Son illər təhsil sahəsində aparılan islahatlar tədris
prosesinə xeyli yeniliklər gətirib. Bunların bir qismi
dərsin təşkili forma və üsulları ilə bağlıdır. Bu
baxımdan fəal, interaktiv dərsləri, böyük və kiçik
qruplarla işi, dərsdə İKT vasitələrindən, interaktiv
təlim üsullarından istifadəni xüsusi qeyd etmək olar.
Lakin hər bir yeni forma və üsul yenilik xatirinə deyil,
faydalılıq baxımından yanaşılıb tətbiq olunduqda müsbət
nəticə verir. Bəzən bu həqiqət unudulur və yeni təlim
forma və üsullarından yeri gəldi-gəlmədi istifadə
edilir. Bu da müəyyən iş forma və üsullarına həddən
artıq aludəlik yaradır.
Halbuki, dərsdə iş forma və üsulları öyrənilən mövzuya,
dərsin məqsədlərinə uyğun seçilməlidir. Mən dərslərimdə
bu vacib məsələni maksimum nəzərə almağa çalışır, təlim
forma və üsullarını seçib tətbiq edərkən məhz fənnin
xüsusiyyətlərindən, dərsin mövzusundan, sinfin hazırlıq
səviyyəsindən, dərsin qarşısında duran məqsəddən çıxış
edirəm.
IX "c" sinfində bu yaxınlarda coğrafiyadan keçdiyim
"Xəzər dənizinin ekoloji problemləri" mövzusunda dərsdə
də çox düşünüb daşındıqdan sonra böyük qruplarla iş
formasını və debat üsulunu seçdim. Çünki bu iş forması
və üsulu şagirdlərin daha çox polemikasını, müstəqil
tədqiqatlarını tələb edən mövzuya uyğun idi və dərsin
məqsədi olan şagirdlərin Xəzər dənizinin müasir dövrdə
ekoloji problemləri ilə tanış edilməsi, bu əsasda
onlarda ekoloji mədəniyyət tərbiyəsi də məhz həmin təlim
forması və üsulu ilə daha asan əldə olunardı.
Dərsdə fəndaxili və fənlərarası (tarix, biologiya
fənləri ilə) inteqrasiyanı nəzərdə tutmuş, çoxlu
resurslar (dərslik, ölkəmizin fiziki, siyasi-inzibati
xəritələri, dünyanın, Xəzər dənizinin xəritələri, kontur
xəritələr, neft daşlarının şəkilləri və s.)
hazırlamışdım. Məhz buna görə də dərsim, dinləyən
həmkarlarımın dediyinə görə, yaxşı keçdi, qarşıya
qoyulan məqsədlərə tam nail oldum.
Əvvəlcə dərsdə şagirdlərə müraciət edərək "Dünyanın ən
böyük, ən uzun qapalı su sahəsidir, ekoloji gərgin
rayondur, maraqlısı da budur ki, dünyanın harasında
(məsələn, Yaponiyada və ya ABŞ-da) olursan ol, ölkəmizi
tanıtmaq üçün xəritədə bu gölü tapmaq çox-çox asandır.
Söhbət nədən gedir", - deyərək motivasiya yaratdım.
Məsələnin belə qoyuluşu şagirdlərdə ilk dəqiqədən dərsə
maraq yaratdı, onların əksəriyyəti söhbətin Xəzər
dənizindən getdiyini qeyd etdi. Sonra mövzuya uyğun bir
sıra suallardan ibarət problem qoyuldu:
1.Sizcə, Xəzər göldür, ya dəniz?
2.Xəzər dənizini ən çox çirkləndirən mənbələr
hansılardır?
3.Xəzər sektorlara bölünərsə, Azərbaycan na qazanar?
Təlim forması kimi böyük qruplarla işi seçdiyimdən sinfi
araşdırmaq istədiyimiz tədqiqat suallarına uyğun 3 qrupa
böldüm və qruplar "Ölkəşünaslar", "Geoloqlar",
"Ekoloqlar" adlandırıldı.
Hər qrup tədqiqat sualının biri üzrə tədqiqat apardı.
Debat təşkil olundu. Qrupda birləşən şagirdlər öz
tədqiqat sualını daha geniş araşdırmaq və ona daha
dolğun cavab vermək üçün bir-biri ilə mübahisə etməyə,
yoldaşlarının dedikləri fikirlərə münasibət bildirib,
onu daha da genişləndirmək üçün əlavələr etməyə
başladılar.
Debat üçün ayrılmış vaxt başa çatdıqdan sonra qrup
liderləri öz qruplarının mövqeyi ilə bağlı təqdimat
etdilər.
Birinci "Ölkəşünaslar" qrupunun lideri çıxış edərək
Xəzərin müasir statusuna dair mövqeyini bildirdi. Qeyd
etdi ki, Xəzər dənizi dünyanın ən böyük gölüdür. Xəzəri
ona görə dəniz adlandırırlar ki, həm sahəsi çox
böyükdür, həm də yatağı okean tipli yer qabığından
təşkil olunub.
"Geoloqlar" qrupu isə öz mövqeyini belə əsaslandırdı ki,
Xəzər dənizi dünyanın su hövzəsində neft-qaz çıxarılan
regionlarındandır. Bu faydalı qazıntılar əsasən Xəzərin
Azərbaycan, Qazaxıstan və Türkmənistan sahillərindəki
şelf zonalarında yerləşir. Azərbaycan dünyada neft və
qaz yataqları ilə tanınır. Qrupun cavabında habelə
ölkəmizdə neft hasilatının tarixi, əfsanəvi "Neft
daşları" şəhəri haqqında da məlumatlar verildi.
Bildirildi ki, Xəzər dənizinin çirklənməsində neft emalı
müəssisələri böyük rol oynayır.
Sonra "Ekoloqlar" qrupu öz mövqeyini ortaya qoydu.
Bildirildi ki, Xəzər dənizinin ekoloji problemlərini
yaradan əsas səbəb antropogen amillərdir. Xəzərin
ekoloji problemləri dənizə tökülən iri çayların
gətirdiyi məişət və texnogen tullantılardır.
"Ekoloqlar" qrupunun üzvləri bir sıra digər məlumatlar
da verib, Xəzərdə sayı azalmış balıq növlərinin adlarını
sadaladılar.
Debat zamanı şagirdlər belə bir yekdil qənaətə gəldilər
ki, Xəzər dənizini çirkləndirən əsasən sənaye
müəssisələrinin tullantılarıdır və onların qarşısını
almaq üçün həmin müəssisələrdə təmizləyici qurğular
qoyulmalıdır.
Dərsin növbəti mərhələsində informasiyanın mübadiləsi və
müzakirəsi aparıldı. Qruplardan biri Xəzər dənizi
haqqında şeirlər, rəvayətlər söylədi.
Xəzərin tarixi, dənizi çirkləndirən maddələrin tərkibi
haqqında söhbətlərlə dərsdə tarix və biologiya fənləri
ilə inteqrasiya yaradıldı.
Nəticə və ümumiləşdirmə mərhələsində Xəzərin ekoloji
problemini yaradan əsas səbəblər aydınlaşdırıldı.
Dərsin sonunda qiymətləndirmə aparıldı. Qruplar özləri
hansı qrupun daha fəal olduğunu müəyyənləşdirib
qiymətləndirdilər.
Ev tapşırığı olaraq Xəzərin ekoloji problemlərinin həlli
yolları haqqında esse yazmaq tapşırıldı.
İş forması və metodunun düzgün seçilməsi nəticəsində
dərs şagirdlərin böyük fəallığı ilə keçdi, onlar mövzu
ilə bağlı ətraflı məlumat aldılar. Xəzərin çirklənməsi
probleminin necə həll olunması barədə müstəqil fikirlər
söylədilər ki, bu da müasir dərsdə tələb olunan əsas
cəhətlərdir.
Xuraman KAZIMOVA,
Bakıdakı 314 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi |