Dekabrın
24-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilən
tədbirdə "Tariximiz - dünənimiz, bu günümüz və
gələcəyimizdir" adlı "Azərbaycan tarixi fənn aylığı"na
yekun vuruldu. Tədbirdə məktəbin müəllim-şagird
kollektivi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik
Mərkəzinin nümayəndələri Allahverdi Qədirov, Zabit
Yunusov, valideynlər və digər şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəhram
Şiriyev iştirakçıları salamlayaraq qeyd etdi ki, təhsil
ocağında ənənəvi olaraq müxtəlif fənlərin aylıqları
təşkil olunur. Bu da həmin fənlərə olan marağı artırmağa,
istedadlı şagirdləri aşkara çıxarmağa və tədrisin
keyfiyyətini yüksəltməyə xidmət edir. Bildirildi ki,
tarix aylığı ərzində divar qəzetləri, xüsusi bülletenlər
buraxılmış, testlər vasitəsilə fənnin tədrisi vəziyyəti
yoxlanılmışdır. Tarix müəllimləri Mehriban Vəliyeva,
Afət Cəfərova, Sevinc Əliyeva, Sevil Hümbətova, Solmaz
Məhərrəmova və Elxan Quliyevin "acıq dərs"ləri
keçirilmişdir. Belə tədbirlərin şagirdlərin əqli
inkişafına, potensiallarının üzə çıxarılmasına müsbət
təsir etdiyi, aylıqda müxtəlif nominasiyalar üzrə
müsabiqələrin keçirildiyi qeyd edildi. Rəhbərlik etdiyi
məktəbin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olduğunu qürur hissi ilə vurğulayan B.Şiriyev
dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi
diqqət və qayğıdan söz açdı.
Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən bəhs
etdilər.
Tədbirdə şagirdlərin ifasında şeirlər söyləndi, mahnılar
səsləndirildi. Şagirdlər tərəfindən təşkil olunan və
tariximizin müəyyən dövrlərini əhatə edən səhnəciklər
iştirakçılara xoş ovqat bəxş etdi.
Niyazi RƏHİMOV |