Hər
birimizin, bütövlükdə xalqımızın həyatında bir sıra
hadisələr ilə əlamətdar olmuş 2012-ci il tarixə qovuşmaq
ərəfəsindədir. Qarşıdan daha çox gözləntilərimiz olan
2013-cü il gəlir. Hər yeni ilin gəlişi insanlarda xoş
ovqat yaradır, arzular çiçəklənir, ümidlər artır. Yeni
ilin gəlişinə ən çox sevinən isə, təbii ki, uşaqlar olur.
Axı yeni ilin rəmzi olan Şaxta baba onlara qonaq gəlir,
hədiyyələr gətirir, ürəklərindəki arzu və diləklərini
göyərdəcəyinə söz verir. Ona görə də uşaqlar, xüsusən də
məktəblilər yeni ilin gəlişini səbirsizliklə gözləyir,
oxuduqları təhsil ocaqlarında ona həsr olunmuş şənlik
mərasimləri təşkil edirlər.
Belə mərasimlərdən biri dekabrın 25-də Bakıdakı 263
nömrəli tam orta məktəbdə keçirildi. Mərasimin təşkil
olunduğu akt zalı bayramsayağı bəzədilmiş, səhnədə al-əlvan
oyuncaqları bərq vuran yolka qurulmuşdu. Tədbiri
məktəbin rus dili müəllimləri təşkil etdiyindən və bu
dili öyrənən şagirdlər apardığından çıxışlar rus dilində
idi. Mərasimdə qonaqlar - "Savalan" qəzetinin baş
redaktoru Eldar Əliyev, Xətai Rayon Gənclər və İdman
İdarəsinin rəisi Əfqan Rzayev və b. iştirak edirdilər.
Şagird-aparıcı mərasimi açıb iştirakçıları salamladıqdan
və yeni il münasibəti ilə onları təbrik etdikdən sonra
ağ geyimli qızlar rəqs etdilər. Sonra aşağı və orta
siniflərin bir qrup şagirdi səhnəyə çıxıb yeni ilə,
yolkaya həsr olunmuş şeirlər söylədilər. Onları al-əlvan
geyimli qızlardan ibarət başqa bir dəstə əvəz etdi.
Onlar yolkaya həsr olunmuş mahnı oxudular.
Səhnələşdirilmiş şəkildə təşkil olunmuş mərasimin
aparıcısı Qar qız Yolkanın dibindən tapdığı məktubu
oxudu. Məlum oldu ki, məktub Şaxta babadandır. O,
uşaqları təbrik edir və tezliklə gələcəyini yazırdı.
Sonra dovşan səhnəyə çıxıb uşaqları şənlənməyə dəvət
etdi. Müxtəlif heyvanların geyimində 3 şagird ona
qoşulub mahnı oxudu. Mahnını qızların rəqsi əvəz etdi.
Beləcə qrup-qrup səhnəyə çıxan şagirdlər hazırladıqları
şeir, mahnı, rəqs nömrələrini məharətlə təqdim etdilər,
yeni illə bağlı arzularını poeziyanın dili ilə mərasim
iştirakçılarına çatdırdılar. Sonra yeni il arzuları
şagirdlər tərəfindən müxtəlif dillərdə səsləndirildi.
Nəhayət, mərasimin ən maraqlı anı gəlib çatdı. "Dovşan"
Şaxta babanı görüşə çağırdı. Şaxta baba gəlib mahnı ilə
uşaqları salamladı, onların yeni ilini təbrik etdi.
Şagirdlər Şaxta babanın ətrafına toplaşıb onunla
birlikdə şənləndilər, mahnı oxuyub, rəqs etdilər,
tapmacalar söylədilər.
Şənlik başa çatdıqdan sonra söz məktəbin direktoru
Nəsimi Abbasova verildi. Direktor məktəbin müəllim və
şagird kollektivini 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti
ilə təbrik etdi, 2012-ci ildə təhsil ocağında görülmüş
işlərdən, əldə olunmuş uğurlardan danışdı. İl ərzində
daha çox fərqlənmiş, tədbirin hazırlanmasında zəhmət
payı olmuş müəllimlərə təşəkkür etdi, şagirdlərin
şənlikdəki çıxışlarını yüksək qiymətləndirdi, onlara
yeni ildə daha böyük uğurlar arzuladı.
Şənlik mərasimində iştirak edən Xətai Rayon Gənclər və
İdman İdarəsinin rəisi Əfqan Rzayev də müəllim və
şagirdlərə öz təbriklərini yetirdi, məktəb il ərzində
keçirilən yarış və müsabiqələrdə fərqləndiyi üçün
direktora idarənin fəxri fərmanını təqdim etdi. Sonra
məktəbin direktoru Nəsimi Abbasov fərqlənən müəllimləri
diplomla mükafatlandırdı. Tədbirin sonunda söz alan
məktəbin müəllimi Ləman Bəşirova onlar üçün yaradılan
şəraitə, təhsilə, təhsil işçilərinə göstərilən diqqət
və qayğıya görə ölkə başçısına minnətdarlıq etdi.
Yusif ƏLİYEV |