Dekabrın 19-da Bakıdakı 126 nömrəli məktəbdə "Azərbaycan
tarixi fənn aylığı" çərçivəsində silsilə tədbirlərə
start verilib. "Açıq dərs"lər və müəllimlərin
mühazirələri dinlənilir. Aylıq çərçivəsində baş tutan
növbəti tədbir isə "Vətənim Azərbaycan" adlı bədii gecə
idi. Şagirdlərin təqdimatında Dövlət himni ifa olundu.
Hər bir azərbaycanlı üçün müqəddəs sayılan üçrəngli
Dövlət bayrağımız Üzeyir Hacıbəylinin "Koroğlu"
üverturasının sədaları altında səhnəyə gətirildi.
Tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi Elmira
Həsənova tarix fənn aylığına həsr olunmuş gecəni açıq
elən edərək xalqımızın keçdiyi tarixi inkişaf yolundan
söz açdı. Məktəbin direktoru Hidayət Ağayev qonaqları
salamlayaraq Azərbaycan tarixinin çox qədim, möhkəm
köklərə bağlı və keşməkeşli olduğunu diqqətə çatdırdı.
Sonra çıxış üçün söz məktəbin istedadlı şagirdlərinə
verildi. Şagirdlər Azərbaycanımızın tarixi, ərazisi,
müdrik sərkərdələrindən, təbii sərvətləri,
adət-ənənələrindən danışdılar. Dahi Nizami Gəncəvinin
"İsgəndərnamə" poemasından İsgəndərlə Bərdə hökmdarı
Nüşabənin dialoqundan bir parça nümayiş etdirdilər.
Həmçinin Dədə Qorqudun nəsihətlərindən söz açdılar.
Onlar Məmməd Arazın, Bəxtiyar Vahabzadənin və digər
şairlərin vətənə həsr etdikləri şeirlərindən
parçalar söylədilər. Səməd Vurğunun "Vaqif"
dramından bir parçanı məharətlə ifa etdilər. Aşağı sinif
şagirdlərinin "Nazilə" və "Ləzgi" rəqsləri və digər
maraqlı çıxışları tədbirə xüsusi rəng qatdı. Məktəblilər
çıxışlarında Vətənimizin işğal olunmuş ərazilərini
düşməndən geri alınmasında canlarından keçəcəklərinə and
içərək, xalqımıza, dövlətimizə layiq vətəndaş
olacaqlarını vurğuladılar. Tədbirdə tariximizin ən qədim
dövründən bu günə qədər keçdiyi yolla bağlı
videogörüntülər nümayiş etdirildi. Tədbirin sonunda
şagirdlər "Çırpınırdı Qara dəniz, baxıb türkün
bayrağına" mahnısını məharətlə ifa edərək həmin günü
unudulmaz xatirəyə çevirdilər.
Gecədə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
Metodmərkəzinin Binəqədi - Nəsimi rayonu üzrə metodik
bölməsinin müdiri Həvva Əsgərova, metodist Zabit Yunusov
və digər qonaqlar çıxış edərək tədbirin hazırlanmasını
yüksək qiymətləndirdilər, şagirdlərə həmişə vətənpərvər
olmalarını arzuladılar.
Rəşad ZİYADOV |