Adətim
üzrə yorğun halda işdən çıxıb evə tələsirdim. Payızın
qızılı rəngə çalan yarpaq tökümü xalı kimi yol boyu
sərilmişdi. Sərin, bir az da dəlisov Bakı küləyi elə bil
doğma adamlar kimi saçıma sığal çəkirdi. Mən isə
yorğunluğumu unudub xəyalımda qəlbimin diqtəsi ilə
haqqında yazmaq istədiyim qəhrəmanımın portret
cizgilərini çəkirdim. Sadə insan, cəfakeş dost,
vətənpərvər ziyalı, böyük alim, nüfuzlu ürək həkimi...
Professor Vəsadət Əzizovu belə tanıyırlar.
Yadıma qədim yunan filosofu Epirtetin müdrik bir kəlamı
düşür: "Həmişə özünlə danışmağa çalış, çünki özünə
söyləyəcəyin və özündən soruşacağın çox şey var". Bu gün
dünəninə boylanıb özünə hesabat verən bu nüfuz sahibinin
ən böyük mükafatı daxilən rahat olmasıdır. Sabahına arzu
və ümidlərlə dolu bir ürəklə xeyir-dua verən professor
Vəsadət Əzizova bu haqqı acılı-şirinli yaşantıları,
cəmiyyətdə tutduğu ədalətli mövqeyi və mənəvi saflığı
qazandırır.
Yüksək əxlaqi keyfiyyətləri, təvazökarlığı və geniş
dünyagörüşü ilə həmişə seçilən V.Əzizovun mənəvi
zənginliyinin başlıca şərti onun sadəliyidir. Masallının
sadə bir ailəsində dünyaya göz açan "qəhrəman ana"nın
oğlu doğma ata ocağından paytaxta üz tutanda onun yoluna
məhz saflıq, təmizlik və halallıq işıq salıb.
Hələ uşaq yaşlarında insanlar üçün sağlamlığın böyük
xəzinə olduğunu dərk edən Vəsadət Əzizov gələcəkdə
həkimlik sənətini seçməyi qərara alır. Məhz bu sənətə
gedən yol insanların kədərinə acıyıb, sevincinə şərik
çıxmaq həssaslığından və sevgisindən başlayıb. O,
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Moskvada
elmlər namizədi və elmlər doktoru dissertasiyalarını
müvəffəqiyyətlə müdafiə edib. Vətənə qayıdaraq gənc
yaşlarında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya
İnstitutuna rəhbərlik edən professor V.Əzizov beynəlxalq
elmi konqreslərdə ölkəmizi yüksək səviyyədə təmsil edib.
Böyük istedad və bacarığına güvənən görkəmli alim bir
çox nüfuzlu beynəlxalq elmi cəmiyyətlərin, xarici
jurnalların redaksiya şuralarının üzvü seçilib.
Çoxşaxəli elmi axtarışlarında yaradıcı alim, çalışdığı
tibb müəssisələrində isə təcrübəli həkim kimi böyük uğur
qazanıb.
Azərbaycan Tibb Universitetinin ikinci daxili
xəstəliklər kafedrasının müdiri, professor V.Əzizov bu
gün gənclərin təlim-tərbiyəsinə yaradıcı yanaşır və
şəxsiyyət kimi formalaşmasına da xüsusi diqqət yetirir.
Onlarla alim, minlərlə gənc ixtisaslı kadr hazırlayan
görkəmli alim 450-dən çox elmi əsərin, 24 dərslik, dərs
vəsaiti və monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə
işıq üzü görən 150-dən artıq elmi məqaləsi aktuallığı
ilə diqqəti cəlb edir.
Professor Vəsadət Əzizovun çoxillik səmərəli fəaliyyəti
təkcə elmi, pedaqoji sahələri özündə birləşdirmir. O,
eyni zamanda vətənpərvər ziyalı, layiqli vətəndaş kimi
də cəmiyyətin ictimai-siyasi həyatındakı mövqeyi ilə
xüsusi çəkiyə malikdir. Belə ki, 2000-2005-ci illərdə
Milli Məclisin deputatı kimi səmərəli fəaliyyət göstərən
Vəsadət müəllim seçicilərin dərin rəğbətini və etimadını
qazanıb. Bir sıra qanunların hazırlanmasında yaxından
iştirak edən millət vəkili MDB ölkələri
Parlamentlərarası Assambleyasının tibb sahəsində model
qanunların hazırlanması üzrə işçi qrupuna rəhbərlik
edib. Bu fəaliyyətinə görə o, həmin qurumun fəxri
diplomuna layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
ideyalarına və dövlətçilik prinsiplərinə həmişə sədaqət
nümayiş etdirən V.Əzizov bu gün də həmin istiqamətdə
ardıcıl və səmərəli iş aparır. Yaradıcısı xalqımızın
ümummilli lideri olan Yeni Azərbaycan Partiyasının fəal
üzvü kimi möhtərəm Prezidentimiz İlham Əliyevin
yürütdüyü məqsədyönlü daxili və xarici siyasəti
dəstəkləyərək gündəlik fəaliyyətini məhz bu prinsiplər
əsasında qurur.
Professor Vəsadət Əzizov bacarıqlı və tanınmış ürək
həkimi kimi də xalqının sağlamlığı keşiyində şərəflə
dayanır. Yüzlərlə insan onun şəfalı əllərindən, zəngin
biliyindən məlhəm tapır. Vəsadət müəllimi istər alim,
ziyalı, istərsə də həkim kimi xarakterizə edəndə qədim
yunan dramaturqu Esxilin bu kəlamını xatırlamaya
bilmirsən: "Müdrik çox bilən adam deyil, biliyi xeyirli
olan adamdır". Doğrudan da görkəmli alim, vətənpərvər
ziyalı məhz bu keyfiyyəti ilə əsl şəxsiyyətə çevrilir.
Professor V.Əzizovun fəaliyyəti həmişə yüksək
qiymətləndirilib. Dövlət başçımızın 20 sentyabr 2010-cu
il tarixli sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və
elminin inkişafındakı xidmətlərinə görə "Əməkdar həkim"
fəxri adına layiq görülməsi Vəsadət müəllimin
fəaliyyətinə verilən yüksək qiymətdir.
Neçə yaşında olursa-olsun, üzü işığa doğru yönəlmiş
insan gəncdir. Tükənməz arzularla yaşayıb-yaradan böyük
alim, əsl ziyalı, gözəl ailə başçısı, professor Vəsadət
Əzizova fəaliyyətində daha böyük uğurlar, cansağlığı və
könül xoşluğu arzulayırıq.
Sarvan İBRAHİMOV |