Naxçıvan
Müəllimlər İnstitutunun elmi-metodiki işlər üzrə
prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Yaqub Məmmədovun anadan olmasının 60 illik yubileyinə
həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri ali təhsil ocağının rektoru, professor Oruc
Həsənli açaraq yubilyarın həyat yolu, elmi-pedaqoji
fəaliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Yaqub
Məmmədov 77 elmi-metodik məqalənin, dərs və metodik
vəsaitlərin müəllifidir. O, İngiltərə, Türkiyə, Ukrayna,
Rusiya və Qazaxıstanda beynəlxalq konfrans və
simpoziumlarda iştirak etmişdir. Rektor onu da diqqətə
çatdırmışdır ki, Naxçıvan Mərkəzi Gənc Təbiətçilər
Stansiyasında dərnək rəhbəri kimi əmək fəaliyyətinə
başlayan Y.Məmmədov Azərbaycan Milli Elmlər Akademiyası
Kibernetika İnstitutunda mühəndis-proqramçı vəzifəsində
işləmiş, 1979-cu ildə Naxçıvan Dövlət Pedaqoji
İnstitutunda EHM rəisi vəzifəsinə təyin olunmuş,
sonralar NDU-də müəllim, baş müəllim, dosent, bundan
başqa Naxçıvan Özəl Universitetində kafedra müdiri,
dekan vəzifələrində çalışmışdır.
Yubiley tədbirində institutun tədris işləri üzrə
prorektoru, filologiya üzrə elmlər doktoru Akif İmanlı,
pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə
doktoru Azad Novruzov, təbiət və incəsənət fakültəsinin
dekanı, pedaqogika üzrə fəlsəfə doktoru İsa Əliyev,
filologiya üzrə fəlsəfə doktoru Həsənalı Eyvazlı,
riyaziyyat və informatika kafedrasının müdiri,
riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Seyidov və
başqaları yubilyarı təbrik etmişlər.
Sonda yubilyar çıxış edərək iştirakçılara təşəkkürünü
bildirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti
|