyirxah, əməksevər, səmimi,
kinli olmayan, insanları səhvlərinə görə bağışlamağı
bacaran, dostluqda möhkəm, qayğıkeş, cəfakeş, canıyanan
və s. kimi ən yaxşı insani keyfiyyətləri özündə əks
etdirən bir surət kimi qaldı, onu belə tanıdıq və
sevdik.
Bundan sonra mən şagirdlərin oxuduqları bədii əsərlərdə,
baxdıqları filmlərdə, qohum-qonşu, ailə və ictimai
yerlərdə az rast gəlmədikləri "şərəf", "ləyaqət",
"şərəfli insan" ifadələrini necə başa düşmələri haqqında
fikirlərini öyrənir və təxmini aşağıdakı cavabı aldıqdan
sonra "Mirzə Səfər" hekayəsi üzərində işə başlayıram.
Ləyaqətli insan danışığına, davranışına, əməllərinə
nəzarət etməyi və obyektiv qiymət verməyi bacarır. O,
yersiz, şit danışıqlardan, yüngül hərəkətlərdən uzaq
olur. Belə adamlar təmənna güdmədən yaxşılıq etməyi
bacarır, xeyirxah olmaları ilə seçilirlər. Şəxsi mənafe,
şöhrət, mənsəb və s. üçün yaltaqlanmaq, başqalarının
qarşısında alçalmaq belə adamlara yaddır. Öz zəhmətləri,
halal qazancları ilə dolanmağı üstün tuturlar.
Ləyaqətli adamlar həmişə haqqın, ədalətin mühafizəçisi
olurlar, xeyirxah, yaxşı işlər görməyə çalışırlar. Axı,
müdriklərimizin ən qiymətli kəlamları da bizi bu ruhda
tərbiyə edir: Yaxşı iş görüb əziyyət çəksək əziyyət
gedəcək, yaxşılıq qalacaq, pis iş görüb ləzzət çəksək
ləzzət gedəcək pislik qalacaq. Pislik, bəd əməllər, şər
qüvvələr isə həmişə lənətlənib və heç kəsə şərəf,
ləyaqət, ucalıq və xoş heç nə gətirməyib.
Bax, bütün bu cür fərdi və frontal sorğu və
müsahibələrdən sonra "Mirzə Səfər" hekayəsinin məzmunu
və təhlili üzərində iş çox səmərəli nəticə verir və
demək olar ki, sinif çox fəal olur və şagirdlər sərbəst
və müstəqil şəkildə (istər qrup, istərsə də fərdi) Mirzə
Səfərlə usta Zeynalın xarakterlərini səciyyələndirir,
onların səmimi, təmənnasız, saf niyyətlər üzərində
qurulmuş dostluqlarından mütəəssir olduqlarını bildirir
və aşağıdakı nəticəyə gəlirlər: Mirzə Səfər zalım,
qəddar, qeyri-insani xüsusiyyətlərin daşıyıcısı,
xeyirxahlıq zəminində humanist xüsusiyyətlərdən uzaq
olan Həsən ağa və onun kimi zalım adamlara qarşı tək
dayana bilməzdi. Nə yaxşı, onun Usta Zeynal kimi dostu
var. Biz istərdik ki, yaxşı adamlar heç vaxt yaxşı,
xeyirxah işlərindən əl çəkməsinlər, birləşsinlər və
pislərə qarşı mübarizə aparsınlar və dostluqda möhkəm
olsunlar. Şair çox gözəl deyib:
Qeyd: şagird inşasından nümunələrdir.
Qızıl demə parıldayan hər daşa,
Milyard tanış dönməz dosta qardaşa.
Otağında dövlət daşa, var daşa
Dostun yoxsa kasıblardan-kasıbsan.
və s. kimi nümunələr gətirməklə müstəqil fikir
yürüdürlər.
Bütün bunlarla yanaşı, gələcəyə humanist ideyalı
şəxsiyyət tərbiyəsini düzgün istiqamətləndirmək üçün
bədii əsərlərdən qiymətli nümunələri və müdrik fikirləri
sitat şəklində yazdırıb ədəbiyyat kabinetində nümayiş
etdirirəm.
Firəngiz ABDULLAYEVA,
Ağdam şəhərindəki 32 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi |