Bakımızın ənənəvi tıxacından çətinliklə qurtulub
yaxınlıqdakı ilk həyətdə maşından düşdüm. Binanın
mühafizəçisindən axtardığım ünvanı soruşdum. Verilən
cavabdan rahat nəfəs aldım.Bura Azərbaycanın musiqi
tarixində özünəməxsus səhifələri olan Fidan və
Xuraman Qasımova bacılarının yaşadığı binanın həyətı
imiş... Bir qədər sonra Xuraman xanımın mənzilində
oturub ötən illərə körpü saldıq:
-
Ailədə bir qardaş, iki bacı olmuşuq. Qardaşım Əlibəydi,
sonra bacım Fidandı. Evimizin sonbeşiyi mənəm.
- İlk təhsilinizi harada almısınız?
- Mən səviyyəsinə görə o vaxtlar Bakıda ən məşhur
təhsil ocaqlarından biri kimi tanınan 23 nömrəli
orta məktəbdə oxumuşam.
Bacım Fidanla qardaşım Əlibəy isə Bülbül adına orta
ixtisas məktəbində təhsil alıblar. Əlibəy pianino
sinfini bitirib. Fidan isə yeddi yaşından məktəbə
gedib və skripka alətində çalmağı öyrənib.
Onu da deyim ki, Bülbül adına musiqi məktəbində
çox istedadlı uşaqlar təhsil alırdı. Əvvəlcə məni də
fortepiano üzrə təhsil almağa o məktəbə qoymuşdular.
Amma evimizdə bir az darısqallıq idi. Bir otaqda
qardaşım pianinoda məşq edirdi. O biri otaqda da
Fidan skripka dərslərini öyrənirdi. Ona görə də
anam mənim arzumu nəzərə aldı. Doğrudur, sonralar
bir qədər peşman oldum. Onsuz da musiqi məktəbinə
getməsəm də, bütün notları bilirdim. Qarşımda
mükəmməl musiqi təhsili olan qardaşım, bacım vardı...
Onların o zaman evdə ifa etdiyi əsərlərin hamısını
mən bu günə qədər əzbər bilirəm.
- Eviniz məktəbə yaxın idi?
-
Çox! Əvvəllər Bülbül adına məktəblə Konservatoriya
bir-birinə yaxın yerdə idi. Bizim evimiz də o vaxt
leytenant Şmidt adlanan həmin küçədəydi. İndi o
küçə Rəşid Behbudov prospektidi. Bizim məktəb də
evimizin yaxınlığında yerləşirdi.
İndi sizinlə söhbət etdiyimiz bu yeni mənzilimiz
o vaxtkı evimizə paralel küçədədi.
- Siz bacılarda musiqiyə bu boyda sevgi haradan
gəlir?
- Təbii ki, ailədən, nəsildən. Biz musiqiyə çox
böyük həvəsi olan bir ailədə böyümüşük. Həm
valideynlərimizdə, həm də bizdə musiqiyə maraq
genimizlə gəlib. Amma səs bizə atamız tərəfdən
keçib. Gözəl səsi olan atamın ulu babasının -
Qafqazın Şeyxülislamı Əbdüsalam Axundzadənin çox
məlahətli səsi varmış. Əbdüsalam atam tərəfdən
babamın dayısıdı. O səs əvvəlcə atamıza,ondan da
irsən biz bacılara keçib. Mənim öz babam, yəni
atamın atası Əlibəy Qasımov məşhur Qori
Seminariyasının məzunu, dövrünün tanınmış maarifçisi
olub. Atam qardaşıma o babamın adını vermişdi.
Yeri
gəlmişkən,qardaşım Bülbül adına musiqi məktəbini
bitirib Konservatoriyanın fortepiano bölməsinə daxil
oldu. Amma birinci kursu başa vurduqdan sonra
həyatını musiqiyə yox, elmə həsr etməyi qərara
aldı. Əlibəy gözəl pianoçu ola bilərdi, lakin
birdən-birə fikrini dəyişdi və fiziologiya
mütəxəssisi olmaq istədi. M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinə hazırlaşdı və oraya daxil
oldu. Əlibəy həyatını elmə həsr etdi və alim kimi
yetişdi.
Amma elm sahəsini seçsə də, qardaşım dərin musiqi
biliyinə malik bir insandı. Musiqini bizə daha çox
sevdirən onun evdə həmişə pianinoda məşq etməsi
olmuşdu. Qardaşımın barmaqlarının dilləndirdiyi
musiqilərin müşayiəti ilə biz bacılar da
həvəslənərək bir şeylər oxuyurdıq... Qardaşımın ən
böyük hobbisi musiqi olmaqla yanaşı,o, həm də
kitab oxumaq dəlisi idi.
