Respublikamızın sürətlə inkişaf etdiyi son dövrlərdə
cəmiyyətin bütün sahələrində, o cümlədən təhsil
sahəsində də bir çox yeniliklər özünü göstərdi. Əsası
2006-cı ildə qoyulmuş Milli Kurikulum sənədi
təhsilimizin məzmununu əsaslı şəkildə dəyişdirməyə
yönəldi. İbtidai sinif müəllimi kimi təhsildə baş verən
bu dəyişikliyi müasir dövrümüz üçün çox yüksək
qiymətləndirirəm. Artıq beş ildir ki, Milli Kurikulum
sənədinə əsasən fənn kurikulumları tətbiq olunur və
bunun da əsasında yeni dərsliklər hazırlanır.
"Dərslik necə olmalıdır?" sualına cavab olaraq bir
müəllim kimi qeyd edərdim ki, dərslik istiqamətverici,
düşündürücü, inkişafetdirici olmalıdır. Bütün bunlar
Nayma Qəhrəmanovanın müəllifi olduğu "Riyaziyyat"
dərsliklərində öz əksini tapmışdır.
Şagirdlərin yaş xüsusiyyətinə uyğun olan bu dərsliklər "sadədən
mürəkkəbə doğru" prinsipi əsasında yazılmışdır. Məsələn:
I sinifdə həndəsi fiqurlar haqqında yalnız fiqurların
adları, tərəfləri və təpə nöqtələri haqqında ilkin
təsəvvürlər verildiyi halda, IV sinifdə isə artıq
həndəsi fiqurların açılışı, fəza və müstəvi fiqurlar
haqqında məlumat verilir.
Ümumiyyətlə, bu dərslik kurikulum tələblərinə cavab
verir. Dərslikdə "Manipulyativ"(şagird verilən
tapşırıqları konkret əşyalarla manipulyativ - öz əlləri
ilə modelləşdirərək təqdim edir), "Piktorial-mental" (şagird
modelə uyğun şəkil çəkir, şifahi və ya yazılı olaraq
təqdim edir), "Abstrakt"(şagird situasiyanı riyazi
şəkildə-simvolların köməyi ilə ifadə edir) məşğələlərə
də yer verilmişdir ki, bu da şagirdlərdə psixomotor(ağlın
hərəkətlərinə hakimliyini, hərəkətlərin idarəsini) və
sosial bacarıqları (əşyalardan səliqəli istifadəetmə,
onları qoruma) formalaşdırır. Bu cür məşğələlərin
verilməsi bu dərsliklərin əvvəlki illərdə çap olunmuş
dərsliklərdən üstünlüyünü göstərir. Əvvəlki illərin
dərslikləri şagirdlərə yalnız bilik verirdi.
Bu dərslik əvvəlki illərdə nəşr olunan dərsliklərlə
müqayisədə bir çox digər detalları ilə də fərqlənir.
Həm də dərsliyin məzmuna uyğun rəngarəng dizaynı
uşaqların çox xoşuna gəlir, onlarda dərsə daha çox həvəs
yaradır.
Onu da qeyd etmək istərdim ki, I-IV sinif "Riyaziyyat"
dərsliklərində (müəllif Nayma Qəhrəmanova) məşğələ və
tapşırıqlar kurikulumda müəyyən edilmiş fəaliyyət
standartlarının tətbiqini əhatə edir. Bu fəaliyyət
standartları problem həlli, mühakiməyürütmə, isbatetmə,
əlaqələndirmə, təqdimetmə və ünsiyyətqurma
fəaliyyətləridir. Məhz məzmun standartlarının bu
fəaliyyətlərlə həyata keçirilməsi sayəsində kurikulumun
nəzərdə tutduğu nəticəyönümlü, şəxsiyyətyönümlü təlimə
nail olmaq mümkündür.
Müəllimlər üçün hazırlanmış metodik vəsaitlərdə məzmun
standartlarının, illik planlaşdırma nümunələrinin
verilməsi, gündəlik dərs nümunələrinin təqdim olunması
müəllimlərin işini yüngülləşdirir.
Dərslikdə verilmiş məsələlər tipinə görə qruplaşdırılmış
və hər növ məsələnin öyrədilməsinə xüsusi saat
ayrılmışdır. Tam-hissə modeli qurmaqla həll olunan
məsələləri şagirdlər daha maraqla həll edirlər. Bu cür
məsələlərə əvvəlki dərsliklərdə rast gəlinmirdi.
Bütün bunlara əsaslanıb ibtidai sinif müəllimi kimi qeyd
etmək istərdim ki, ümumiyyətlə, hazırda işlətdiyimiz "Riyaziyyat"
dərslikləri (I-IV) tam şəkildə kurikulum standartlarına
cavab verir.
Mən bundan sonra da yazılacaq dərsliklərin müasir,
sistemli və gözəl dizaynlı olacağına ümid edərək bu
yolda bütün dərslik müəlliflərinə uğurlar arzulayıram.
Nərgiz MƏMMƏDOVA,
Bakıdakı 190 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi |