Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində "Qloballaşma şəraitində kulturoloji
innovasiyalar və sosial-mədəni inkişaf" mövzusunda
beynəlxalq elmi-nəzəri konfrans keçirildi.
Tədbir
iştirakçıları öncə universitetin foyesində ulu öndər
Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül çələngi
qoydular və kulturologiyaya həsr edilmiş kitablardan
ibarət sərgi ilə tanış oldular. ADMİU-nun rektoru,
professor Timuçin Əfəndiyev konfransın dekabrın 21-də
keçirilən plenar iclasını açaraq iştirakçıları, o
cümlədən Böyük Britaniya, Rusiya, Gürcüstan və digər
xarici ölkələrdən gəlmiş qonaqları salamladı. Giriş
sözündə bu tədbirin əhəmiyyətindən bəhs edən T.Əfəndiyev
bildirdi ki, belə bir aktual mövzuya həsr olunmuş
konfransın məhz ADMİU-da təşkil edilməsi heç də təsadüfi
deyil. 90 illik yubileyi qeyd edilən bu təhsil ocağı
təkcə böyük sənətkarlıq ənənələri ilə deyil, nəzəri
biliklər sahəsindəki ciddi elmi-tədqiqat xarakterli
fəaliyyəti ilə də tanınır. Universitet xarici ölkələrin
bir çox ali məktəbləri ilə sıx əməkdaşlıq edir və bu
onun dünyada tanınmasının, nüfuzlu beynəlxalq
konfranslara ev sahibliyi etməsinin əsas şərtlərindən
biridir.
Kulturologiya fakültəsini cəmiyyətdəki kulturoloji
prosesləri ən müxtəlif aspektlərdə öyrənən elmi
laboratoriya adlandırdığını deyən rektor qeyd etdi ki,
bu gün universitetdə kulturologiyanın müasir tələblərə
cavab verən geniş elmi bazası yaradılmış, respublikada
müasir elm olan kulturologiyanın fundamental bazası məhz
burada formalaşmışdır.
Professor Timuçin Əfəndiyev diqqətə çatdırdı ki, bu
konfransda müasir kulturologiyanın prioritet tədqiqat
istiqamətlərindən olan innovasiya problemləri ön plana
çəkilmişdir. Həmin problemlər çağdaş cəmiyyətin sosial-mədəni
inkişafı fonunda nəzərdən keçirilir. Azərbaycan kimi
Şərq və Qərb dəyərlərindən bəhrələnən, dinamik inkişaf
edən ölkədə kulturoloji innovasiyaların məhz sosial-mədəni
inkişaf kontekstində işıqlandırılması heç də təsadüfi
deyildir. Ölkəmizdə böyük sosial-mədəni layihələr həyata
keçirilir. Qədim və zəngin mədəniyyətə malik olan
Azərbaycan bu gün dünya birliyi tərəfindən təqdir olunan,
demokratik dəyərlərə istinad edən, güclü dövlətçilik
ənənələrindən qaynaqlanan vətəndaş cəmiyyəti qurmuşdur.
Bu cəmiyyətin ideya istiqamətləndiricisi isə ümummilli
lider Heydər Əliyevin milli mənəvi dəyərlərə istinad
edən müdrik fikirləri, dəyərli tövsiyələri və
azərbaycançılıq fəlsəfəsidir.
Sözünə davam edən rektor bildirdi ki, Azərbaycanın təbii
sərvətləri və imkanları kimi zəngin mənəvi irsi,
yaratdığı böyük mədəniyyət də bu gün dünyanın diqqət
mərkəzindədir. Bütün bunlar təməli ulu öndər Heydər
Əliyev tərəfindən qurulmuş dövlət strategiyamızın
məqsədyönlü, ardıcıl fəaliyyəti sayəsində mümkün
olmuşdur. Bu gün Prezident İlham Əliyevin apardığı
uzaqgörən siyasət həm də Azərbaycan mədəniyyəti və
ictimai fikir tarixinin, mənəvi dəyərlərimizin dünya
ölkələri arasında yayılmasına yardım edir. Professor
bildirdi ki, yurdumuzun özü qədər qədim olan Qobustan
abidələri, kökü minilliklərə gedib çıxan muğamlarımız,
aşıq sənəti incilərimiz və digər bu kimi mədəni
sərvətlərimizin hazırda dünya birliyinin diqqət
mərkəzində olması sivilizasiyalararası dialoqda
Azərbaycanın imza atdığı uğurlar cərgəsindədir. Bu
uğurlar təkcə mədəni cəbhənin nailiyyətləri deyil, həm
də böyük siyasi çəkiyə malikdir. Möhtəşəm festivalların,
o cümlədən muğam festivallarının gerçəkləşdirilməsi bu
siyasətin tərkib hissəsidir. Bu böyük missiyanın
reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz
xidmətləri vardır.
Milli Məclisin deputatı Mübariz Qurbanlı çıxışında
konfransın olduqca aktual bir məsələyə həsr olunduğunu
vurğulayaraq dinləniləcək 150-dən çox məruzənin hər
birinin rəngarəngliyi və əhatə dairəsinin genişliyi ilə
diqqəti cəlb etdiyini bildirdi. M.Qurbanlı qeyd etdi ki,
Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli mənəvi
dəyərləri ilə dünyada daha çox tanınmaqdadır. Bu
istiqamətdə işlərin uğurla həyata keçirilməsində ölkə
Prezidenti cənab İlham Əliyevin xidmətləri misilsizdir.
Sonra çıxış edən Moskva Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı,
professor İrina Silakova təmsil etdiyi ali məktəb
haqqında ətraflı məlumat verdi. O, belə konfransların
yetişməkdə olan gənc nəslin tərbiyəsində və cəmiyyətin
inkişafında mühüm əhəmiyyət daşıdığını dedi: "Çalışmalıyıq
ki, təmsil etdiyimiz ali təhsil müəssisələrinin
məzunları, yəni XXI əsrin yaradıcıları həqiqət,
xeyirxahlıq, gözəllik və məhəbbət kimi mənəvi
keyfiyyətlərin daşıyıcıları olsunlar. Bu baxımdan
konfransda səslənən fikirlər bütünlükdə dünya
ictimaiyyəti üçün çox önəmlidir".
Gürcüstanın İlya Universitetinin İncəsənət Tədqiqatları
İnstitutunun direktoru, professor Levan Xetaquri
konfransda aparılan fikir mübadilələrinin teatr
təhsilində Boloniya prosesinin nəzəri və praktik
məsələlərinin araşdırılması baxımından böyük əhəmiyyət
kəsb etdiyini və belə bir tədbirdə iştirakından məmnun
olduğunu bildirərək qeyd etdi ki, teatr sahəsində təhsil
alanlar teatr irsini kifayət qədər yaxşı bilməlidirlər
ki, yeni axtarışları da uğurla reallaşdırmağı
bacarsınlar və mövcud sərhədi asanlıqla dəf etsinlər.
Tədbirdə "Visions of Azerbaijan" jurnalının redaktoru
İan Piertin çıxışı da çox maraqla qarşılandı: "Mən
Bakıya 2000-ci ildə gəlmişəm. Buraya gələndə vaxtilə
dünyada neftin yarısını hasil edən və İkinci Dünya
müharibəsində cəbhəni yanacaqla təmin edən bir ölkənin
paytaxtı haqqında heç vaxt eşitməmişdim. Həmin vaxt bu
ölkənin mədəniyyəti - Nizami, Füzuli, Üzeyir Hacıbəyli,
Vaqif Mustafazadə, Tahir Salahov kimi korifey
sənətkarlar və muğam mənə tamamilə yad idi. Hətta 1966-cı
ildə Londonda keçirilən futbol üzrə dünya çempionatının
finalında məşhur mübahisəli qolu tərəddüd etmədən qeydə
alan Tofiq Bəhramov da o vaxtlar "rus yan xətt hakimi"
kimi təqdim edilmişdi. Az vaxtdan sonra dərk etdim ki,
Azərbaycan möhtəşəm bir ölkədir. Bu ölkə məni həmişə
maraqlandırır, Azərbaycan öz təbii sərvətlərinə görə
Qərb üçün daha vacib olduqca Avropada insanlar onun
mövcudluğu haqqında getdikcə daha çox eşidirlər. İndi
bir çox ingilis futbolsevərlər Tofiq Bəhramovun rus
olmadığını bilirlər".
Professorlar Niyazi Mehdi, Əlikram Tağıyev, İlqar
Hüseynov, Sakit Hüseynov, Çingiz Abdullayev və başqaları
çıxışlarında müzakirə olunan mövzunun aktuallığından
bəhs edərək müasir bəşəriyyətin inkişafını xalqlararası
mədəni mübadiləsiz təsəvvür etməyin çətin olduğunu
vurğuladılar.
Plenar iclasa yekun vuran ADMİU-nun rektoru, professor
Timuçin Əfəndiyev iki gün ərzində işini "Qloballaşma və
mədəniyyətlərarası dialoq", "Mədəniyyət və şəxsiyyət",
"Modernləşmə və dünya dinləri", "Kulturologiya və onun
aktual problemləri" bölmələrində davam etdirəcək
konfransda kulturologiya elminin ayrı-ayrı məsələləri
ilə bağlı maraqlı fikirlərin səslənəcəyinə əmin olduğunu
bildirdi və konfransın işinə uğurlar arzuladı.
Hicran ƏKBƏROVA |