Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Təhsil eksperti Əlövsət Osmanlıya - Pisdir, yoxşa yaxşı deyil?!

 

Hörmətli Əlövsət müəllim! Sizin "Riyaziyyat -1" faciəmizdir" sərlövhəli yazınızı oxuduqda elə başa düşdüm ki, nəsə böyük bir faciə baş verib. Məqalədəki müəllif həyəcanı və "faciə" sözü məni də narahat etdi. "Riyaziyyat -1" dərsliyini  əldə edib onu diqqətlə nəzərdən keçirdim. Tezliklə aydın oldu ki, həqiqət heç də Sizin düşündüyünüz kimi deyil. Odur ki, Sizin iradlarınıza münasibət bildirmək qərarına gəldim. Kitabı diqqətlə oxuduqdan sonra ilk qənaətim bu oldu ki, sizin yazınız  qərəzlə yazılmışdır.

Yazırsınız:

"Standart 1.1.2. Şagird 10 dairəsində iki-iki ritmik sayır. Göründüyü kimi, burada söhbət 10 dairəsində ədədlərdən gedir. Buna baxmayaraq, müəlliflər sərhəd tanımadan ədədlər dairəsini 20-yə qədər "genişləndiriblər", özü də 1-ci dərsdən başlayaraq. Əslində bu cür saymalar "fikrən iki-iki toplama və çıxma" deməkdir. Bu səbəbdən də pedaqoji nöqteyi-nəzərdən yanaşdıqda onun haqqında toplama və çıxma əməlləri öyrədilərkən danışmaq daha məqsədəuyğundur. Çox qəribədir ki, toplama və çıxma əməllərini daxil etdikdən sonra, bunun əksinə olaraq, müəlliflər "iki-iki sayma"nı tamamilə "unudublar".

Birincisi, 1-ci dərsdə heç də iki- iki saymaya rast gəlmədim, ikincisi, burda sayma zamanı heç də 10 dairəsindən kənara çıxılmır. 11-ci səhifəyə qədər heç də sizin dediyiniz kimi sərhəd aşma yoxdur. 11-ci səhifədə şeir formasında bəzi sayların adı çəkilir.

"Standart 1.1.7. Şagird 20 dairəsində ədədləri müqayisə edir, müqayisənin nəticəsini " >", "<" , " =" işarələrinin köməyi ilə yazır. Bu standartda təsbit olunmuş bacarığın formalaşdırılması ilə bağlı dərslikdə, demək olar ki, bir şey yoxdur. Yalnız 3-4 yerdə bu məsələyə çox səthi toxunulub. Sanki adıçəkilən standart ötəri bir şeymiş".

32-ci və 89-cu səhifə tamamilə bu standarta həsr olunub. Siz isə yazırsınız ki, bu məsələyə səthi toxunulub.

"Standart 1.1.9. Sayı 10-la 20 arasında olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır, saya uyğun ədədi rəqəmlərlə yazır və oxuyur. Bu standarta aid bacarıqların formalaşdırılması ilə bağlı verilən materiallara baxanda adam dəhşətə gəlir (səh. 87, 88). Həftəbecər şeylərdir. Daha doğrusu, buradakı dolaşıq materiallar sanki şagirdi əsas hədəfə çatdırmağa yox, bu hədəfdən yayındırmağa xidmət edir".

Hesab edirəm ki, müəllif burada əyanilikdən istifadə etməklə qarşıya qoyulan məqsədə tamamilə müvəffəq ola bilmişdir.

Standart 1.3.3. 20 dairəsində toplama və çıxmanı yerinə yetirir.

Bu standartla bağlı qeyd edirsiniz ki, guya "Dərslikdə 14+6, 20-6, 18-12, 20-16 şəklində toplama və çıxmaya aid bircə dənə də olsun çalışma yoxdur!"

Sual edirəm, 14+5, 20-4, 20-14 şəklində çalışma varmı? Yəqin ki, "var" deyəcəksiniz. Əgər şagird 14+5 cəmini tapma mexanizmini bilirsə, 14+6 cəmini də tapa bilər. Bu tipli çalışmalar hökmən dərslikdəmi olmalıdır?

Mən riyaziyyat müəllimiyəm. Əgər kvadrat tənliklər mövzusunu keçərkən şagird  2x2+5x-7=0 tənliyinin həllini bilsə o, yəqin ki, 3x2+6x-9=0 tənliyini də həll edəcək. Əgər sonuncusu dərslikdə yoxdursa, buna görə dərslik müəlliflərini topa tutmaq nə dərəcədə ədalətlidir?

Yazırsınız: 89-cu səhifədəki mövzunun adına diqqət yetirin: "Ədədlərin müqayisəsi. Sayını təxmin edin". Əvvəla, burada müqayisənin necə aparılması ilə əlaqədar heç nə yoxdur. İkincisi, bir neçə yerdə  "13-dən sonrakı ilk ədəd" (eləcə də "13-dən əvvəlki ilk ədəd") şəklində dolaşıq ifadələrə rast gəlinir.

Sizinlə razılaşmaq olar ki, burada "Sayını təxmin edin" yarımbaşlığı artıqdır.

Güman edirəm, bu, texniki səhv də ola bilər.

Məncə, Sizin "burada müqayisənin necə aparılması ilə əlaqədar heç nə yoxdur" fikriniz əsassızdır. Çünki 32-ci səhifədə müqayisənin necə aparılması tam aydın şəkildə əksini tapıb.

Hörmətli Əlövsət müəllim, riyaziyyat dəqiq elmdir. Şagird 1-ci sinifdən başlayaraq bunu anlamalıdır. Ona görə də 13-dən sonrakı ilk ədəd və ya 13-dən əvvəlki ilk ədəd fikri tam doğru fikirdir. Və bir müəllim kimi apardığım sorğuya istinadən qeyd etmək istəyirəm ki, bu heç də şagirdlərdə sizin düşündüyünüz kimi fikir dolaşıqlığı yarada bilməz.

Sizi narahat edən bir məsəsləyə də toxunmaq istəyirəm.

Ədədin iki qatı ilə sizin fikirlərinizlə razılaşmaq olmaz.

Təcrübə göstərir ki, şagirdlər verilmiş ədəddən iki dəfə böyük və ya beş dəfə böyük anlayışlarını qavramaqda çətinlik çəkirlər. Ədədin iki qatı bu anlayışlara tam aydınlıq gətirməkdə böyük əhəmiyyətə malikdir.

Doğrudan da, tez hesablamaq üçün bu anlayışdan istifadə etmək faydalıdır.

Məsələn, 41+40= 40+40+1=81

Bu həm də yuxarı siniflərdə ikiqat bucaq düsturlarını keçərkən mövzunun şagirdlər tərəfindən asan qavranılmasına bir töhfədir.

Sonda Sizin o fikrinizlə razıyam ki, daha yaxşı dərslik hazırlamaq üçün potensialımız var. Məncə, bunun üçün kiçik texniki qüsurlara görə kitabı "faciə" adlandırmaqdan, müəllifləri ruhdan salmaqdansa, bu sahədə yetərli təcrübə sahibi kimi onları ruhlandırmaq, kömək etmək daha yaxşı olardı.

Məclislərin birində eşitdiyim söhbət yadıma düşdü. Bir dəfə şah məclis qurub bütün saray əhlini yanına çağırır. Məclisdə iki şairin şeirləri dinlənilir.

Birinci şairin qafiyəsi "yaxşıdır, yaxşı deyil, ikincisinin isə qafiyəsi əsasən "pisdir, pis deyil" sözləri üzərində qurulur.

Şah əmr edir ki, birinciyə ənam versinlər, ikincisinə isə şallaq vurulsun.

Şahın vəziri bu işə təəccüb edir.

- Şah sağ olsun, bu sairlərin hər ikisi eyni fikirləri ifadə etdi. Birincisi dedi yaxşıdır. İkincisi isə dedi, pis deyil və ya birincisi dedi, yaxşı deyil, ikincisi isə dedi, pisdir. Məgər bunlar eyni fikirlər deyilmi?

Şah deyir:

- Birinci şair yaxşı insan olduğundan pis sözünü işlətmir, əvəzində "yaxşı deyil" sözündən istifadə edir. Ona görə də o, ənama layiqdir. İkinci isə o qədər xəbis insandır ki, yaxşı sözləri qəbul etmir, əvəzində, "pis deyil" fikrindən istifadə edir. Buna görə də o, şallağa layiqdir. Hörmətlə: 

Dadaşbala DUNİYEV,
İlin ən yaxşı müəllimi  Masallı rayonu

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov