Riyaziyyat ümumtəhsil məktəblərində tədris olunan ən
mühüm və vacib fənlərdən biridir. Riyaziyyat zehni
inkişafın əvəzedilməz vasitəsidir, müasir ixtisas
sahələrinin çoxu ilə birbaşa bağlıdır. Riyaziyyatın
öyrənilməsində ən ağrılı öyrənmə forması "tədrisin
təbaşir metodu"nun dominant rol oynamasıdır, bunun
nəticəsi isə aşkardır - formal biliklər "qazanılır".
Hətta ən yaxşı avadanlıqlar, əyani vəsaitlər özbaşına
yaxşı effekt verə bilməz. Yeni ideyalar, yeni
metodikalar və fəal mütəxəssislər lazımdır. Bunlardan
biri və ən mühümü müəllimin yaradıcı olmasıdır.
Ənənəvi olaraq uzun müddət ölkəmizdə, eləcə də postsovet
məkanında müəllimin rolu biliklərin şagirdlərə
ötürülməsi kimi başa düşülüb. O müəllim yaxşı müəllim
adlandırılıb ki, şagirdlərinə daha çox məlumat aşılasın.
İndi isə müəllim daha çox bələdçi rolunu oynayır,
şagirdləri müxtəlif mənbələrdən müstəqil şəkildə
biliklər əldə etməyə istiqamətləndirir, başqa sözlə,
onlara öyrənməyi öyrədir. Belə şəraitdə isə şagird
şəxsiyyəti inkişaf edir, onun hər bir hadisəyə öz baxışı
və yanaşması olur, qərar verməkdə çətinlik çəkmir.
Müəllim şagirdlərlə əməkdşlıq şəraiti yaratmalıdır.
Öyrənmə prosesində şagirdin müstəqil düşünməsi və
yaradıcı fəaliyyət göstərməsi üçün o, nəyi və necə
etməyi bilməlidir, təlim metodları şagirdlərin yaşına,
bilik səviyyəsinə uyğun seçilməlidir, hər bir şagirdin
psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır, müəllim
şagirdi subyekt kimi qəbul etməlidir, şagirdlər öz
rəylərini sərbəst və azad ifadə etməlidirlər, şagirdlərə
"öyrənməyi öyrətmək" prinsipi aşılanmalıdır. Burada
kitab üzərində iş - yəni kitabı oxumaq, təhlil etmək,
diskussiya aparmaq, mövzunu cümlə-cümlə oxuyub müzakirə
etmək nəzərdə tutulur. Ənənəvi dərsin quruluşu sinfin
təşkilindən, köhnə dərsin frontal sorğusundan, yeni
dərsin izahından, qiymətləndirmədən ibarətdir.
Fəal dərsdə isə sinfi təşkil etdikdən sonra suallar
əsasında frontal sorğu aparmaq olar. Fəal dərs
motivasiya ilə başlanır. Motivasiya - şagirdlərdə dərsə
aid yaradılan maraqdır. Motivasiyanın rolu şagirdi
maraqlandırmaq, onun diqqətini cəlb etmək və onu aktiv
təlim fəaliyyətinə təhrik etməkdir. Motivasiya
suallarla, şəkillə, inteqrasiya ilə yaradıla bilər.
Tədqiqatın təşkili mərhələsində müəllim sinfə problemin
həlli istiqamətində iş tapşırır. İş cütlüklərlə, fərdi,
bütün siniflə, qruplarla aparıla bilər. Müəllim mövzuya
və verəcəyi tapşırığa uyğun iş forması seçməlidir.
Məlumatın mübadiləsi mərhələsində tədqiqat işini
bitirmək üçün şagirdlər öz aralarında verilən tapşırıqla
əlaqədar fikir mübadiləsi edirlər. Məlumatın təşkili
zamanı şagirdlər qrupun ümumi fikrini seçdikləri lider
vasitəsilə müəllimə çatdırırlar. Nəticələrin çıxarılması
zamanı müəllim məlumatları topladıqdan sonra tədqiqat
işi ilə əlaqədar yanlış fikirlər varsa, lazımi istiqamət
verib ümumi nəticə çıxarır. Tətbiqetmə əldə olunan
biliklərə əsaslanaraq müəllimin verdiyi tapşırığın
sinifdə və ya evdə yerinə yetirilməsidir. Qiymətləndirmə
və ya refleksiya dərsin hər mərhələsində aparıla bilər.
Fəal dərsin üstünlüyü ondadır ki, şagird əməyinin
ağırlıq mərkəzi ev işindən sinfə keçirilir.
Dərs əsnasında müəllim riyaziyyat fənninin mühümlüyü və
həyati əhəmiyyətindən, müasir elmin nailiyyətlərindən
söhbət açmaqla bərabər, məlum materialları yeni
nöqteyi-nəzərdən təqdim etməli, riyazi nəzəriyyələrin
məntiqini və gözəlliyini göstərməlidir, elmi müddəaları
eksperimental əsaslandırmalı, nümayiş etdirməlidir.
İstənilən mövzunu fəal dərs metodlarından, yeni
riyaziyyat kurikulumundan istifadə etməklə tədris etmək
olar. Hər şey müəllimin savadından, onun yaradıcı
yanaşmasından və peşəsinə məhəbbətindən asılıdır.
Müasir informasiya cəmiyyəti şəraitində müəllimi
xarakterizə edən əsas keyfiyyətlərdən biri də, şübhəsiz
ki, İKT-nin tətbiqi ilə bağlı bacarıqlardır. Bəs bu
sahədə vəziyyət necədir və necə olmalıdır?
Riyaziyyat dərslərinin tədrisində müasir dövrə uyğun
olaraq, riyaziyyatın informasiyalaşdırılması prosesi, ən
yeni kompüter texnologiyalarının tətbiqi və İnternet öz
əksini tapmalıdır.
Dərsdə kompüterdən istifadənin forma və yeri, əlbəttə
ki, bu dərsin məzmunundan, qarşıya qoyulan məqsəddən
asılıdır. Belə dərsin aşağıdakı funksiyalarını sadalamaq
olar:
* instrumental (əyani vəsaitlərlərin hazırlanması);
* nümayiş (slaydlar, təqdimatlar, filmlərin
göstərilməsi);
* tədris (trenajorlar);
* yoxlama.
İT tətbiqi ilə müxtəlif dərs növləri mövcuddur:
kompüterdən bir əyani vəsait kimi istifadə etməklə
dərs-söhbət, tədqiqat işlərinin təklif olunması və
aparılması dərsləri, məşğələ dərsləri, yoxlama dərsləri,
qarşılıqlı dərslər və s.
Təcrübə göstərir ki, riyaziyyat dərslərində kompüterdən
istifadə etmək aşağıdakı hallarda daha məqsədəuyğundur:
* şifahi hesablamalarda (tez bir zamanda tapşırığı verib
cavabı yoxlamaq);
* yeni materialın öyrənilməsində (müxtəlif əyani
vəsaitdən istifadə etmək,yeni anlayışlara keçidin
motivasiyasını qurmaq);
* frontal sorğunun yoxlanmasında;
* məsələlərin həllində (şəklin çəkilməsi, müəyyən
bacarıqların oyrədilməsi);
* şagirdlərin tədqiqat fəaliyyətinin təşkilində;
* başqa uyğun fənlərlə qarşılıqlı əlaqələrin
qurulmasında.
Təhsildə informasiya texnologiyalarının imkanlarından
istifadə şagirlərin öyrənmə həvəsini, yaradıcılıq
təşəbbüsünü, özünə və özünün təhsilinə aktiv mövqeyini
stimullaşdırır.
Uzun müddət ərzində müəllimlər pedaqoji prosesi ənənəvi
təlim metodları üzərində qurub və müəyyən uğurlar da
qazanıblar. Lakin inkişafetdirici aspektə, nəticəyönümlü
təlimə, bacarıqların formalaşdırılmasına diqqət
yetirilməyib. İndi isə müasir dərsi yeni təlim
strategiyaları olmadan təsəvvür etmək mümkün deyil.
Məlumdur ki, müasir təlim strategiyaları, fəal
interaktiv təlim metodları şagirdlərin təlim prosesində
daha fəal iştirakına, həyati və tətbiqi bacarıqlar əldə
etməsinə, məntiqi və tənqidi təfəkkürünün inkişafına
yönəlmişdir.
Müasir təlim metodlarının tətbiqi nəzərdə tutulan
dərslərə xüsusi hazırlaşmaq, əlavə mənbələr axtarmaq,
təlim materialları hazırlamaq, fərdi tapşırıqlar
müəyyənləşdirmək, müasir qiymətləndirmə üsullarından
istifadə etmək tələb etdiyindən müəllimlər bir çox
hallarda çətinlikdən qaçır və daha asan yolla getmək
istəyirlər. Belə halların olmaması üçün müəllimlərlə
sistemli işin aparılması, metodkabinetlərin bu prosesə
fəal cəlb olunması vacib məsələlərdəndir.
Riyaziyyat fənni öz daxilində idraka əsaslanan elmdir,
onun özülü qədimdən yaradıcılıq üzərində qurulub. Bu gün
Azərbaycan təhsilində aparılan islahatlarda müəllim
şagird yaradıcılığına böyük önəm verir. Müəllim öz
dərsinə yaradıcı yanaşarsa, sözsüz ki, şagirdlər də
sinifdə müəllimin bu yanaşmasına yaradıcı cavab
verəcəklər.
Xırdaxanım HƏSƏNOVA,
Bakıdakı H.Aslanov adına 175 nömrəli
tam orta məktəbin riyaziyyat müəllimi |