Dekabrın 14-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda dahi Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavidin 130 illik yubileyinə həsr
edilmiş elmi-praktik konfrans və institutun Azərbaycan
dili və ədəbiyyat kafedrasının dosenti Şəmil Sadiqin "Hüseyn
Cavid yaradıcılığında qəhrəman konsepsiyası"
monoqrafiyasının təqdimatı keçirilmişdir. Öncə konfrans
iştirakçıları institutda yaradılmış Heydər Əliyev
mərkəzi ilə tanış olmuşlar.
Konfransı
giriş sözü ilə BPKİYİ-nin rektoru, professor Asəf
Zamanov açaraq, Cavidin nəinki əsərlərinin, yaşadığı
ömrünün də bir mərdlik, vətənpərvərlik məktəbi olduğunu
qeyd etdi. O, həmçinin, bildirdi ki, Hüseyn Cavidin
yaratdığı bir-birindən dəyərli fəlsəfi əsərlər hamı
tərəfindən sevilə-sevilə oxunur. Şairin "Ana", "Uçurum",
"Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam",
dünya ədəbiyyatının şedevr əsərlərindən olan "İblis"
kimi əsərləri dünya ədəbiyyatı xəzinəsində özünə layiqli
yer tutmuşdur.
Natiq onu da vurğuladı ki, Hüseyn Cavid həm yaxşı oğul,
yaxşı ər, yaxşı ata, vətəninə, millətinə sadiq, haqq
yolunda əyilməz və mətin bir vətəndaş, əqidəsinə,
amalına xidmət edən kamil bir insan idi. Bütün bunları
həmişə yüksək qiymətləndirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2012-ci il fevral ayının 16-da
Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında
imzaladığı sərəncamı da bizə dahi şairi layiqincə yad
etməyimizə stimul verir.
Hələ ümummilli liderimiz Heydər Əliyev sovet
ideologiyasının hakim olduğu bir dövrdə Cavidə olan ali
münasibəti ilə onun dahi bir şəxsiyyət olduğunu
göstərmişdir. Çətin bir dövrdə uzaqgörənliklə Cavidin
nəşini doğma vətəninə gətizdirən Heydər Əliyev ona
ucaldılan məqbərənin bütün işlərində yaxından iştirak
etmiş, Cavid ailəsini yenidən bir-birinə qovuşdurmuşdur.
Cavid ailəsinin dəfn edildiyi həmin məqbərə hazırda
müqəddəs bir ocaq kimi ziyarətgaha çevrilmişdir.
Konfransda Hüseyn Cavid ev-muzeyinin direktoru Gülbəniz
Babaxanlının "Hüseyn Cavidin ev-muzeyi və cavidşünaslıq",
BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının
müdiri, professor Aydın Paşayevin "Cavid yaradıcılığında
bəzi şəxs adlarının üslubi xüsusiyyətləri", institutun
baş müəllimi Esmira Cəfərovanın "Hüseyn Cavidin həyat və
yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi
məsələləri" mövzularında məruzələri dinlənilmişdir.
Əməkdar artist Eldost Bayram Cavid yaradıcılığından
nümunələr təqdim etmişdir. Sonra dosent Şəmil Sadiqin "Hüseyn
Cavid yaradıcılığında qəhrəman konsepsiyası"
monoqrafiyasının təqdimat mərasimi olmuş, müəllif "Cavidin
qəhrəman konsepsiyası" mövzusunda məruzə etmişdir.
Sonda BPKİYİ-nin baş müəllimi Esmira Cəfərovanın
rəhbərliyi ilə ədəbi-bədii kompozisiya tədbir
iştirakçılarına təqdim edilmişdir.
BPKİYİ-nin Mətbuat xidməti |