Bakı
şəhəri üzrə Təhsil İdarəsinin qərarına əsasən, paytaxtın
ümumtəhsil məktəblərində "Azərbaycan tarixi fənn aylığı"
keçirilir. Müxtəlif nominasiyalar üzrə keçirilən
müsabiqəyə qatılan məktəblərdə tədbirlər təşkil olunur.
Şagird və müəllimlərin yaradıcı işləri hazırlanır və
"açıq dərs"lər dinlənilir. Bakıdakı 54 nömrəli tam orta
məktəbdə də "Azərbaycan tarixi - dünənimiz, bu günümüz,
sabahımız" fənn aylığı çərçivəsində "açıq dərs"lər
keçirildi. Əvvəlcə qonaqlar məktəbin girişində, sinif
otaqlarında aylığın keçirilməsi barədə elanlar,
plakatlar, Azərbaycan tarixinə həsr olunmuş divar
qəzetləri, bülletenlər və referatlarla tanış oldular.
Sonra məktəbin direktoru Sahibə Abbasova çıxış edərək
iştirakçılara fənn aylığının məqsədi və nominasiyalar
barədə məlumat verdi. Bildirdi ki, məktəb bundan əvvəl
keçirilən riyaziyat və Azərbaycan dili fənn aylıqlarında
olduğu kimi, bu dəfə də fəallıq nümayiş etdirəcək.
Qonaqlar tarix müəllimləri Esmira Qasımovanın XI "b"
sinfində "Zorakı kollektivləşmə", Tahirə Abbasovanın
VIII "c" sinfində "Memarlıq və incəsənət", Fəxrəddin
Hacıyevin VIII "d" sinfində "Elm, Nəsrəddin Tusi",
Zeynal Qasımovun VII "a" sinfində "Babək", Kəmalə
Atakişiyevanın VI "c" sinfində "Manna dövləti"
mövzularında keçdikləri "açıq dərs"ləri dinlədilər.
İştirakçılar sonra tarix müəllimi Nigar Əsədovanın
yaratdığı tarix kabineti ilə yaxından tanış oldular.
Onlar məktəbdə tarix aylığına həsr olunmuş işləri yüksək
qiymətləndirərək müəllimlərə təklif və tövsiyələrini
verdilər.
Rəşad ZİYADOV |