Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun beynəlxalq layihələrdə iştirakı institutun
prioritet fəaliyyət istiqamətlərindəndir. İnstitut 2010-cu
ildən ADU-nun baş koordinatorluğu ilə TEMPUS-RİTSA
layihəsində də iştirak edir. 24-25 dekabr 2012-ci il
tarixlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda adıçəkilən layihə
çərçivəsində ömürboyu təhsilə (LLL) həsr olunmuş növbəti
seminar-treninq təşkil edildi. Treninqdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin nümayəndələri,
Azərbaycan Dillər Universiteti, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Naxçıvan
Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və
Lənkəran Dövlət Universitetinin mütəxəssisləri iştirak
edirdilər.
Təlimlərin ilk günündə Azərbaycan Dillər Universitetinin
əməkdaşı Yasəf Mürşüdov "RITSA layihəsi çərçivəsində ADU-da
ömürboyu təhsil sisteminin yenidən strukturlaşdırılması",
Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr
şöbəsinin müdiri Qahirə Məmmədova "NDU-da ömürboyu
təhsil", Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin baş
məsləhətçisi Aysel Ağayeva "Ali təhsil müəssisələrinin
akkreditasiyası", Lənkəran Dövlət Universitetinin
ingilis dili müəllimi Asudə Abdullayeva "Xarici dillərin
tədrisində keyfiyyətə nəzarət" mövzularında məruzələrlə
çıxış etdilər. Treninq iştirakçıları çıxışçılara
məruzələrlə bağlı onları maraqlandıran suallarla
müraciət etdilər, mövzular ətrafında müzakirələr
aparıldı.
Tədbirin ikinci günü ADU-nun Keyfiyyətin təminatı
şöbəsinin müdiri Aytən Bağırova "ADU-da keyfiyyətin
təminatı", Gəncə Dövlət Universitetinin baş müəllimi
Vüsal Kərimli "Ömürboyu təhsil yolunda beynəlxalq
təcrübənin perspektivləri", Təhsil Nazirliyinin
nümayəndəsi Sevda Abbasova "Fasiləsiz təhsil", BPKİYİ-nin
xarici dillər kafedrasının müdiri Rəfiqə Əliyeva "Ömürboyu
təhsil və Azərbaycanda xarici dillərin tədrisi"
mövzularında çıxış etdilər. BPKİYİ-nin xarici dillər
kafedrasının müəllimi Əminə Axundova Strasburq
Universitetinə səfəri zamanı tərcüməçilik sahəsində
peşəkar kadrların yetişdirilməsi, onlara ali təhsil
diplomlarının verilmə formaları haqqında təqdimat etdi.
Çıxışlar zamanı TEMPUS-RİTSA proqramı çərçivəsində
görülən işlər, aparılan islahatlar, distant təhsil,
tərcüməçilik sahəsində peşəkar kadrların yetişdirilməsi
yönündə icrası vacib məsələlərdən bəhs edildi.
Müzakirələr zamanı həmçinin, yeni təkliflər irəli
sürülərək, proqrama daxil olan ali təhsil müəssisə və
qurumlarının informasiya və təcrübə mübadiləsinin
vacibliyi vurğulandı.
Təlimlərin yekununda BPKİYİ-nin rektoru, professor Asəf
Zamanov çıxış edərək treninqə qatılmış ali təhsil
müəssisələrinin nümayəndələrinə və treninqin səmərəli
təşkilinə görə xarici dillər kafedrasının müdiri Rəfiqə
Əliyeva və xarici əlaqələr şöbəsinin müdiri Sevinc
Quliyevaya təşəkkürünü bildirdi. Rektor həmçinin ADU-nun
rəhbərliyinə xüsusilə, professor Səməd Seyidova və
dosent Jalə Qəribovaya TEMPUS layihəsinin qazanılmasında
göstərdikləri səyə və uğura görə təşəkkürünü bildirdi.
Jalə xanım da öz növbəsində dəfələrlə treninqlərin
BPKİYİ-də keçirilməsinə yaratdığı yüksək səviyyəli
şəraitə görə professor Asəf Zamanova təşəkkürünü
bildirdi və layihədə partnyor ali məktəblərin
nümayəndələrinə bu uğurlu əməkdaşlığın davamlı olmasını
arzuladı. Eyni zamanda növbəti treninqin NDU-da
keçiriləcəyini elan etdi.
Sonda rektor, professor Asəf Zamanov TEMPUS proqramı
çərçivəsində BPKİYİ-də, eləcə də regionlarda keçirilən
tədbir və treninqlərdən bəhs edərək, bu tip tədbirlərin
əhəmiyyətini vurğuladı. Natiq həmçinin, bu layihənin
müsbət nəticələrini sadalayaraq, keyfiyyətin təminatı
sahəsində gözlə görülə biləcək nailiyyətlərin
varlığından danışdı. Professor Asəf Zamanov həmçinin,
2013-cü ilin sentyabr ayında sözügedən layihənin dəstəyi
ilə "Xarici dillərin tədrisində yeni tendensiyalar:
mövcud təcrübə və inkişaf strategiyaları" mövzusunda
beynəlxalq elmi konfransın keçiriləcəyini elan etdi. O,
yüksək səviyyəli elmi konfransların keçirilməsinin
əhəmiyyətindən, bu tip tədbirlərin keçirilməsi
nəticəsində əldə edilmiş elmi nailiyyətlərdən söz açdı.
Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri |