Artıq beşinci ildir ki, ölkəmizdə yeni fənn
kurikulumları tətbiq edilməkdədir. Təhsildə aparılan
bütün islahatlar kimi, kurikulum islahatında da aparıcı
sima müəllimlərdir. Bu mənada yeni fənn kurikulumlarının
uğurlu tətbiqi, ilk növbədə, müəllimlərin bu prosesə
necə hazırlaşmalarından, yeniliyin mahiyyətini necə dərk
etmələrindən, fəal təlimin forma və üsullarına nə
dərəcədə yiyələnmələrindən asılıdır. Bu məqsədlə yeni
kurikulumlarla işləyən bütün müəllimlər təlim
kurslarından keçirilsə də son illərin təcrübəsi göstərir
ki, bu azdır. Müəllimlər özləri də şəxsi təhsil yolu ilə,
yenilikləri, həmkarlarının qabaqcıl təcrübəsini
öyrənməklə öz üzərlərində müntəzəm çalışmalıdırlar.
Yaxşı haldır ki, hazırda yeni kurikulumlarla tədris
aparan müəllimlərin çoxu məhz belə edir və bunun da
nəticəsində fəaliyyətlərini gündən-günə təkmilləşdirir,
uğurlarını artırırlar.
Belə müəllimlərdən biri də Saatlı rayonundakı
Əlisultanlı kənd orta məktəbinin ibtidai sinif müəllimi
Nazilə İbrahimovadır. Uzun illər bu təhsil ocağında
çalışan, elm-bilik yollarında ilk addımlarını atan
uşaqlara biliklərin əsaslarını öyrədən, öyrəndiklərini
bacarıq və vərdişlərə çevirən Nazilə müəllim
pedaqoqlarımızın nisbətən yaşlı nəslinə mənsubdur. Lakin
o, təbiəti etibarı ilə yeniliyə, yaradıcı axtarışlara
meyilli olduğundan təhsilimizdə gedən yeniləşmə
proseslərinin də önündə getməyə, onları həvəslə öyrənib
öz fəaliyyətində tətbiq etməyə səy göstərir.
Bütün ibtidai sinif müəllimləri kimi Nazilə müəllim də
kurikulumların tətbiqi üzrə təlim kursundan keçmiş,
müvafiq sertifikat almışdır. Kursda olarkən digər
həmkarları kimi o da kurikulumların strukturu, məzmunu,
prinsipləri, müasir kurikulumlar və yeni təlim
strategiyaları, yeni qiymətləndirmə mexanizmləri, yeni
dərsliklərlə və əlavə resurslarla işin xüsusiyyətləri,
dərsin planlaşdırılması və təşkili, qiymətləndirmə
vasitələrinin, şagirdlərin müstəqil işləri üzrə təlim
tapşırıqlarının hazırlanması üzrə kifayət qədər geniş
nəzəri məlumatlar almış, praktik bacarıqlara
yiyələnmişdir. Lakin o, təkcə aldığı həmin bilik və
bacarıqlarla kifayətlənmir, kurikulumlarla iş üzrə bütün
yenilikləri diqqətlə izləməklə öz nəzəri və praktik
hazırlığını daim artırır. Məhz bunun nəticəsidir ki,
Nazilə İbrahimova hazırda dərs dediyi III sinifdə
tədrisi kurikulumun tələblərinə uyğun qurub aparmağa
nail olur.
Təcrübəli müəllim dərslərdə inteqrasiyaya, fəal
metodlarla işə xüsusilə önəm verir, bütün mövzuları
tədris edərkən onların həm şaquli, həm də üfiqi
inteqrasiya imkanını üzə çıxarır və dərsdə tətbiq edir,
fəal, interaktiv təlim metodlarını, iş formalarını necə
gəldi deyil, mövzunun xüsusiyyətlərinə, dərsin
qarşısında qoyulan məqsədə uyğun müəyyənləşdirir.
Şagirdlərin öyrənilən mövzuya, bütövlükdə dərsə marağını
artırmaq üçün dərsin mərhələlərini yaradıcı qurur,
motivasiya yaratmaq üçün maraqlı formalardan istifadə
edir. Müstəqil öyrənmənin təlimdə böyük üstünlükləri
olduğunu yaxşı bilən Nazilə müəllim demək olar ki, hər
dərsdə şagirdlərlə müstəqil iş aparır, bunun üçün
əvvəlcədən mövzunun məzmununa uyğun tətbiqi tapşırıqlar
müəyyənləşdirir.
Təcrübəli müəllim tədris prosesində İKT-dən istifadəyə
də geniş yer verir, şagirdlərlə birlikdə kiçik
təqdimatlar hazırlayır və onları elektron lövhədə
nümayiş etdirir.
Kurikulumlar üzrə tədrisdə valideynlərin rolunu düzgün
qiymətləndirən N.İbrahimova onlarla sıx əlaqə saxlayır,
kurikulumların mahiyyətini yaxşı başa düşmələri üçün
onlarla maarifləndirici söhbətlər aparır. Bütün bunların
nəticəsidir ki, onun dərs dediyi III sinfin şagirdləri
dərslərdə böyük fəallıq göstərir, öyrənilən mövzuları
yaxşı mənimsəyirlər.
N.İbrahimova öz təcrübəsini həmkarları ilə bölüşmək üçün
tez-tez "açıq dərs"lər verir, müəllim yoldaşlarının
apardıqları dərslərdə iştirak edir.
Yusif ƏLİYEV |