Əminəm ki, Əlibəy musiqinin arxasınca getsəydi, çox
məşhur musiqi xadimi ola bilərdi.
- Fidan xanımın da məktəb illərini xatırlasaq,
oxucularımız üçün maraqlı olar...
- Fidan xanım, bir az əvvəl dediyim kimi, yeddi
yaşından musiqi aləmindədi. O, Bülbül adına məktəbdə
professor Tahir Atakişiyev kimi bir sənətkardan
skripka dərsi almış, onun tələbəsi kimi yetişmişdi.
Uzun illər Bülbül adına məktəbin direktoru olan
Tahir müəllim həm də çox gözəl pedaqoq idi. Heyif
ki, bu yaxınlarda biz onu itirdik.
Fidan xanım Bülbül adına məktəbi skripkaçı kimi
başa vurduqdan sonra, axıracan musiqinin arxasınca
getdi.
O illərdə Konservatoriyanın rəhbəri görkəmli
bəstəkar, professor Cövdət Hacıyev idi. Fidan xanım
Konservatoriyaya daxil oldu və professor Sərvər
Qəniyevdən dərs almağa başladı. Konservatoriyadakı
müəllimləri bacıma perspektivli, ümidverici tələbə
kimi baxırdılar. Həm skripka üzrə, həm də ikinci
ixtisas olaraq, vokal üzrə dərs alan Fidan təbiətən
çox ciddi tələbə idi. O ərəfədə anam hiss etmişdi
ki, Fidanda gizli bir musiqi istedadı var... Fidan
hər hansı bir ariyanı, melodiyanı oxuyanda anam
qızının səs tembrinə fikir vermiş və elə bundan
sonra da onu maestro Niyazinin yanına aparmışdı.
Onda Fidanın 16 yaşı vardı.
- Sizcə, ixtisas rəhbərinin tələbkarlığı tələbənin
istedadını inkişaf etdirirmi?
- Tələbkarlıq öz yerində, şagirdin, tələbənin
məsuliyyəti öz yerində. Bunların hər ikisi vacib
şərtdir. O vaxt tələbənin dərsə gəlməməsi və ya
dərsə ciddi yanaşmaması görünməmiş bir hal
sayılırdı. O illərdə tələbələr imtahanlara bilirsiniz
necə hazırlaşırdı? Fidanın tələbə yoldaşları vardı:
Qara Qarayevin qızı Züleyxa xanım, Rauf
Abdullayevin həyat yoldaşı Munisə xanım, bibimiz
qızı Cəmilə xanım-aristokrat ailələrin qızları...
İmtahan vaxtı gələndə bu qızlar hər gün bir
tələbənin evinə toplaşıb məşq edir, ciddi-cəhdlə
imtahanlara hazırlaşırdılar. O vaxtın tələbələri bu
gün böyük bir ziyalılar ordusunu təşkil edirlər.
- Evinizin qonaqları adətən kimlər olurdu?
- O illərdə Azərbaycanın qaymaqları sayılan ziyalılar,
bəstəkarlar, rəssamlar ailəmizin dostları kimi
evimizə tez-tez gələrdilər. Bax, o mühit bizi
yetişdirdi. Başqa cürə ola da bilməzdi. Biz dünyaya
musiqi ilə doğulduq, musiqi ilə gəldik. Atamız və
anamız da ruhən incəsənətə bağlı insanlardı.
- Onların ixtisası musiqi sahəsinə yaxın idi?
- Əsla, yox! Anam Tibb Universitetini mikrobiologiya
ixtisası üzrə bitirmişdi. Atam isə o dövrdə Məşədi
Əzizbəyovun adını daşıyan İndustrial İnstitutu (indiki
ADNA) mühəndis-energetik ixtisası üzrə başa vurmuşdu.
Müxtəlif sahələrin adamı olsalar da, onların hər
ikisi musiqisevər, musiqi dünyasına həvəsli idilər.
Evdə anam pianoda çalır, hərdən şeir də yazır,
mahnı da bəstələyirdi. Atam isə həm pianoda, həm
tarda, həm də akkardeonda ifa etməyi bacarırdı.
Hərdən də atamla anam ikisi oturub öz aralarında
bir mahnı yazardılar. Sonra ailəvi hamımız bir
yerdə o mahnının sözlərini tapar, axırda da
ailəliklə ifa eliyərdik...
Bunlar ailəmizlə bağlı gözəl xatirələrdi və biz
bacıların musiqi aləmində tanınmağımızda,
püxtələşməyimizdə çöx böyük amillərdi. Biz - Fidan və
Xuraman Qasımova bacıları az qala 40 ilin
sənətçiləriyik. Ancaq hər dəfə o günləri
xatırlayanda, o illəri həyəcanla yadımıza salırıq.
- Ziyalı valideynlərinizin öz məktəbli uşaqlarına
vaxt ayırmağı problemə çevrilmirdi ki?
- Anam bizə görə işləməyib, ömrünü, həyatını
bütünlüklə uşaqlarına həsr edib. Bizi məktəbə də,
dərnəklərə də həmişə özü aparan anam, həyatının
bütün saatlarını ancaq bizimçün ayırmışdı.
Məsul işdə çalışmasına baxmayaraq, atam da bizə vaxt
ayırırdı. O, öz övladlarını, xanımını, bir sözlə,
ailəsini sevən bir insan idi. Valideynlərimin
arasında bir-birinə çox böyük hörmət, məhəbbət vardı.
Bir-birilərini sevmiş, 1941-ci il mayın 15-də
evlənmişdilər. Az sonra müharibə başlamış və hamı
kimi atam da cəbhəyə getmişdi. Atamla anam
müharıbə dövründə bir-birinə məktubları şeir
formasında yazırlarmış...
1943-cü ildə atam müharibədən geri çağırılmış və
ona Moskvada məsul bir iş tapşırılmışdı. Çünki
atam kimi savadlı mütəxəssislərə o vaxtlar arxa
cəbhədə də böyük ehtiyac vardı. 1943-cü ildə anam
da Moskvaya atamın yanına getmişdi. Müharibənin
bitməsini, Qələbə xəbərini atamla anam Qızıl
Meydanda qarşılamışdılar. 1945-ci il noyabrın 19-da
ailəmizin ilki - qardaşım Əlibəy doğulmuşdu.
Müharibədən sonra atamgil yenidən Bakıya döndülər.
Bir müddət əvvəlki kimi İçərişəhərdə yaşadılar.
Atamgillə anamgilin ailəsi İçərişəhərdə, eyni
məhəllədə illərlə mehriban qonşu olub, anamın
qardaşları ilə atam məktəbli vaxtlarından bir-biriləri
ilə dostluq ediblər. Bu qonşuluq sonradan qohumluğa
çevrilib.
Biz atamla anamı bir ömür boyu hər zaman
mehriban, səmimi gördük. Hər ikisinin gözəl zövqü, incə
musiqi duyumları vardı.
Baxın, divardan asdığım bu iki rəsm əsəri atamın
öz əl işləridir. Biri "Leyli və Məcnun" əsərindən
Leyli ilə Məcnunun görüş səhnəsidi. O biri şəkil
isə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"
əsərinin motivləri əsasında çəkilib.
- Xuraman xanım, nə vaxtdan mahnı oxumağa başladınız?
- İndi bəzi gənclərimiz özləri haqqında deyir ey: "Mən
professional səhnəyə üç yaşımdan gəlmişəm". Amma mən
doğrudan üç yaşımdan oxuyuram. Uşaqlıqdan musiqi
dərsi almasam da, musiqi ilə yaşayırdım. Həmişə
evdə, ailə məclislərində oxuyurdum. Üç, dörd, yeddi
yaşlarımızda ağlımıza belə gətirə bilməzdik ki, biz
gələcəkdə musiqiçi olacağıq. O dövrdə bizim
oxumağımız yalnız və yalnız bir həvəs idi.
Məktəbdə hamı necə rəqs edirdi, mahnı oxuyurdu, biz
də eləcə...
- Bəs professional səhnə üçün səs hansı yaşda
formalaşır?
- Bilirsiniz, əsl professional səs insanda 16 yaşdan
sonra bəlli olur. Uşaqlıq dövrünün həvəsi, səsi çox
vaxt ötüb keçən olur. Ona görə də erkən
yaşlarında şagirdləri daha çox məktəbə, bilik
öyrənməyə, savadlanmağa yönəltmək lazımdır. İlk
növbədə dərs, sonra dərnəklər.
