Dekabrın
21-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali
təhsil ocağının yaranmasının 50 illik yubileyi
münasibətilə tədbir keçirildi. Tədbirdə təhsil naziri
Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Qəhrəmanov,
Milli Məclisin deputatları, universitet rektorları,
alimlər, ziyalılar və digər şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin
kollektivini yubiley münasibətilə təbrik etdi. Ali
təhsil müəssisəsinin fəaliyyətindən söz açan E.Əzizov
universitetin 50 illik yubileyinin şəhərin tarixində
mühüm bir hadisə olduğunu bildirdi. Sumqayıtın ictimai-siyasi
həyatında bu ali təhsil müəssisəsinin mühüm yer
tutduğunu söyləyən icra başçısı sənaye şəhərinin
inkişafında, zavod və fabriklər üçün ixtisaslı kadr
hazırlığında SDU-nun xüsusi xidmətləri olduğunu diqqətə
çatdırdı.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim
iştirakçılarını salamlayaraq universitetin 50 illik
yubileyi münasibətilə kollektivi təbrik etdi. Ölkə
Prezidentinin təhsilə və təhsil işçilərinə göstərdiyi
diqqət və qayğıdan danışan nazir SDU-nun Azərbaycanın
təhsil sistemində xüsusi yeri olduğunu və universitetin
uğurlarının ilbəil artdığını bildirdi.
Misir Mərdanov universitetin Azərbaycan elminə,
təhsilinə bir çox elm adamları bəxş etdiyini və bu
ənənənin bu gün də qorunub saxlanıldığını söylədi.
Universitetin Avropa təhsil sisteminə inteqrasiya
yolunda uğurlu addımlar atdığını vurğulayan təhsil
naziri SDU-nun fəaliyyətini yüksək qiymətləndirdi. SDU-nun
öz elmi potensialını və təhsil istiqamətlərini
Sumqayıtın yeniləşən sənaye müəssisələrinin tələblərinə
uyğun qurmalı olduğunu bildirən Misir Mərdanov təhsil
ocağının əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar
arzuladı. Dövlət başçısının sərəncamına əsasən
Azərbaycan təhsilinin inkişafındakı xüsusi xidmətlərinə
görə fəxri adlar verilmiş universitet əməkdaşlarını
təbrik edən nazir onlara diplom və hədiyyələr təqdim
etdi.
Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir
Qəhrəmanov çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə
bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi
inkişaf tendensiyası formalaşıb və bu inkişaf dinamikası
ulu öndər Heydər Əliyevin qurduğu düşünülmüş
strategiyanın nəticəsidir. Rektor bu inkişafın bu gün də
ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
davam etdiyini vurğuladı. Bildirildi ki, universitetin
əməkdaşlarının fəxri adlar və medallara layiq görülməsi
barədə dövlət başçısı tərəfindən bu günlərdə imzalanan
sərəncam ölkənin elm və təhsil işçilərinin, eləcə də
Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının
fəaliyyətinə verilən ən yüksək qiymətdir. Son illər
təhsilin keyfiyyətinin artırılması üçün SDU-da görülən
işlər barədə məlumat verən N.Qəhrəmanov, təhsil ocağının
ölkənin aparıcı təhsil müəssisələrindən birinə
çevrilməkdə olduğunu və bunun üçün var gücləri ilə
çalışdıqlarını diqqətə çatdırdı.
Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının rektoru,
professor Siyavuş Qarayev, AMEA-nın birinci vitse-prezidenti,
akademik Arif Həşimov, Qubadlı Rayon İcra Hakimiyyətinin
başçısı Malik İsaqov, Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə
Cəfərzadə, Lənkəran Dövlət Universitetinin rektoru,
professor Asəf İsgəndərov, "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin prezidenti Ənvər Özərən, Bakı Dövlət
Universitetinin prorektoru, professor Aydın Kazımzadə,
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru,
professor Vaqif Abbasov, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru,
professor Asəf Zamanov, Azərbaycan Dövlət Dəniz
Akademiyasının rektoru, professor Rasim Bəşirov çıxış
edərək yubiley münasibəti ilə SDU-nun kollektivinə
təbriklərini çatdırdılar, ali təhsil müəssisəsinin
uğurlarının bundan sonra da davam etdiriləcəyinə əmin
olduqlarını bildirdilər.
Niyazi RƏHİMOV |