Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

İxtisasartırma təhsili zamanın tələbidir

 

Ümummilli liderimiz Heydər Əliyev təhsil sisteminin bütün sahələrində olduğu kimi, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi prosesinin yeniləşdirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Məhz bu nöqteyi-nəzərdən ixtisasartırma təhsili və təkmilləşmə prosesinin tamamilə yenidən qurulmasının qarşısında əsasən bir vəzifə durur: təlim-tərbiyənin keyfiyyətini müasir tələblər səviyyəsinə çatdırmaq. Bu məqsədə nail olmaq üçün fasiləsiz təhsili elə təşkil etmək lazımdır ki, o, müasir tələblərə, dünya səviyyəsindəki elmi və mənəvi biliklərə cavab verə və ən inkişaf etmiş ölkələrin təhsil sistemi ilə ayaqlaşa bilsin.`

Pedaqoji kadrların ixtisasartırma təhsili və təkmilləşdirilməsi ilə məşğul olan təhsil müəssisələri arxaik metodlara son qoyulması üçün təhsil islahatında diplomdansonrakı təhsilin həyata keçrilməsi sahəsində nəzərdə tutulan tədbirləri təxirə salmadan həyata keçirməlidirlər. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında əsas fəaliyyət sahəsi kimi dislokasiyaya daxil olan Şamaxı, Qobustan, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ümumtəhsil məktəb müəllimlərinin ixtisasartırma təhsilinə yeni bir nəfəs vermək üçün müxtəlif üsullardan istifadə edilir.

Məlumdur ki, ixtisasartırma təhsili fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirməsi haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insanın potensial inkişafı, kadrların intellektual və peşə hazırlığının yüksəldilməsi, təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. Bu prinsipləri əldə rəhbər tutan Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının professor-müəllim heyəti 2012-2013-cü tədris ilində ixtisasartırma təhsilini müasir tələblər səviyyəsində qurmağa çalışır. İxtisasartırma təhsilinin məzmunu, tədris-tematik plan və proqramları daim yeniləşdirilir, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir. Məşğələlər Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının 11 sentyabr 2012-ci il tarixində təsdiq etdiyi "Pedaqoji kadrların ixtisasartırma təhsili üçün tədris-tematik planlar"a uyğun keçirilir.

Filialda işin düzgün qurulması nəticəsində dislokasiyaya daxil olan rayonların təhsil şöbələrinin müdirləri, kabinet direktorları və dayaq məntəqə rəhbərləri ilə mütəmadi görüşlər keçirilir, ixtisasartırma təhsilinə cəlb edilən pedaqoji işçilərin arzu, maraq, təklif, sifariş və ehtiyacları nəzərə alınır. Dislokasiyaya daxil olan rayonların təhsil şöbələri ilə bağlanmış müqaviləyə əsasən oktyabr ayında "Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri" ixtisası üzrə 22 nəfər, "Riyaziyyat-informatika müəllimləri" ixtisası üzrə 6 nəfər, noyabr ayında "İbtidai sinif müəllimləri" ixtisası üzrə 17 nəfər, "Azərbaycan dili və ədəbiyyat müəllimləri" ixtisası üzrə 17 nəfər ixtisasartırma təhsili kurslarında olmuş və onlara təhsili uğurla başa vurmaları barədə sertifikat verilmişdir. Dinləyicilərin məşğələlərə davamiyyəti də diqqət mərkəzindədir. Belə ki, oktyabr ayında 13 nəfər, noyabr ayında 8 nəfər müəllim üzürsüz səbəbdən məşğələlərdə iştirak etmədiyindən filialın direktoru T.Yusifovanın əmri ilə dinləyicilər sırasından xaric edilmişdir.

Bildiyimiz kimi, ixtisasartırma təhsilində dayaq məntəqələri mexanizminin tətbiqi fasiləsiz pedaqoji təhsilin əsas istiqamətlərindən biridir. Belə ki, dayaq məntəqələri müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşməsi ilə məşğul olur. Onun ümdə vəzifəsi bölgə üzrə hər bir müəllimin fasiləsiz təkmilləşməsini təşkil etmək, şəxsi təhsillə daim məşğul olmalarına əməli kömək göstərməkdir.