Son zamanlarda valideynlər üç yaşında, beş yaşında,
yeddi yaşında uşaqlarını həvəslə aparırlar
mütəxəssis yanına. Bizim vaxtımızda uşaqlar
dərsdənkənar məşğələlərə, məsələn, tikiş tikməyə, rəsm
çəkməyə, heykəltəraşlıq öyrənməyə məktəblərdə, yaxud
da pionerlər evində fəaliyyət göstərən dərnəklər
çərçivəsində gedərdilər. Elə bir dərnək yox idi ki,
oraya həvəs göstərməyim. İdmanla, gimnastika ilə
məşğul olurdum, balet öyrənirdim, voleybol dərnəyinə
gedirdim. Yəni, zamanımı boş yerə sərf etmirdim.
Müəllimlərimiz musiqi dərslərində, xor dərslərində hiss
edirdilər ki, kimin səsi başqalarından seçilir, kimin
səsi daha məlahətli, daha güclüdür. Bu baxımdan bayram
tədbirlərində müəllimlərimiz gözəl mahnı oxuyan şagird
kimi mənim ifamı bəyənir, böyük həvəslə önə çağırıb
iştirakçılara təqdim edirdilər.
- Bütün bu əlavə dərnəklər, məşğələlər dərslərinizə
mane olmurdu?
- Qətiyyən. Hamımız çox gözəl anlayırdıq ki, ilk
növbədə savaddır, bilikdir. Biz həm orta məktəbi
yüksək səviyyədə başa vurmalı, həm də ali məktəbə
qəbul olmaq barədə düşünməliyik. Mən özüm də əlavə
məşğələlərə və dərnəklərə ancaq və ancaq dərslərimi
öyrəndikdən sonra gedə bilərdim.
- O illərdə daha çox hansı sənətə üstünlük
verirdiniz?
- Orta məktəbin son siniflərində tarixə, ədəbiyyata,
bir sözlə humanitar fənlərə həvəsliydim. Sənədlərimi
də ADU-nun (indiki BDU-müəllif) jurnalistika
fakültəsinə vermək niyyətindəydim. Bununla
yanaşı,musiqini də çox sevirdim. O illərdə Tofiq
Quliyevin, Rauf Hacıyevin, Səid Rüstəmovun, Telman
Hacıyevin, Cahangir Cahangirovun, o cümlədən bir çox
gözəl bəstəkarlarımızın populyar mahnılarının demək
olar ki, hamısını əzbər bilirdim.
Bacım Fidan da hər gün beş saat, altı saat
musiqi məşqlərinə vaxt ayırırdı. Amma bununla belə
biz heç birimiz irəlicədən qərarlaşdırmamışdıq ki,
gələcəkdə pianoçu və ya skripkaçı, yaxud da
balerina olacağıq. Bir vaxt Konservatoriyanın
tələbəsi olacağım haradan ağlıma gələrdi?! Bunlar
hamısı illər keçəndən sonra bəlli olacaqdı. Sadəcə,
bizim valideynlərimiz şərait yaradırdılar ki,
xoşumuza gələn bütün dərnəklərə gedək və bu işdə
onlar özləri də bizə çox kömək edirdilər.
- Fidan xanımla səsiniz bir-birini tamamlayır.
Bəs xarakter etibarı ilə necə?
- Uşaqlıqdan Fidan mənə nisbətən çox utancaq idi,
amma mən şıltaq qız kimi böyüyürdüm. Gah bir
sirk akrobatı kimi, gah da hansısa bir operadan,
məsələn "Sevil"dən, "Karmen"dən səhnəciklər düzəldib
evdəkilərə nümayiş etdirirdim.
Puşkinin "Yevgeni Onegin" ində iki bacı obrazı var.
Tatyana və Olqa. Fidan xanım Tatyana təbiətli bir
qız idi. Təmkinli idi, qəlbini, hisslərini bağlı
saxlayardı. Onun üçün ancaq dərs vardı, bir də
musiqi.
- Xuraman xanım, 60-cı illərin Azərbaycan kinosu...
"Liftçi qız", "Mən ki, gözəl deyildim", "Həyat bizi
sınayır" filmləri və Siz.
- Hə... məktəbdə oxuduğum illərdə arada məni
kinoya da çəkmişdilər.
- Baş rollarda oynamaq Sizdən həm məsuliyyət, həm
yüksək həssaslıq, həm də peşəkarlıq tələb edirdi.
Bir məktəbli qız üçün belə çətin işin öhdəsindən
gəlmək asan deyildi.
- Mənim kinoya çəkilməyim tam təsadüf idi. O
illərdə kinorejissorlarımız institutları, ali
məktəbləri qrup-qrup, sinif-sinif gəzir, həmin
rollara ifaçı axtarırdılar. Təbii ki, mən o
yaşlarımda professional aktrisa ola bilməzdim. Amma
bizim məktəbdən məni də seçdilər. Sonra sınaq
çəkilişləri oldu, fotoprobalar, kinoprobalar...
Yüzlərlə qızlar vardı, hamımızı çəkirdilər. Lap
axırda kinorejissorlar nədənsə məni bəyəndilər.
Sizə açığını deyim ki, kino sahəsində bizim elə
də bir tanışımız yox idi. Biz mədəniyyətimizi,
musiqimizi sevən ziyalı bir ailəydik. O illərdə,
konkret desəm, 60-cı illərin ortalarında, hər hansı
bir ailə öz uşaqlarının, xüsusən də qız
övladlarının o yaşda kinoya çəkilməsinə nadir
hallarda razılıq verərdi. Amma mənim atam
ziyalılar ziyalısı idi, bizə verdiyi gözəl
tərbiyədən ürəyi arxayın idi. Övladlarına o qədər
inanır, o qədər ümid bəsləyirdi ki... Ona görə də
mənim kinoya çəkilməyimə nəinki mane olmadı,əksinə,
sənətə həvəsimi, teatra, kinoya olan marağımı görüb
mənə daha da qol-qanad verdi. Yəni, sənət
yollarında valideynlərim heç vaxt bizə əngəl
olmadılar. Əksinə, bizim üçün bu yolda bir mayaka
çevrildilər. Atamın bircə şərti o idi ki,bütün bu
kinoçəkilişlər, məşqlər bizim əsas fikrimizi
dərslərimizdən, məktəbimizdən yayındırmasın.
Mən baş rola təsdiq edidikdən sonra, çəkiliş
harada olursa-olsun, anam hər zaman yanımda
olurdu.İlk dəfə "Liftçi qız"da baş rola çəkiləndə,
lap uşaq idim. Cəmi 13 yaşım vardı. Bu kinonun
ssenarisi Həsən Seyidbəylinin "Xidmət lifti"
povesti əsasında yazılıb.
İkinci dəfə kinoya çəkiləndə isə 15-16 yaşımda
idim. Kino sahəsindəki fəaliyyətimin əsas ağırlığı
anamın üzərinə düşürdü. Çəkiliş meydanlarında
fasilə olan kimi, anam mənim qayğıma qalır,
vaxtdan istifadə edib tez çayımı içirdir,
buterbrodumu yedirdirdi. Uşaq idim deyə tez
yorulurdum. Anam hər vasitə ilə yorğunluğumu
unutdurmağa çalışırdi.
- Məktəbli olsanız da hər halda baş rolda Siz
oynayırdınız. Peşəkar aktyorlara ödənildiyi qaydada
Sizə də qonorar ödənilirdimi?
- Belə düşünürəm ki, filmin baş qəhrəmanı kimi,
digər oyunçulardan fərqli olaraq, yəqin ki, ən
yüksək qonorar mənə yazılırmış. Çəkildiyim filmlərdə
elə bir kadr yox idi ki,mən orada olmayım. Axı,
mən baş qəhrəman idim. Amma yenə də sualınızın
cavabını dəqiq deyə bilmərəm. Çünki, məktəbli
olduğum üçün maliyyə məsələləri təbii ki,
valideynlərimlə həll edilirdi.
- Vaxtınızı necə bölürdünüz?
- Mənim gün ərzində boş saatım yox idi. Səhər saat
8-də məktəbə gedirdim, günorta 2-də dərsdən evə
qayıdırdım. Yeməyimi yeyib gedirdim çəkilişə. Axşam
saat 8-də evə dönüb dərs tapşırıqlarımı yerinə
yetirirdim. Gecə saat on ikidə, bəzən də birdə
yerimə uzanırdım. Gün ərzində görəcəyim bütün
işlərimin saatbasaat qrafikini tuturduq. Ən çox
vaxt itkisi çəkiliş meydanlarında olurdu. O qədər
nizam-intizama tabe olan bir qız idim ki, orada
boş keçən dəqiqələrimə heyfsilənirdim.
Kino çəkilişlərinin kimsədən asılı olmayan
çətinlikləri, tələbləri var. Məsələn, tutaq ki,
hansısa bir kadr günəşli havada çəkilməlidir. Bütün
qrup gözləyir ki, günəş nə vaxt çıxacaq. Yaxud
da əgər yagış səhnəsi lazımdısa, Allaha
yalvarırsan ki, kaş hava tutulsun, yağış yağsın,
biz də çəkilişimizə başlayaq. Təsəvvür edin
ki,əynimizdə çəkiliş kostyumları, saçlarımız,
üz-gözümüz qrimdə... başdan-ayağa obraza köklənib
dayanmışıq, səbirsizliklə havanın bizə lazım olan
şəklə düşməsini gözləyirik. Adətən, belə vaxtlarda
mən dərs kitablarımı da çəkiliş meydanlarına
aparardım. Boş dəqiqələr, boş saatlar olan kimi,
oturub dərslərimi hazırlayırdım. Çəkiliş olan
günlərdə çox yorulurdum.
- Amma oynadığınız filmlərdə bu hiss olunmurdu.
Sanki illərlə Siz o rollara hazırlaşmışdınız.
Canlandırdığınız obrazları çox böyük ustalıqla
yaratmışdınız.
- Gənc yaşlarımda mən özümü heç bəyənmirdim. Arıq,
zəif bir qız idim.
- Fikrimcə, ən böyük rəssam yaradanın özüdür.
Tanrının yaratdığı hər kəs bər-bəzəksiz, makiajsız
daha təbii, daha ürəyəyatımlıdı. Yaxşı yadımdadır ki,
Siz ekranda hər zaman əsl Azəri qızı kimi diqqət
çəkirdiniz. Sadə geyiminizdə, görüntülərinizdə belə
qəribə bir cazibədarlıq, gözəllik vardı. Məhz belə
gözəllikdən Sizə nə pay düşdü?
- Bilirsiniz, hər şeyin bir dərəcəsi var. Həyat
siyah və bəyaz cizgilərdən ibarətdir. Eynilə Sizin
bu gün geyindiyiniz bluzkanız kimi. Bizim də
həyatımızda gözəl səhifələr də olub, unudulmaz
günlər də. Amma nə vaxsa çətinliklərimiz,
problemlərimiz də olub. Həyat hər zaman
sürprizlərlə doludur. Bir-birinin ardınca
valideynlərimizi erkən itirməyimiz bizə çox ağır
zərbə oldu. Hər insan bu hissləri yaşayır. O zaman
Fidan xanım Moskvada aspiranturada oxuyurdu. Təbii
ki, o, Bakıya qayıtdı və valideynlərimizdən sonra
evin bütün maddi qayğısını öz üzərinə çəkdi.
- Müğənni kimi sənətin sirlərini kimdən
öyrənmisiniz?
- Konservatoriyada ali təhsil alanda ixtisas
müəllimlərimiz vardı. Qadınlardan ilk opera
müğənnimiz Şövkət Məmmədovanın iki il tələbəsi
olmuşam. O, rəhmətə getdikdən sonra isə Fidan
xanımın müəllimindən-İda Aronovna Lvoviçdən dərs
almışam. İda xanım Azərbaycanda əməkdar müəllim
adı qazanmışdı.
Mən Fidan xanımı da özümün müəllimim hesab edirəm. O,
çox böyük musiqiçidir. Mən sənətimin bir çox
incəliklərini ondan da öyrənmişəm. Fidan xanım da,
mən də müəllimlərimizin xatirəsini hər zaman
ehtiramla yad edirik.
- İndi Sizin özünüzün də tələbələriniz var.
- Biz bacılar Bakı Musiqi Akademiyasının
professorlarıyıq. Öz səsimizlə həmişə çalışmışıq ki,
Azərbaycan mədəniyyətini yüksəklərə qaldıraq, öz
sənətimizlə Azərbaycana uğur gətirək. Azərbaycanı
dünyaya tanıdaq. Vokal sahəsində Azərbaycana ilk qızıl
medalı Fidan xanım gətirib.
- Məktəb illəri ömür kitabımızın elə bir
səhifəsidir ki, digər səhifələrdən hər zaman
seçilir.
- Məktəb illəri deyəndə, oxuduğum 23 nömrəli məktəb
gözlərimin önündə canlanır. Şəhərin mərkəzində
yerləşən ən gözəl, ən güclü, ən nümunəvi tədris
ocağı bizim məktəbdi. Çox savadlı müəllimlərimiz
vardı. Həmişə sevinirəm ki, o cür səviyyəli,
tanınmış bir məktəbin məzunuyam. Məktəbimizin
özünün hətta xüsusi bir himni də var idi. Bütün
tədbirlərimizdə o himn ifa olunurdu. O illər
həqiqətən ömrümüzün təkrarsız səhifələridir.
- Dərsə məktəbli formasında gedirdiniz, yoxsa
ürəyiniz istəyəni geyinirdiniz?
- Dərsə gedəndə həmişə məktəbli forması geyinərdik.
Mən o geyimi çox sevərdim. Hər dərs ili
başlayanda atam Moskvadan - "Detskiy Mir"dən
hərəmizə iki dəst məktəbli forması alıb gətirərdi.
Ağ yaxalığım... formamın üstündən taxdığım ağ
önlüyüm... bu günə qədər də yadımdadır. Hər səhər
evdən çıxıb məktəbə gedəndə anam görünüşümüzə,
geyimimizə çox ciddi fikir verərdi. Çalışardı ki,
məktəbə geydiyimiz paltarlarımız, ayaqqabılarımız
tər-təmiz, səliqəli olsun.
Heç vaxt məktəbə sərbəst paltar geyinib getməzdik.
Anam deyərdi ki, sinifdə hər təbəqənin övladı var.
Ona görə də bahalı və fərqlənən paltarda sinfə
getmək olmaz. Məktəblilər həmişə eyni qaydada və
sadə geyinməlidir.
Əgər evdən anam mənim üçün meyvə qoyurdusa, mütləq
sinifdə onu kiminləsə bölüşməliydim. Bizə evdə
belə şeyləri məxsusi öyrədirdilər.
Mən həmişə belə hesab etmişəm ki, məktəbli
qızlara o forma çox yaraşardı. Məktəbli forması
qızların xarici görkəmlərini səliqəli və ciddi
göstərən bir əlbisədir.
Ümumiyyətlə, məktəb illərimlə bağlı hər şey
xatırımdadı:məktəbdə keçirdiyimiz bayramlar... yeni
il şənlikləri ... sinif yoldaşlarım, dostlarım...
İndiyə qədər də bir-birimizlə zəngləşir, əlaqə
saxlayırıq.
- Məktəbli uşaqların ən çox sevdikləri yeni il
şənlikləridi...
- Yaxşı yadımdadır, mən birinci sinifdə oxuyandan
orta məktəbi bitirənə kimi, atam hər il evimizdə
təbii küknar ağacından otağımızın hündürlüyü boyda
yolka qurardı. Onun budaqlarını atamla anam özləri
bəzəyərdilər. Blokumuzda yaşayan qonşular və onların
uşaqları ilə mehriban münasibətlərimiz vardı. Qış
tətili günlərində hər gün birimizin evində bayram
şənliyinə toplaşardıq. Hər bir qonşu öz evində
digər qonşu uşaqları üçün bayram şənliyi
düzənləyirdi. Biz uşaqlar yolkanın ətrafında dövrə
vurub oxuyur, səhnəciklər göstərirdik. Şaxta babanın
adından hər bir uşağa verilən hədiyyə torbasından
cürbəcür konfetlər, meyvələr, şirniyyatlar çıxardı.
Valideynlərimiz uşaq otağını elə vaxt bəzəyərdilər
ki... biz yuxudan ayılınca artıq evin ortasında
bərli-bəzəkli yolkamız qurulmuş olardı. Atam öz
əllərilə balaca-balaca oyuncaq evciklər, dovşanlar,
ayılar düzəldib yolka ağacının altına qoyardı.
İndiyə qədər o yolka oyuncaqlarını saxlayıram.
Qohumlarımızın,qonşularımızın iştirakı ilə
keçirdiyimiz o yeni il şənliklərinin indi
xatirəsinə isinirəm. O illərdə evimizdə qurulan
təbii küknar ağacının qoxusunu da duyuram sanki...
Hanı, özümüz düzəltdiyimiz o rəngbərəng bayraqlar?!
Bunlar hamısı unudulmaz bir röya imiş...
- Xuraman xanım, yeni il şənliklərində Qar qızı
oynadığınız vaxtlar olub?
- Mən Qar qızı oynamazdım axı! Mən heç Qar qıza
bənzəmirdim də... Məni Qar qız kimi sevərdilər ki?
(gülümsünür - müəllif) Biz alışmışıq ki, Qar qız gərək
gözəl olsun, yanaqları qırmızı, gözləri mavi...
- Nə vaxtsa yeni ili qürbət ölkədə qarşılamısınız?
- 1992-ci ildə yeni ilqabağı Amerikaya qastrol
səfərinə getmişdik. Necə oldusa, səfərimiz uzandı
və yeni ili orada qarşıladıq. O vaxt 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd
edilmirdi. Hələ heç bir ölkədə bizim diasporamız
da yox idi.
- İlk qastrol səfəriniz?
- 1977-ci ildə ilk qastrol səfərimdə Avstriyada
oldum. Səhv etmirəmsə, payız ayı idi.
- Fidan xanım da getmişdi?
- Xeyr. Çünki ilk vaxtlar Fidan xanımla biz
ayrı-ayrı oxuyurduq. Mən müğənni kimi fəaliyyətə
başlayana qədər artıq Fidan xanım musiqi
sahəsində bir çox uğurlar qazanmış, professional
səhnədə müğənni kimi tanınmışdı.
O hələ tələbə ikən bir müddət də Kamera
Orkestrində skripkaçı kimi çalışmışdı. Onun
tələbəlik dövründəki skripkası hələ də durur. Mən
çox arzulayardım ki, nə vaxtsa konsertlərinin
birində Fidan xanım skripkasını da dilləndirsin.
- Fidan xanımla birgə oxumaq uğurlu alındı?
- Biz bacılar birgə oxumağa başlayandan sonra
qısa bir zamanda məşhurlaşdıq. Bununla yanaşı,
özümüzə qarşı qısqanclıqlarla, hətta xəyanətlərlə də
çox qarşılaşdıq. Ancaq sağlam düşüncəmiz, sağlam
fikrimiz bizim ayaqda durmağımızda həmişə
yardımçımız oldu.
- Fidan xanımın Sizin həyatınızda yeri?
- Mənim üçün Fidan xanım hər zaman bir mayak olub.
Mən çox şeydə, o cümlədən sənətdə də bacıma oxşamağa,
onun kimi kamil mütəxəssis olmağa çalışmışam. Bəzən
insan çox şeylərə nail olmaq istəyir. Ancaq hərdən 24
saat da adama azlıq edir, çatmır. Bəzən də elə
olur ki, təkcə sənətimizlə yox,səhhətimizlə də
məşğul olmaq gərəkir, amma vaxt ayıra bilmirik.
Fidan xanımla biz uğurlarımıza heç də asanlıqla
nail olmamışıq. Müsabiqələrdə iştirak etmişik.
Diplomlara layiq görülmüşük. Hələ SSRİ dövründə
biz bacılar artıq populyarlıq qazanmışdıq. Bizi
respublikamızdan kənarda da tanıyır, müxtəlif
ölkələrə dəvət edirdilər. Moskvanın özündə, müttəfiq
respublikalarda dəfələrlə konsertlər vermişdik. Fidan
xanımla mənim Moskvada konsertimiz olanda
afişalarda həmişə yazırdılar. "Zvezdı Sovetskoqo
iskusstvo". O ada nail olmaq hər ifaçıya nəsib
olmurdu.
- Vətəndən kənarda yaşaya bilərdiniz?
- Digər xalqlarla müqayisədə milli mentalitetimiz
elədir ki, biz hara gəldi ora köçüb yaşaya bilən
xalq deyilik. Bizim sənətimizi kənarda nə qədər
çox sevsələr də, bizim üçün bura əzizdir. Hara
qastrola getsək də, ancaq bura üçün darıxırıq.
Çünki öz evimizdən, öz ölkəmizdən savayı bu
sıcaqlığı, bu məhəbbəti heç bir yerdə tapa
bilmirik. Xalqımız da, dövlətimiz də bizim
əməyimizi qiymətləndirir.
Yeri gəlmişkən, yaradıcılığımızın 25 illiyi
münasibəti ilə Fidan xanımla mənə eyni mərtəbədə
yanaşı mənzillərin verilməsi ulu öndərimiz Heydər
Əliyevin bizim sənətimizə diqqətinin, qayğısının
nəticəsi idi. O, elə bir şəxsiyyət idi ki, hər
zaman öz xalqına, incəsənət xadimlərinə böyük
məhəbbət bəsləyirdi. Bir dəfə tədbirlərdən birində
cənab Heydər Əliyev bizə demişdi: "Siz ziyalı
ailədə böyümüsünüz. Ot kökü üstə bitər".
- Yeni il ərəfəsində arzularınız?
- Tələbələrimə, gənc vokalçılarımıza məsləhətim və
arzum budur ki, daim öz üzərlərində çalışsınlar.
Zamanlarını boş yerə, əbəs yerə xərcləməsinlər.
Vokal sənəti ilə məşğul olanda gərək ömür boyu
sən özünü tələbə hiss edəsən. Çünki, bu yolu
seçdinsə, hər zaman öz üzərində çalışmalı, özün
özünə nəzarət etməlisən.
Mən pedaqoji fəaliyyətdən şərəfli vəzifə tanımıram.
Öyrətməkdən və öyrənməkdən gözəl nə var ki?
Müsahibəni yazdı: Ellada UMUDLU |