Ölkəmizdə gənc nəslin bilikli, vətənpərvər, milli
dəyərlərə hörmət edən şəxsiyyət kimi yetişməsində
müəllimin üzərinə böyük məsuliyyət düşür. Hər bir
müəllimin təhsil haqqında öz düşüncəsi, öz ideyası
olmalıdır.
Mənim təhsildə ideyam öyrənməyi öyrənən, öyrəndiklərini
həyata tətbiq edə bilən, yeni təfəkkürə malik şəxsiyyət
yetişdirməkdir. Dərslərimi fənn kurikulumlarının
tələbləri səviyyəsində qurur, yeni təlim
texnologiyalarından istifadə edərək şagirdlərin maraq və
meyllərini inkişaf etdirirəm.
Təlimdə şagirdlərin fərdi xüsusiyyətləri maksimum
dərəcədə nəzərə alınmalıdır. Hər bir şagirdin dərketmə
qabiliyyətinin, fəallığının, meyl və marağının,
bacarığının inkişafı üçün əlverişli imkanların
yaranmasında fərdi yanaşmanın rolu böyükdür. Təlimin
fərdiləşdirilməsi tədris fəaliyyətinin şagirdin
xüsusiyyətlərinə və imkanlarına, inkişaf səviyyəsinə
uyğun təşkil olunmasını nəzərdə tutur.
Şagirdin bir şəxsiyyət kimi formalaşmasında fəal təlimin
və dərsdənkənar tədbirlərin rolu böyükdür. Belə ki, fəal
təlimdə fərdi, cütlərlə, böyük və kiçk qruplarla iş
formalarından, "beyin həmləsi", "rollu oyunlar" kimi
üsullardan istifadə zamanı şagirdlər daha inamlı və fəal
olurlar. Tədbirlərdə rolları ifa edən zaman şagirdin
şifahi nitq qabiliyyəti inkişaf edir.
Kurikulum islahatının vacibliyi təhsil prosesində
iştirak edən hər bir ziyalıya məlumdur. Təhsil
sahəsində gedən proseslərə biganə qalmır, öz əməli
işimlə onun iştirakçısı olmağa cəhd edirəm. Çünki
təhsildə gedən islahatlar yeni təlim texnologiyalarından
yararlanmağı tələb edir. Buna görə də mən hər zaman öz
üzərimdə işləməyə, dərslərin tədrisində böyük dönüş
yaratmağa, kurikulum standartlarına cavab verə biləcək
pedaqoji və metodik yanaşmalara, yeni metodik düşüncə
tərzinə yiyələnməyə çalışıram.
Şagirdlərimə bilik verməklə yanaşı, onların mənəvi və
psixoloji cəhətdən kamil, iradəli olmalarına səy
göstərirəm.
Gələcəkdə də gənc nəslin hərtərəfli inkişafı üçün
əlimdən gələni edəcəyəm.
Nurlana HÜSEYNOVA,
Bakıdakı 20 nömrəli məktəb-liseyin
ibtidai sinif müəllimi |