Gənc
nəslə doğma diyarı sevdirmək, onlara vətənpərvərlik
hissləri aşılamaq, məktəblilər arasında
turizm-diyarşünaslıq işini təbliğ etmək respublikamızda
prioritet məsələlərdən biridir. Təhsil Nazirliyinin
tabeliyində olan Respublika Gənc Turistlər və
Diyarşünaslıq Mərkəzi də öz işini bu istiqamətdə quraraq
gənclərimizin Azərbaycanı yaxından tanıması və onun hər
bir bölgəsi haqqında ətraflı məlumat əldə etməsini vacib
amillərdən hesab edir. Mərkəzin direktoru Alik
Məmmədovdan aldığımız məlumata görə, mərkəzdə uşaqların
maraq və istəklərinə uyğun olaraq ədəbi-diyarşünaslıq,
tarix-diyarşüanslıq, coğrafiya-diyarşünaslıq,
piyada-turizm, gənc-turist, gənc-bələdçi, gənc-ekoloq
adlı dərnəklər fəaliyyət göstərir. Mərkəzin əməkdaşları
Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdlərini bu
dərnəklərə cəlb edir, onlarla mütəmadi olaraq kütləvi
tədbirlər keçirirlər. Dərnək rəhbərləri tərəfindən
müxtəlif mövzularda referat yazı, inşa müsabiqəsi,
"dəyirmi masa", sərgi və ekskursiyalar təşkil olunur.
Mərkəzin bu tədbirləri keçirməkdə məqsədi gənclərə və
yeniyetmələrə vətənə, xalqa, milli mənəvi dəyərlərimizə
hörmət, məhəbbət hissini aşılamaq və gücləndirmək,
maddi-mədəniyyət nümunələrimizi qoruyub mühafizə etmək,
turizm-diyarşünaslıq işini təbliğ və inkişaf etdirmək,
yeniyetmələri azərbaycançılıq ruhunda tərbiyə etmək,
onların bilik, bacarıq, ağıl və düşüncə qabiliyyətlərini
üzə çıxarmaq, asudə vaxtlarını, tətil və bayram
günlərini səmərəli keçirməklə dövlətimizə, xalqımıza
layiqli vətəndaş yetişdirməkdir.
Mərkəz 2012-ci ildə bir çox tədbir və ekskursiyalar
keçirmişdir ki, bunlardan M.S.Ordubadinin ev-muzeyində
20 Yanvar faciəsi ilə bağlı "Şəhidlər unudulmur",
paytaxtın Xətai rayonu ərazisində yerləşən 27, 249, 269
nömrəli məktəblərdə "Xocalı harayı" adlı ədəbi-bədii
tədbirlərin adını qeyd etmək olar. Bundan başqa, mərkəz
turizm ləvazimatlarının sərgisini, eko-turizmlə bağlı
kompozisiya və ağacəkmə aksiyası da təşkil etmişdir.
Cari ilin mart ayında Bakıdakı İstiqlal muzeyində 31
Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı sərgidə
dərnək üzvləri öz rəsmləri ilə çıxış etmişlər.
Mərkəz hər il ümummilli lider Heydər Əliyevin anadan
olmasının ildönümünə həsr olunmuş sərgi-müsabiqə də
təşkil edir. Bu sərgi-müsabiqədə respublikada fəaliyyət
göstərən GTDM-nin dərnək üzvlərinin əl işləri
sərgilənir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
müvafiq əmrinə əsasən keçirilən "Azərbaycanı sev və
öyrən" turist-diyarşünaslıq ekspedisiyasının Respublika
baxış-müsabiqəsi isə artıq ənənə halı almışdır.
Mərkəz turizm işi ilə sıx bağlı olduğundan hər il 27
sentyabr Beynəlxalq Turizm gününü qeyd edir.
Məktəblilərin "Mərdəkan dendrarisi", "Qız qalası",
"Şirvanşahlar Sarayı Kompleksi", "Səngəçal terminalı",
"Qobustan Dövlət Qoruğu", Qala kəndində yerləşən "Qala
qoruğu", təbiət, tarix, xalça, ədəbiyyat, incəsənət
muzeylərinə ekskursiyaları təşkil olunur. Təşkil olunan
tədbir, ekskursiya və ya gəzinti zamanı məktəblilər
böyük biliyə sahib olurlar.
Niyazi RƏHİMOV |