Hər
il olduğu kimi, bu il də məktəbimizdə "Xəlifə günü"
keçirildi. Məktəbin fəal şagirdləri müəllimləri bir
günlük əvəz etdilər. Direktor müavinləri fəal
şagirdlərdən seçildilər. Mən həmin gün coğrafiya fənnini
daha çox sevən, maraq göstərən, bilik yarışlarında yer
tutan şagirdlərimdən biri olan Manaf Mürəlovun bu fəndən
dərs aparmasını təklif etdim. Bu onun ürəyincə oldu. Mən
proqram materiallarına baxıb onunla hansı sinifdə "açıq
dərs" aparacağını nəzərdən keçirdim.
Manaf X sinif şagirdi olduğundan VI sinifdə tədris
edilən litosfer bölməsində "Vulkanlar, palçıq
vulkanları, isti bulaqlar və qeyzerlər" mövzusunu seçdi.
Siniflə, şagirdlərlə tanış oldu. Onlara bəzi tapşırıqlar
verdi. Həmişəkindən fərqli olaraq direktor və müavinləri
əvəz edən şagirdlər bütün gün onların vəzifələrini
məsuliyyətlə yerinə yetirdilər. "Açıq dərs"lər,
viktorinalar təşkil edən şagirdlər çox fəal idilər.
Həmin gün məktəbimizə dəvət olunmuş qonaqlar bu
tədbirlərdən çox razı qaldılar. Şuşa Rayon Malıbəyli
kənd orta məktəbinin tədbirə dəvət olunmuş direktor və
müəllimləri Manafın "açıq dərs"ində iştirak etdilər.
Manaf sinfi təşkil etdi, davamiyyəti yoxladı. Şagirdləri
qruplara böldü. "Şahdağ", "Göygöl", "Dəlidağ" qruplarına
tapşırıqlar verdi. Hər bir qrup test tapşırıqlarını həll
etdi. Qrupun liderləri biri-birinin tapşırıqlarını
yoxladılar. Qruplar ballarla qiymətləndirildi. Sonra
şagirdim yeni dərsi motivasiya üsulu ilə təyin etdi.
Şagirdim hazırladığı slaydları bir-bir təqdim etdi.
Vulkanın sxemi, müxtəlif vulkanlar, ən böyük sönmüş
vulkan Akankaqua, ən böyük fəaliyyətdə olan vulkan
Lyülyaylyako, ən böyük kaldera, ən çox qeyzer olan
yerlər, onların şəkillərini təqdim etdi. Onların hər
biri haqqında məlumat verdi, xəritədə yerlərini
göstərdi. Sonra onların artıq bəzi ölkələrdə geotermal
enerji mənbəyi kimi istifadə olunmasını nəzərə çatdırdı.
Respublikamızın da ərazisində geotermal enerji mənbələri
olduğunu vurğuladı. Qruplara yeni mövzuya aid test
tapşırıqları verdi. Xəritədə mövzuya aid yer adlarının
sorğusunu apardı. Qruplara hədiyyə verildi.
Hamı dərsdən çox razı qaldı. Şagirdin hər bir
xırdalıqları bilməsi və izah etməsi hamı tərəfindən çox
bəyənildi.
Bu işin əsas mahiyyəti şagirdlərin bilik və bacarığını
üzə çıxartmaqdır. Belə tədbirlər şagirdlərdə liderlik
keyfiyyətini yüksəldir, özünəinam yaradır.
Belə tədbirlərdə iştirak üçün daha çox oğlan uşaqlarının
seçilməsi onlarda müəllimlik peşəsinə marağı artırır.
Bənövşə NƏBİYEVA,
Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey
kompleksinin coğrafiya müəllimi |