Görüşdə
AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə
görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı fikir
mübadiləsi aparılıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın
valideyn-məktəb əlaqələrinin inkişafı istiqamətində
gördüyü işlərdən danışıb. AMVMA-nın son illər təhsilin
inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli
təşkili baxımından gördüyü işlərə toxunan Misir Mərdanov
əsas məqsədi valideynlərlə müəllimlərin faydalı ünsiyyət
mühitinin yaradılmasından ibarət olan bu təşkilatın
həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir
bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin
qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında,
müəllim və məktəbin nüfuzunun yüksəldilməsində tədris
ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim
Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr düşür.
Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyasının
icraçı direktoru Təranə Şərifova bu görüş və göstərilən
dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib.
Son illər AMVMA üzvlərinin sayının artdığını deyən
T.Şərifova rəhbəri olduğu qurumun həyata keçirdiyi
layihələr və təşkil etdiyi tədbirlər barədə məlumat
verib.
Daha sonra icraçı direktor VMA-nın fəaliyyətinin
səmərəliliyinin artırılması üzrə mexanizmin hazırlanması
və orta məktəblərdə bu baxımdan həyata keçirilən
tədbirlərə diqqət çəkib. Təhsil islahatlarının
müəllimlərin və valideynlərin üzərinə qoyduğu ümdə
vəzifələrin düzgün təbliğində VMA-nın qarşısında duran
məsələlərin əhəmiyyətindən bəhs edən T.Şərifova nümunəvi
VMA-ların təcrübəsinin yayılmasının zəruriliyinə toxunub.
T.Şərifova, həmçinin qarşılaşdıqları bəzi problem və
çətinlikləri diqqətə çatdırıb, bir sıra təkliflərini
səsləndirib.
Görüşdə iştirak edən Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının İdarə Heyətinin üzvlərindən Bakı şəhəri
46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova,
132-134 nömrəli təhsil kompleksinin direktoru Sara
Xanlarova, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzinin direktoru Vəfa Məmmədova, Təhsil Nazirliyinin
şöbə müdirləri Fərzəli Qədirov, Aydın Əhmədov, Şahrza
Əliyev və başqaları valideynlərlə müəllim və məktəbin
daha səmərəli əlaqəsinin təşkili, valideynlər arasında
maarifləndirmə işinin aparılması, müəllimin cəmiyyətdə
nüfuzunun artırılması, habelə bu kimi digər məsələlərlə
bağlı təkliflərini bildiriblər. Valideyn-Müəllim
Assosiasiyasının mətbuat orqanının yaradılması,
ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair
məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb
əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflər
səsləndirilib.
Sonra təhsil naziri VMA-nın fəaliyyətinin daha səmərəli
təşkil olunmasının önəminə diqqət çəkib və bununla bağlı
görüləcək işlərin dəqiq müəyyənləşdirilməsinin
əhəmiyyətli olduğunu bildirib. VMA-nın fəaliyyətinin
genişləndirilməsini mühüm məsələlərdən biri kimi
dəyərləndirən Misir Mərdanov görülmüş işlərlə bağlı
təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Nazir bu qurumun gördüyü işlərə lazımi dəstək
göstəriləcəyini vurğulayaraq müvafiq tövsiyə və
tapşırıqlarını verib.
(Görüşlə bağlı geniş material qəzetin növbəti sayında
dərc olunacaq) |