Bakıdakı 265 nömrəli məktəbdə Milli Məclisin deputatı,
yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu"
filminə baxış keçirilmişdir. Tədbirdə Milli Məclisin
deputatları, yazıçı Aqil Abbas, filmin yaradıcı heyəti,
yazıçı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala
Mirələmov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi
Tofiq Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndəsi Fəttah Quliyev və digər qonaqlar iştirak
etmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə
Qurbanova Qarabağ torpaqları uğrunda gedən döyüşlərə
həsr edilmiş belə filmlərin şagirdlərimizin milli ruhda
böyüməsində, onlarda vətənpərvərlik hissinin daha da
güclənib inkişaf etməsində böyük rol oynadığını qeyd
etmişdir. Bildirilmişdir ki, Qarabağ müharibəsi bizim
hələ də qanayan yaramız olaraq qalır və bu problemin
həllində hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Biz arzu edirik ki, hər bir azərbaycanlının ağrılı yeri
olan Qarabağ problemi sülhsevər Prezidentimizin
rəhbərliyi altında tezliklə öz həllini tapsın və
qələbəmizlə yekunlaşan Qarabağ müharibəsi haqqında
məlumatları tarixdən, dərsliklərdən şagirdlərimizə qürur
hissi ilə çatdıraq.
Yazıçı Aqil Abbas pedaqoji kollektivi, valideynləri,
qonaqları salamlayaraq məktəbin hər bir şagirdin
vətənpərvər şəxsiyyət kimi formalaşmasında böyük rol
oynadığını vurğuladı. Aqil müəllim tədbirə qatıldıqları
üçün qonaqlara, xüsusilə öz həmkarı, Milli Məclisin
deputatı Hüseynbala Mirələmova təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları filmi böyük maraqla, həyəcanla
izlədilər. Hətta bəzi epizodlarda şagirdlər və
müəllimlər göz yaşlarını saxlaya bilmədilər.
Filmin nümayişindən sonra yazıçı Hüseynbala Mirələmov
bu gözəl əsərə görə Aqil Abbasa dərin təşəkkürünü
bildirdi, yeni yaradıcılıq uğurları arzuladı. Eyni
zamanda filmin yaradıcı heyətinə bu filmlə zamanın
nəbzini tutduqlarını söylədi. Hüseynbala Mirələmov bu
filmdə baş rolda çəkilən Məmmədsəfanın yaratdığı
komandir obrazının öhdəsindən müvəffəqiyyətlə gəldiyini,
bu obrazın insanda mübarizlik və döyüşkənlik ruhunu daha
da gücləndirdiyini, gələcək nəsli torpaqlarımızı
tezliklə azad etməyə səslədiyini bildirdi. Vurğuladı
ki, "Dolu" müharibə mövzusunda çəkilən ən yaxşı
filmlərdən biri kimi tarixdə qalacaq.
Şakir CƏFƏROV |