Ömür
illərlə ölçülür. Hər ilin onda öz naxışı var.
Amma bu naxışlar eyni deyil. Biri daha böyük, daha
parlaqdır, digəri nisbətən kiçikdir.
Cəbrayıl rayonunda anadan olmuşam. Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologiya fakültəsini
bitirmişəm. Əmək fəaliyyətimə Cəbrayıl şəhər Cəmil
Əhmədov adına orta məktəbdə başlamışam. 1994-cü ildən
Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 151 nömrəli tam
orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi
işləyirəm. Ümumi pedaqoji stajım 30 ildən çoxdur. Bu
illərin hər biri mənim üçün əziz olub. Hərəsindən bir
uğurumun sorağı gəlir. Sənətimi sevirəm, işimə
məsuliyyətlə yanaşıram, yenilikləri həvəslə öyrənib
tətbiq edirəm, öz öyrətmə üsulum, xüsusi istedadlı
uşaqlarla iş sahəsində öz metodikam var. Məhz buna görə
də hər il dərs dediyim şagirdlərin çoxu yüksək balla ali
məktəblərə qəbul olunurlar. Bunları öz uğurlarım
sayıram.
Başa vurmaqda olduğumuz 2012-ci ili isə ömrümə ən
parlaq naxışını salmış il hesab edirəm. Çünki məhz bu il
pedaqoji sahədə çoxillik zəhmətim yüksək
qiymətləndirilərək möhtərəm Prezidentimiz İlham Əliyevin
sərəncamı ilə müəllimə verilən ən yüksək ada - "Əməkdar
müəllim" fəxri adına layiq görülmüşəm. Əlbəttə, əməyimə
verilən böyük qiymətə görə ilk növbədə təhsilə, təhsil
işçilərinə daim böyük diqqət və qayğı göstərən möhtərəm
Prezidentimizə minnətdarlığımı bildirirəm. Hələ də
yüksək mükafatın sevincini yaşayıram.
Bu il mənim üçün digər mühüm hadisələrlə də əlamətdar
olub. Ailəmizin sevimlisi Süleyman yüksək balla Qafqaz
Universitetinə qəbul olunub. Məktəbimizin qəbul faizi
65-ə çatıb. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən
Fəxri fərmanla təltif olunmuşam. Bir metodik vəsaitim
təkrar çap olunub.
İnsan arzularla yaşayır. Qarşıdan isə arzuları göyərdən
illərdən daha biri - 2013-cü il gəlir. Yeni ilin gəlişi
münasibəti ilə həmkarlarımı, onların simasında bütün
xalqımızı təbrik edirəm. Yeni ildə hər kəsə uğurlar,
arzuya qovuşmaq sevinci arzulayıram.
Solmaz SÜLEYMANOVA,
Bakıdakı 151 nömrəli tam orta məktəbin müəllimi,
əməkdar müəllim |