Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

Riyaziyyat dərslərində inteqrasiya imkanları

 

Müasir dərsə verilən əsas tələblərdən biri də fəndaxili və fənlərarası inteqrasiyadır. Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla bir fənnə aid anlayışların və metodların digər bir fənnin öyrənilməsində istifadəsini nəzərdə tutur. Təlimin keyfiyyətinin yüksəldilməsində inteqrasiyanın rolu böyükdür. O, şagirdlərin bədii təfəkkürünü inkişaf etdirir, yaradıcı fəallığını artırır. İnteqrasiya təkcə şagirdlərin deyil, müəllimlərin də pedaqoji imkanlarını, yaradıcılıq qabiliyyətlərini aşkara çıxarır, tədqiqatçılıq meyllərini artırır və dərslərini daha maraqlı, məzmunlu qurmağa sövq edir. 

İnteqrasiya  əsas pedaqoji prinsiplərdən biri olaraq riyaziyyatın tədrisində də mühüm rol oynayır. Riyaziyyatın tədrisi prosesində fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, şagirdlərdə tədqiqatçılıq meyllərinin yaranması üçün vacibdir. Əlbəttə, riyaziyyatın yaxın fənlərlə (fizika, kimya, coğrafiya, informatika) inteqrasiya imkaları çox genişdir və bir çox mövzuların tədrisində tətbiq edilir. Lakin riyaziyyat dərslərində müxtəlif mövzuların tarixlə, ədəbiyyatla əlaqələndirilməsi şagirdlərdə böyük maraq doğurur və dərs daha canlı keçir. Riyaziyyatda hər hansı bir təklif teorem, qayda, düstur vasitəsilə öz əksini tapırsa, bədii ədəbiyyat isə insanların taleyini, əməllərini söz vasitəsilə əks etdirir, oxuculara çatdırır. Dünya ədəbiyyatından məlumdur ki, böyük yazıçılar, şairlər həm də riyaziyyatçı olmuşlar, riyaziyyatı sevmiş və riyaziyyat haqqında maraqlı fikirlər söyləmişlər. Məsələn, böyük rus şairi A.S.Puşkin demişdir ki, "Qəlbən şair olmayan əsl riyaziyyatçı ola bilməz", "Həndəsədə olduğu kimi poeziyada da ilham lazımdır", yaxud M.V.Lomonosovun dediyi başqa bir fikrə görə, "Riyaziyyatı ona görə öyrənmək lazımdır ki, o zehni qaydaya salır".

Əlbəttə, bu müdrik sözlər riyaziyyat və ədəbiyyat fənlərinin bir-birinə yaxınlığını göstərir. Pifaqor böyük riyaziyyatçı olmaqla bərabər həm də musiqiyə həvəs göstərmişdir. O, musiqi harmoniyasının və əlifbasının modelini notlardan əvvəl ədədlərin kodu və nisbətini işarə ilə ifadə etməyə təşəbbüs etmişdir. Qədim yunan filosofu - riyaziyyatçı Platon demək olar ki, bütün əsərlərini dialoq şəklində yazmışdır. Onun əsərlərinin dil və kompozisiya bədii cəhətdən çox yüksəkdir. Platon "Timeye" adlı dialoqunda qədim materialistlərin dörd təbii ünsürü (su, hava, torpaq və od) ilk dörd düzgün çoxüzlü ilə əlaqələndirmişdir. O, od üçün tetraedr (dördlü), su üçün ede (iyirmiüzlü), hava üçün okteadr  (səkkizüzlü) və torpaq üçün kub (altıüzlü) kimi adlar vermişdir. Dodekaedri (onikiüzlü), isə bütün kainatın simvolu qəbul etmişdir.

Ədəbiyyatdan məlumdur ki, məcaz növlərindən biri təşbehdir (bənzətmədir). Yazıçı bəzən təsvir etdiyi bir əşyanı, hadisəni müəyyən əlamətinə görə başqa əşya və hadisəyə bənzədir.

Odur ki, riyaziyyatda da müəllim hər bir riyazi termini, həndəsi fiqurları müəyyən rəmzə çevirmək, bənzətmək məharətinə malik olmalıdır. Məsələn:

Bənzər günəşə, aya,

Diyirlənər hər yana.

Təkər kimi girdədir,

Onun adı, de nədir?

Şifahi xalq ədəbiyyatının qədim və maraqlı nümunələrindən olan bayatılar və tapmacalar insanların bədii zövqünü yüksəltməklə bərabər, həm də zehni qabiliyyətini inkişaf etdirir. Odur ki, mən dərslərimdə belə bənzətmələrdən - şeirlə ifadə edilmiş məsələ və misallardan geniş istifadə edirəm. Məsələn, "adi kəsrlər" mövzusunu tədris edərkən adi kəsrin qiymətinin vahiddən böyük olmadığını belə bir şeir parçası ilə şagirdlərə çatdırıram.

"Bir güllə yaz olmaz,

Əlli olmaz, yüz olmaz.

Düzgün kəsrin qiyməti

Vahiddən böyük olmaz".

Bə ya "Tənlik" mövzusunu tədris edərkən:

"Tərkibimdə məchul var,

Özüm bərabərliyəm.

Məsələlər həllində

Köməyinizə gələrəm.

Tapın görək, mən kiməm?" şeir parçasını söyləyirəm.

"Müsbət və mənfi ədədlər" mövzusunu tədris edərkən şagirdlərə çatdırıram ki, riyaziyyatdan "-" və "+" ədədlər olduğu kimi, əsərin də "-" və "+" qəhrəmanları olur. Qeyd edirəm ki, "-" ədədlər ilk dəfə qədim Çində meydana gəlmişdir və burada Nizaminin "Yeddi gözəl" poemasından "Xeyir və Şər" hekayəsindən aşağıdakı beyti söyləyirəm:

"Çin qızı söylədi: İki növcavan

Başqa bir şəhərə oldular rəvan.

Gəncin biri Xeyir, biri Şərdi,

Onlar adları tək işlər görərdi".

Burada müsbət ədədin Xeyir, mənfi ədədin Şər rolunda olduğunu bildirirəm.

Riyazi anlayışların və terminlərin ilk dəfə nə vaxt və harada işlədilməsi şagirdlərdə böyük maraq doğurur. "Piramida" mövzusunu tədris edərkən "Misir ehramları" haqqında şagirdlərə məlumat vermək olar. Eramızdan əvvəl II əsrdə sidonlu yunan Antipart 7 ən gözəl tikinti təsvir etmiş və onları "Dünyanın yeddi möcüzəsi" adlandırmışlar. Bunlardan biri də Misirdəki (Gizədəki) piramidalardır. Ən böyük piramidanı e.ə. 2575-ci ildə firon Heopsa ucaltmışlar.

"Metrik ölçü sistemi" mövzusunu tədris edərkən qeyd edirəm ki, əvvəllər ölçü vahidlərini hər ölkə öz istədiyi şəkildə təyin edirdi. Lakin dünyada ticarətin inkişafı ilə əlaqədar olaraq ümumi uzunluq və digər ölçü etalonları müəyyən edilməyə başlandı. Odur ki, uzunluğun metrlə, ağırlığın kiloqramla ölçülməsinə ilk dəfə Fransada başlanmışdır.

Fransa burjua inqilabı dövründən yaradılmış kütlə etalonu hazırda Parisin Luvr sarayında saxlanılır. Metrik ölçü sistemi yarananadək Rusiya, İran, Türkiyə, Əfqanıstan və b. ölkələrdə uzunluq vahidi arşın (türk sözüdür) işlədilmişdir. Eləcə də Azərbaycanın böyük bəstəkarı Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" komediyasındakı tacirin ölçü vahidi arşın idi.

Kurikulum islahatının əsas məqsədi gənc nəslin hərtərəfli bilik və bacarığa malik vətəndaş kimi formalaşdırılmasıdır. Odur ki, riyaziyyat dərslərində müxtəlif mövzuların ədəbiyyat və tarixlə əlaqələndirilməsi şagirdlərin fəallığını artırır, qavrama qabiliyyətlərini gücləndirir, dünyagörüşünü zənginləşdirir. Riyaziyyatın ədəbiyyatla inteqrasiyası şagirdlərin nitqinin və yaradıcı qabiliyyətlərinin inkişafına da müsbət təsir edir. Q.Qaliley yazırdı: "Dünya riyaziyyat dilində yazılmış bir kitabdır, bunu ancaq həmin dilə yiyələnənlər öyrənə bilər". 

Dilbər MƏMİŞOVA,
Bakıdakı 238 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
Azərbaycan  Respublikasının qabaqcıl təhsil işçisi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov