Dekabrın
26-da Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat
məktəbləri, müəllim və idmançılar arasında 12 nominasiya
üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Mərasimi təhsil naziri Misir Mərdanov açaraq öncə
iştirakçıları 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik
etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Təhsil Nazirliyində hər ilin sonunda idman
nailiyyətlərini qeyd edib fərqlənən idman məktəbləri və
idmançıların mükafatlandırılmasının artıq ənənəyə
çevrildiyini qeyd edən nazir növbəti belə bir mərasimə
yığışdıqlarını bildirdi.
İnsanların sağlamlığı və idmanın dövlət üçün mühüm
əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu nəzərə
çatdıran Misir Mərdanov məhz buna görə də ümummilli
lider Heydər Əliyevin idmanın inkişafına həmişə yüksək
diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin hazırda
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini vurğuladı. Qeyd etdi ki, ölkədə
idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, son
illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük
uğurlar əldə edirlər. Ölkəmizdə çoxlu sayda Avropa,
dünya birincilikləri, olimpiya təsnifat turnirləri
keçirilməkdədir. Bu baxımdan, Avropa Olimpiya
Komitəsinin Baş Assambleyasında ilk Avropa Olimpiya
Oyunlarının
2015-ci ildə Azərbaycanda keçirilməsi
haqqında qərar qəbul edilməsini yüksək qiymətləndirən
Misir Mərdanov bu mühüm hadisənin son illər ölkəmizin
bütün sahələrdə, eləcə də idman sahəsindəki uğurları ilə
əlaqələndirdi.
Azərbaycan Prezidentinin sərəncamına əsasən 2012-ci ilin
ölkəmizdə "İdman ili" elan edilməsi ilə əlaqədar Təhsil
Nazirliyinin tədbirlər planının təsdiq olunduğunu nəzərə
çatdıran Misir Mərdanov bu müsabiqənin də həmin plana və
nazirliyin müvafiq əmrinə əsasən keçirildiyini,
müsabiqədə məqsədin Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən uşaq gənclər idman və şahmat
məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin
fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları
aşkar etmək və onları rəğbətləndirmək olduğunu söylədi.
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq plana
uyğun olaraq keçirilmiş tədbirlər barədə danışan nazir
bildirdi ki, il ərzində uşaq-gənclər idman və uşaq-gənclər
şahmat məktəbləri arasında 39 çempionat, birincilik,
zona və seçmə yarışları, 11 respublika turniri, həmçinin
beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar
70 təlim-məşq toplantısı təşkil olunub. Cari ildə
respublika birincilik, çempionat və kubok yarışlarında
müxtəlif idman növləri üzrə 557, o cümlədən 219 qızıl,
172 gümüş, 166 bürünc medal qazanıldığını yüksək
nailiyyət kimi dəyərləndirən Misir Mərdanov Avropa,
dünya birinciliyi və çempionatlarında, eləcə də
beynəlxalq turnirlərdə də idmançılarımızın ümumilikdə 97
medal, o cümlədən 55 qızıl, 17 gümüş və 25 bürünc medal
əldə etdiklərini diqqətə çatdırdı.
Təhsil naziri çıxışında şahmat və futbolun daha da
inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları
ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası ilə
bağlı görülmüş işlər, ümumi təhsil məktəblərində
şahmatın tədrisi, uşaq-gənclər idman və şahmat
məktəblərinin, ümumtəhsil, ilk peşə-ixtisas, orta
ixtisas təhsili müəssisələrinin idmanla bağlı maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində atılmış
addımlar barədə də ətraflı məlumat verdi. Çıxışının
sonunda Misir Mərdanov müsabiqə qaliblərini təbrik
edərək onlara uğurlar arzuladı, bu nailiyyətlərin
davamlı olacağına inamını ifadə etdi.
Daha sonra uşaq-gənclər idman və şahmat məktəbləri,
məşqçi-müəllim və idmançılar arasında 12 nominasiya üzrə
təşkil olunmuş Respublika müsabiqəsinin qaliblərinin
adları açıqlandı, onlara Təhsil Nazirliyinin diplomları
və hədiyyələr təqdim olundu.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini
İsmayıl İsmayılov, Milli Məclisin deputatı Adil Əliyev,
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq
Həsənov çıxış edərək ölkə Prezidentinin idmanın
inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, son
illər bu sahədə əldə olunmuş nailiyyətlərdən danışdılar,
qalibləri qazandıqları uğur münasibətilə təbrik etdilər.
Yusif ƏLİYEV |