Bu məqsədlə biz dayaq məntəqələrində müəllimlərin təkmilləşməsini məzmunlu təşkil edir, məntəqələri əhatə edən fənn müəllimlərinin tərkibini, potensial qüvvəsini öyrənir, təkmilləşmə prosesləri ilə bağlı vəzifələri həyata keçiririk. Müəyyən səbəbdən AMİ-nin Şamaxı filialına ixtisasartırma təhsili kurslarına göndərilməsi mümkün olmayan pedaqoji işçilərin  arzusu ilə "Sifariş-təklif " prinsipinə əsaslanan ixtisasartırma təhsili kursları dayaq məntəqələrinin nəzdində təşkil edilir. Təcrübə göstərir ki, dayaq məntəqələrində müəllimlər birlikdə olanda kadr hazırlığı, ixtisasartırma və təkmilləşmə təhsilində tətbiq olunan plan-proqramlara, yeni dərslik və dərs vəsaitlərinə aid fikir mübadiləsi aparır və nəticələrə aid təklifləri irəli sürürlər. Buna misal olaraq 3-8 dekabr 2012-ci il tarixdə Şamaxı rayonunun Çuxuryurd kənd tam orta məktəb dayaq məntəqəsində ibtidai sinif müəllimləri üçün "Ümumtəhsil məktəblərində qiymətləndirmə və onun növləri" mövzusunda keçirilən ixtisasartırma təhsili kursunu göstərmək olar. Kursa Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngəxaran kənd tam orta məktəblərinin ibtidai sinif müəllimləri cəlb edilmişdir. Dinləyicilərin fəallığı ilə keçən kursda məşğələ aparan Qasımov Rahib Muxtar oğlunun, Əkbərov Əlistan Hacıbala oğlunun və Nərimanov Rasim Əlisa oğlunun müsbət işinin nəticəsində məşğələlər zamanı pedaqoji, psixoloji, metodiki yeniliklər, proqram və dərsliklərdə olan dəyişikliklər, təlim texnologiyaları və s. haqqında məlumat əldə etməklə dinləyicilərlə təcrübə mübadiləsi, yeniliklərdən tədris prosesində istifadə etmək qaydalarına aid məsləhətləşmələr aparılmışdır.

Dinləyicilərin xüsusi marağına səbəb olan tədbirlərdən biri də  filialın direktoru T.Yusifova ilə görüş oldu. T.Yusifova öz çıxışında xarici dil dərslərində şagirdlərə hərfi yox, həm də poetik tərcüməni öyrətmək, onların fənnə marağını artırmaq yollarından danışdı. Tədris zamanı milli dəyərlərin öyrənilməsini diqqət mərkəzində saxlamaq, onların milli mədəniyyətə yiyələnmək, soykökümüzə bağlılıq ruhunda tərbiyə etməyi ön plana çəkdi. Görüşdə dinləyicilərlə T.Yusifova arasında maraqlı diskussiya yarandı və sonda dinləyicilər ixtisasartırma təhsilinə yüksək dəyər verildiyinə və şəxsən özü müdavimlərlə görüşdüyünə görə ona minnətdarlıqlarını bildirdilər.

Dekabr ayında da dislokasiyaya daxil olan rayonların təhsil şöbələri ilə bağlanmış müqaviləyə əsasən "Kimya-biologiya müəllimləri" ixtisası üzrə 13 nəfər, "Tarix-coğrafiya müəllimləri" ixtisası üzrə 13 nəfər dinləyici ixtisasartırma təhsilinə cəlb edilmişdir. Bu dəfə də öz ənənəmizə sadiq qalaraq məşğələlərarası vaxtlarda təhsilə aid olan yenilikləri mətbuat və İnternet vasitəsilə öyrənməklə müəllimlərə çatdırmağa çalışdıq.

Məlum olduğu kimi, ixtisasartırma təhsili almış pedaqoji kadrlar öz iş yerlərinə qayıtdıqdan sonra onların təhsildən sonrakı fəaliyyət dövrü başlanır. Bu dövrdə pedaqoji kadrlar tədris etdikləri fənnə uyğun olan yenilikləri həm təhsil alanlara, həm də gənc müəllimlərə aşılayır və bütün işlərini ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Təbiidir ki, müəllim 5-10-20 il bundan öncəki səviyyəsi ilə bizim bugünkü yüksək təhsilimizi təmin edə bilməz. Gərək müəllim öz üzərində daim işləsin, dünyanın texniki, elmi-tərəqqi nailiyyətlərindən xəbərdar olsun və onları uşaqlara, gənclərə lazımınca çatdırsın"  prinsipi əsasında qurmağa çalışırlar. 

Fəxrəddin MƏMMƏDOV,
AMİ-nin  Şamaxı filialının əlavə təhsil üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov