Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra əldə
etdiyimiz ən böyük uğurlardan biri və xaricdə yaşayan
soydaşlarımızın və həmvətənlərimizin ölkəmizlə
əlaqələrinin daha da möhkəmlənməsi, dünya
azərbaycanlıları arasında birliyə və həmrəyliyə nail
olmağımızdır. Xalqımızın birlik və mütəşəkkilliyinin,
milli təəssübkeşlik və Vətənə sədaqətinin rəmzi olan 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü
soydaşlarımız tərəfindən əlamətdar bir tarix kimi qeyd
edilir.
Planetin müxtəlif şəhərlərinə səpələnmiş
azərbaycanlıların milli vəhdət günü - həmrəylik günü
münasibətilə təhsil müəssisələrində keçirilən rəngarəng
tədbirlərdən biri də dekabrın 27-də Bakı şəhər Bağça-Məktəb-Lisey
Kompleksinin X "ç" sinfində oldu.
Təhsil müəssisəsinin direktoru Qafar Hüseynov, fənn
müəllimləri və valideynlərin iştirak etdiyi "Gücümüz
həmrəylikdədir" adlı tədbir musiqisi Tahir Əkbərə,
sözləri Hilal Həsənoğluna aid "Həmrəylik himni"nin
oxunması ilə başladı.
X "ç" sinfinin rəhbəri, direktorun təlim-tərbiyə işləri
üzrə müavini Natəvan Heydərova bu günün yaranması
zərurəti və qeyd olunması ilə bağlı məlumat verərək
bildirdi ki, bu əziz bayram dünyadakı bütün
soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və
müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.
Bu gün dünyada 50 milyona yaxın azərbaycanlı yaşayır.
Azərbaycanın qərib ellərdə məskunlaşan övladları
sərhədsiz dünyamızın harasında olursa-olsun, yenə Vətən
deyir. Vətən onun müqəddəs adını dünyada tanıdan
övladlarının əməllərində yaşayır. Təbii ki, Azərbaycanın
gələcək inkişafı dünyanın müxtəlif ölkələrində yaşayan
hər bir azərbaycanlının qazandığı uğurlardan da çox
asılıdır. Elə buna görə də hansı ölkədə yaşamalarından
asılı olmayaraq həmvətənlərimiz dövlət müstəqilliyimizin
qorunub möhkəmlənməsi barədə düşünməli və bunun üçün
əllərindən gələni etməlidirlər.
Sonra onuncular şeirlər, mahnılar və rəqslərdən ibarət
maraqlı bədii proqramla çıxış etdilər. Nihat Heydərov,
Cavid Fərzəliyev, Sevinc Cəfərova, Murad Qurbanov, İlkin
Əzizli, Həsən Vəliyev, Fatimə Əmirli, Əziz Zamanlı,
Güldanə Mustafayeva, Sevinc Salayeva və başqaları Ramiz
Abdullayevin "Ana yurdum", "Yaşasın bütöv Azərbaycan",
Nəriman Həsənzadənin "İstiqlal himni" şeirlərini, eləcə
də "Bu Vətən kimin", "Anamızdır Azərbaycan", "Birləşsin
əllərimiz", "Azərbaycanım", "Ey Vətən" şeir və
mahnılarını ifa etdilər.
"Azərbaycanlılar və azərbaycançılıq" adlı ədəbi-bədii
kompozisiyanı təqdim edən şagirdlərin çıxışlarında belə
bir fikir ifadə olundu ki, müstəqil Azərbaycan
Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün
doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı
olmayaraq azərbaycanlılar öz ana dillərini, dinlərini,
milli adət və ənənələrini heç zaman unutmamalıdırlar.
Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük
tarixə, qədim, zəngin mədəniyyətə malik Azərbaycan kimi
Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun
arxasında Azərbaycan Respublikası kimi müstəqil bir
dövlət durur.
Sonra çıxış üçün söz təhsil müəssisəsinin direktoru
Qafar Hüseynova verildi. Ümummilli liderimiz Heydər
Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında
birləşdirilməsi və güclü diasporamızın yaradılması
siyasətini hazırda ölkə başçısı cənab İlham Əliyevin
uğurla davam etdirdiyini deyən Q.Hüseynov tədbir
iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı
münasibətilə təbrik etdi, şagirdlərə biliklərə dərindən
yiyələnməklə dərslərində böyük uğurlar qazanmağı
arzuladı.
Bütün tədbir boyu informasiya-kommunikasiya
texnologiyalarından geniş istifadə olundu.
Tədbirin sonunda X "ç" sinfinin şagirdləri öz arzularını
səsləndirdilər: "Biz istəyirik ki, müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşlarının
hüquqlarına malik olsunlar. Ancaq heç vaxt öz milli
köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki
bizim hamımızı birləşdirən tarixi köklərimiz, milli
mənəvi dəyərlərimiz, milli mənsubiyyətimizdir -
ədəbiyyatımız, incəsənətimiz, musiqimizdir, xalqımıza
mənsub olan adət-ənənələrimizdir".
Hicran ƏKBƏROVA |