Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Azərbaycanın işıqlı məkanlarından biri - 130 yaşlı Qubadlı məktəbi

 

XIX əsrin axırlarında çar hakimiyyəti birdən-birə hiss etdi ki, milli ucqarlarda rusca yazı-pozu bacaran, rus dilini bilən və yerli əhali arasından seçilmiş məmurlar olmadığından hakimiyyəti idarə etmək çətinləşir.

Digər tərəfdən, əsrlərlə İranın ilhaqı altında yaşamış xalqda bu ölkənin təsirini azaltmağın və müsəlman əhalinin Rusiyaya meylliyini artırmağın yeganə yolu həm onun öz dilində məktəblərin açılması, həm də həmin millətin öz milli teatrının, mətbuatının fəaliyyət göstərməsidir. Ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblərin açılmasına şərait yaradıldı. Azərbaycanda dövlət hesabına bir neçə kənd məktəbi açmağa qərar verildi. Həmin qərar "Zaqafqaziyada tədris hissəsinin təşkili haqqında" hökumətin 1873-cü il 22 noyabr tarixli qanunu ilə həyata keçirilirdi. Dövrün qabaqcıl adamları bundan bəhrələnib bir neçə məktəb açdılar. 1876-cı ildə Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının Cəbrayıl kəndində də belə bir məktəb fəaliyyət göstərməyə başladı. 1878-ci ilin sentyabr ayında Yelizavetpol quberniyası Zəngəzur qəzasının mərkəzi olan Gorus şəhərində daha bir yeni tipli məktəb açıldı. Zəngəzur qəzasında yaşayan azərbaycanlılar belə bir vəziyyətdən yararlanıb təhsil almaq istəsələr də, ermənilər buna nəinki şərait yaratmır, hətta müxtəlif bəhanələrlə onların həmin məktəblərə daxil olmalarına imkan vermirdilər. Həmin vaxt qəzanın hazırkı Qubadlı, Laçın, Zəngilan rayonları yerləşən ərazilərində rus dilində yazıb-oxumağı bacaranları barmaqla saymaq olardı. Yerli sakinlər öz şikayətlərini rus məmurlarına çatdırmaq və onlardan aldıqları cavabı oxutdurub başa düşmək üçün on kilometrlərlə məsafəni piyada qət etməli olurdular. Bu isə çətinliklər yaradır və narazılığa səbəb olurdu. Belə bir vəziyyət Zəngəzur qazısı Qazı Həsəni və regionun ən hörmətli bəylərindən olan İldırım bəyi narahat etməyə bilməzdi. İldırım bəy Qızıldaş torpaqlarına erməni iddialarını rədd etdirmək üçün çaldığı qələbədən bir az da ruhlanmışdı.

1882-ci ilin mayında Qubadlı kəndində məktəb açdırmaq üçün İldırım bəylə Qazı Həsən Yelizavetpol quberniyasının mərkəzi Yelizavetpol (Gəncə) şəhərinə yola düşürlər. Sənədləri qubernatora çatdırırlar və qubernator onlara söz verir ki, məktəb məsələsi mütləq həll olunacaq, ona görə də bina və müəllim problemini sentyabra qədər həll etsinlər. İldırım bəylə Qazı Həsən Qubadlı kəndinə qayıdan kimi yerli sakinlərdən ikisinin evini bina üçün hazırladırlar və İrəvan quberniyasındakı gimnaziyanın məzunlarından müəllim dəvət etmək üçün oraya nümayəndələr göndərirlər.

Beləliklə, 1882-ci ilin sentyabrın 1-də Yelizavetpol quberniyası Zəngəzur qəzasının Qubadlı kəndində 43 şagirdlə - bu o zaman üçün böyük rəqəm idi, ilk 4 illik təhsil verən ikisinifli əsas məktəb açılır. Qubadlıda yeni tipli məktəbin açılması bütövlükdə Zəngəzur qəzasında yaşayan azərbaycanlıların həyatında böyük bir tarixi mərhələ kimi qiymətləndirilməli, həmin mahalda təhsilin sonrakı inkişafına məhz bu kontekstdən baxılmalıdır.

Zəngəzur qəzasında geniş yayılmış fikrə görə, Qubadlı kəndində olan varlı bəylərin əksəriyyəti maarifçiliyi, savadı norma kimi dəyərləndirmişlər. Qubadlı bölgəsində ən imkanlı bəy İldırım bəy Sultanov olub. Bundan başqa, yerli bəylərdən Teymur bəy, Həşim bəy də məktəbin fəaliyyəti üçün xeyli köməklik etmişlər.

Çox maarifpərvər bir insan olan və Qubadlıda təhsilin inkişafı üçün bacardığını əsirgəməyən, xeyli müddət Qubadlı məktəbinin direktoru işləmiş Həsən bəy Sultanov 1885-ci ildə Qubadlı kəndində Teymur bəyin ailəsində doğulmuşdu. O, kənddə ibtidai təhsili başa vurub, növbəti realnı məktəbi Şuşada bitirir. Sonra Tiflisdəki Qori Müəllimlər Seminariyasında Üzeyir Hacıbəyli və Terequlovla birlikdə oxuyub. Qubadlı məktəbi iki sinifli, dörd illik olduğu üçün 1-ci və 3-cü sinif şagirdlərini bir sinif otağına, 2-ci və 4-cü sinif şagirdlərini isə başqa bir sinif otağına yığıb bir yerdə dərs keçərmişlər. Belə çətinlik uzun müddət davam edib. Qubadlı məktəbi ilk dəfə Xanlar bəyin atasına məxsus evdə təşkil edilib. Sonra məktəb Həşim bəyin daha yaxşı şəraitli evinə köçürülüb.

Sonra Teymur bəyin oğlu Həsən bəy Sultanovun təşəbbüsü və yerli hökumətin köməkliyi ilə qarşı tərəfdə üçotaqlı yeni məktəb binası tikilir. Çox önəmli məqamlardan biri də budur ki, dərslərin rus və Azərbaycan dillərində keçilməsi bir çox şagirdlərə Rusiyanın və bəzən hətta Avropanın nüfuzlu təhsil ocaqlarında təhsillərini davam etdirmələri istiqamətində yaşıl işıq yandırırdı. Təkcə 1905-1917-ci illər ərzində Çingiz İldırım, onun qardaşı Cabbar bəy Sultanov, Abbas bəy Sultanov, Hüseynqulu Babayev, Həsən bəy Sultanov, İsmayıl Abışov, Qulam Sultanov  və bir çox başqaları Qubadlı məktəbini bitirəndən sonra Şuşada, Vladiqafqazda orta təhsil və nəhayət, Sankt-Peterburqda, Kiyevdə, Moskvada, Odessada, Xarkovda və başqa şəhərlərdə ali təhsil almışlar.

Qubadlı məktəbinin ilk müəllimləri İrəvan gimnaziyasının məzunları olan Həşim bəy Nərimanbəyov və Mehdi bəy Məlikaslanov  olublar. Həşim bəy həm də məktəbin ilk müdiri idi. 1883-cü ildə məktəbin rəhbərliyinə Şuşa qəzasının Hüsülü kəndindən olan Rəhim bəy Novruzov dəvət edildi. Rəhim bəy Novruzov Qubadlı məktəbinin gələcək inkişafında çox böyük rol oynamışdır. Rəhim bəy Novruzovun himayəsi ilə XX əsrin ilk illərində Qubadlı maarifinin və təhsilinin səmasında bir ulduz parlamağa başladı. Bu ulduz Qubadlı kənd sakini Həsən bəy Teymur bəy oğlu Sultanov idi. Həsən bəy Teymur bəy oğlu Sultanov 1885-ci ildə Qubadlı kəndində bəy ailəsində anadan olmuşdur.

O, İldırım bəyin qardaşı oğlu, Çingiz İldırım və Abbas Sultanovun əmisi oğlu idi. Həsən bəy Sultanov ilk təhsilini Qubadlı kənd məktəbində, sonrakı təhsil illərini isə əvvəlcə Şuşada, sonra isə məşhur Qori Seminariyasında başa vurmuşdur. O, bir sıra görkəmli şəxsiyyətlərlə, o cümlədən Üzeyir bəy Hacıbəyovla birlikdə təhsil almışdır. Dövrünün ən açıqfikirli, istedadlı və vətənpərvər ziyalılarından biri olmuşdur. Qubadlı  məktəbinin fəaliyyətindən danışarkən bir mühüm məqama da diqqət yetirmək gərəkdir. Azərbaycanda fəaliyyət göstərən digər kənd məktəblərindən fərqli olaraq Qubadlı kənd məktəbində qızlar da təhsilə cəlb olunmuşlar. Sankt-Peterburqda təhsil alan Çingiz İldırımın dəvətilə Qubadlıya gəlmiş Nadejda Moiseyevna Namazova qadınların təhsilə cəlb olunmasına böyük diqqət yetirir və bu sahədə mühüm işlər görürdü. Sonralar Odessada təhsil alan Abbas bəy Sultanovun dəvətilə Qubadlıya gəlmiş daha 2 nəfər rus qızı da ona kömək edirdilər. Onlar qadınları təhsilə həvəsləndirmək üçün onlara əvvəlcə biçmək, tikmək və toxumaq sənətini, rəssamlıq elementlərini öyrədirdilər. Sonralar Qubadlıya gəlmiş rus qızları rayonun Əliquluuşağı kənd məktəbində, daha sonra isə Gorus məktəbində işə götürüldülər. Həsən bəy məktəbinin məzunları 1920-ci illərdən sonra da əhalinin təhsil alması işinin təşkilində həlledici rol oynamışlar. Onlarla məzun müxtəlif kəndlərdə məktəblər açır, savadsız həmkəndlilərinin savadlanması üçün əllərindən gələni əsirgəmirdilər.

Həsənbəy məktəbinin varisi olan Qara İlyasov adına 1 nömrəli Qubadlı orta məktəbi də yeni sovet sosialist cəmiyyəti dövründə ənənəni uğurla davam etdirib. Azərbaycanın təhsil tarixində özünəməxsus rolu və yeri olan bu təhsil ocağında respublikamızın tanınmış şair və yazıçıları, dövlət xadimləri, milli qəhrəmanları və digər sayılıb-seçilən şəxsləri təhsil alıblar. Təhsil ocağının məzunlarından 6 nəfəri Milli Qəhrəman, 4-ü Sosialist Əməyi Qəhrəmanı, 10-u görkəmli dövlət və ictimai xadim, 21-i elmlər doktoru, 22-si elmlər namizədi, 2-si isə dünya çempionudur. Məşhur yazıçı və şairlərimizdən Süleyman Rəhimov, Əli Vəliyev, Qasım Qasımzadə, Eldar Baxış məhz bu məktəbin yetirmələridir. Məktəbin 5 müəllimi dövlət təltiflərinə layiq görülüb.

Hər zaman öz uğurları ilə  tanınan bu məktəb üçün ən ağrılı hadisə isə Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdundan - Qubadlıdan ayrı düşməsi olub. Məcburi köçkünlük taleyi yaşayan rayonun əhalisi artıq neçə illərdir ki, Sumqayıt şəhərində məskunlaşıb. Təbii ki, məktəb də məhz bu şəhərdə fəaliyyət göstərir. Bütün çətinliklərə, doğma yurd həsrətiylə yaşamaqlarına baxmayaraq, məktəbin pedaqoji kollektivi fəaliyyətini uğurla davam etdirərək təhsilimizin inkişafına öz töhfələrini verməyə çalışır.

Məktəbin 125 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 1 nömrəli orta məktəbin kollektivinə təbrik məktubu ünvanlayıb, hökumət rəhbərlərinin də iştirakı ilə Sumqayıtda tədbir keçirilib.

Acı təəssüflər olsun ki, 2012-ci ildə də məktəb 130 yaşını doğma Qubadlı yurdundan uzaqda məcburi köçkün məktəbi statusunda səssiz qeyd edir. 

Hacı NƏRİMANOĞLU,
"Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri,
Azərbaycan Yazıçılar  Birliyinin üzvü

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov