Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon:
146; elektron poçt ünvanı:
qaynar-xett@edu.gov.az) 2012-ci ilin noyabr ayında
613 müraciət daxil olub.
Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir.
Sorğularda ümumi təhsil, orta ixtisas və ali məktəblərdə
tədrisin təşkili, şagird və tələbələrin biliyinin
qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi
və digər məsələlərdən bəhs olunur. Müraciətlərin digər
qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin
əməkhaqqının hesablanması, dövlət sifarişi ilə və dövlət
proqramı çərçivəsində xaricdə ali təhsil alan
tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl
ali məktəblər və digər məsələlərlə bağlıdır.
Bir sıra müraciətlərdə ümumi təhsil, orta ixtisas və ali
təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur.
Bu qəbildən olan 63 müraciət əsasında araşdırmalar
aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində
müvafiq işlər görülüb.
Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş
nöqsanlara dair 53 müraciət qəbul edilib. Bakı
şəhərindəki ümumi təhsil məktəblərindən 24, digər şəhər
məktəblərindən 5 (Gəncə şəhəri 4, Şirvan şəhəri 1),
Abşeron, Goranboy, Tovuz, Qazax, Qəbələ və Biləsuvar
rayonlarının hər birindən 2, Astara, İmişli, Xaçmaz,
Ağdam, Hacıqabul, Bərdə, Balakən, Tərtər, Saatlı,
Ağcabədi, Lənkəran və Füzuli rayonlarının hər birindən 1
müraciət daxil olub. Məktəb rəhbərlərinin idarəetmədə
yol verdikləri nöqsanlardan, təhsil prosesinin təşkili,
şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər
məsələlərdən bəhs edən bütün müraciətlərə baxılıb,
mövcud problemlər həll edilib.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında
işində nöqsanlar aşkarlanmış təhsil müəssisələri
rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki,
araşdırma aparılan bir sıra məktəb direktorlarına
rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji
mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin
artırılması tövsiyə olunub.
Ali təhsil müəssisələrindən daxil olan 10 şikayət (8-i
dövlət, 2-si özəl ali məktəblərdən) diplomların
verilməsinin gecikdirilməsi, imtahan nəticələrindən
narazılıq, təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi
ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq
dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan
tələbələrin xərclərinin müvafiq xarici ölkə təhsil
müəssisələrinə köçürülməsinin gecikməsi ilə bağlı olub.
Bütün bu şikayətlər aidiyyəti struktur bölmələrə
yönəldilib və vaxtında öz həllini tapıb. |