Dekabrın 25-də Bakıdakı 132-134 nömrəli Təhsil
Kompleksində mütəfəkkir alim, görkəmli ictimai xadim,
akademik Həsən Əliyevin 105 illik yubileyi münasibətilə
və məktəblilərin ekoloji maarifləndirilməsini
genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil
Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi birlikdə "Akademik
Həsən Əliyev və Azərbaycan təbiəti" mövzusunda Bakı
şəhəri məktəblilərinin elmi-praktik konfransı keçirildi.
Konfransda
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar
Nazirliyinin, İDEA Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Təşəbbüsünün, BDU-nin kafedra müdirləri və
professorları, QHT və KİV nümayəndələri iştirak
edirdilər.
Məktəblilərin elmi-praktik konfransının əsas məqsədi
akademik Həsən Əliyevin ekologiya və təbiətin mühafizəsi
sahəsində zəngin irsinin öyrənilməsi, görkəmli ekoloqun
humanist ideyalarının təbliğ edilməsi, məktəblilərdə
ətraf mühitə qayğıkeş və məsuliyyətli münasibətin
tərbiyə edilməsindən ibarət idi. Konfransın əsas
vəzifələri məktəblilərin ekoloji hərəkatının
genişləndirilməsi, davamlı inkişaf prinsiplərinə uyğun
olaraq ətraf mühitin və təbii sərvətlərin qorunmasında
onların fəal iştirakının təmin edilməsi, əhali arasında
ekoloji biliklərin təbliğ edilməsi, gənc nəsildə ekoloji
dünyagörüşünün və mədəniyyətin formalaşdırılmasıdır.
Elmi-praktik konfransa Bakı şəhəri orta ümumtəhsil
məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar
təhsil müəssisələrinin dərnək üzvlərindən ibarət 50-dən
artıq konfrans iştirakçısı "Azərbaycanın bioloji
müxtəlifliyi və meşələrin qorunması", "Ətraf mühitin
mühafizəsi və ekoloji monitorinq", "Təbii sərvətlər və
davamlı inkişaf" bölmələri üzrə referatlar və
yaradıcılıq işləri təqdim etmişdilər.
Həmin gün tədbir iştirakçıları əvvəlcə Bakı
məktəblilərinin yaradıcılıq işlərindən ibarət sərgi ilə
tanış oldular. Sonra təhsil kompleksinin akt zalında
konfransın açılışı oldu. Şagirdlərin ifasında
Azərbaycanın Dövlət himni oxundu.
Konfransı giriş sözü ilə açan Təhsil Nazirliyinin
Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin
müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri
Misir Mərdanovun adından salamlayaraq onları 31 Dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramı münasibəti ilə təbrik etdi və Dünya
Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd
edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı
olduğunu vurğuladı.
Bu tədbir də Təhsil Nazirliyinin keçirdiyi silsilə
tədbirlərdən biridir,- deyən A.İbrahimov bildirdi ki,
biz hər il "Həsən Əliyev və Azərbaycan təbiəti"
mövzusunda rəsm müsabiqəsi keçiririk. Bugünkü tədbir isə
Bakı şəhəri məktəblilərinin ekologiya və təbiətin
qorunmasından bəhs edən yaradıcılıq işlərinə həsr olunub.
Sözünə davam edən Ağababa müəllim akademik Həsən
Əliyevlə bağlı xatirələrini danışdı. Sonda şagirdlərə
təbiəti akademik Həsən Əliyev kimi sevməyi, qorumağı
tövsiyə etdi.
Konfransda Bakı Dövlət Universitetinin ekoloji coğrafiya
kafedrasının müdiri, professor Şövqi Göyçaylı və Bakı
Dövlət Universitetinin ekoloji kimya kafedrasının müdiri,
professor Sevinc Hacıyeva çıxış edərək akademik Həsən
Əliyevin irsinin gənclər üçün örnək olduğunu
vurğuladılar.
Sonra Bakının Xətai rayonundakı 194 nömrəli tam orta
məktəbin IX sinif şagirdi Cavidan İsmayılzadə, Bakı
Modern məktəbinin VIII sinif şagirdi Teymur Fətullayev,
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin
dərnək üzvü, Bakı şəhərindəki 58 nömrəli tam orta
məktəbin VIII sinif şagirdi Əzizə Quliyeva, Xəzər
Universiteti Dünya məktəbinin İB sinif şagirdi Aydan
Nəsibova, Bakı şəhərindəki 258 nömrəli tam orta məktəbin
XI sinif şagirdi Emil Ağayev, Bakıdakı 284 nömrəli tam
orta məktəbin IX sinif şagirdi Təbriz Qasımov, Bakıdakı
132-134 nömrəli Təhsil Kompleksinin IX sinif şagirdi
Fərid Cəfərov və başqaları çıxışları ilə təqdimatlarını
nümayiş etdirdilər.
Elmi-praktik konfransda yekun sözü ilə çıxış edən
münsiflər heyətinin sədri, BDU-nun coğrafi ekologiya
kafedrasının professoru Telman Xəlilov münsiflər
heyətinin qərarını oxudu. Konfransda fərqlənmiş
şagirdlərə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzinin, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin diplom və hədiyyələri, digər iştirakçılara
isə sertifikatlar təqdim olundu.
Ədalət DAŞDƏMİRLİ |