Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Dekabr 2012 - №50

 

İyirmi illik əməkdaşlıq yeni inkişaf mərhələsində

 

Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində işgüzar səfərdə olmuşdur. Türkiyəli qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyində olmuş, Naxçıvanın görməli yerlərinə, qədim tarixi abidələrinə ekskursiya etmişlər. 

Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyə arasındakı dostluq və birliyin qədim tarixi köklərindən və bugünkü  inkişafından danışmışdır. Rektor, ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu,  beynəlxalq əlaqələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətlərinin, Qara Dəniz Ölkələri Birliyinin üzvü olan  Naxçıvan Dövlət Universiteti Avropa Birliyi ölkələrinin TEMPUS proqramının və dıgər beynəlxalq təşkilatların layihələrində uğurla iştirak edir.  Universitet bir çox beynəlxalq tədbirlərə, o cümlədən 2011-ci ilin noyabr ayında keçirilən, Azərbaycan-türk-gürcü xalqlarının tələbə gəncliyinin intellektual inkişafında, elmi-mədəni tərəfdaşlıqlarının möhkəmlənməsində böyük əhəmiyyətə malik olan Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Gənclik Simpoziumuna ev sahibliyi etmişdir. Dünyanın  80-ə yaxın tanınmış universiteti ilə tərəfdaşlıq edən  bu ali məktəb Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Belə ki, Türkiyənin 40-a yaxın ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan  universitetləri ilə elmi əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu ali məktəbdə dünyanın 10 ölkəsindən 314 xarici vətəndaş təhsil alır ki, bunlardan da 256 nəfəri Türkiyə vətəndaşıdır. 

Rektor xatırlatmışdır ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə əlaqələrinin təməli 20  il öncə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulmuşdur. 1992-ci ildə NDU-nun Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq əlaqələrinin bu gün yeni inkişaf mərhələsinə qədəm qoymasında rektor, professor doktor Hikmet Koçakın xüsusi əməyi var. Təsadüfi deyil ki, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 28 noyabr 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikasında ali təhsilin və universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçaka Naxçıvan Dövlət Universitetinin fəxri doktoru alimlik dərəcəsi verilmişdir.

Tədbirdə Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçaka universitetin fəxri doktoru diplomu və geyimi təqdim olunmuşdur.

Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçak çıxış edərək  Naxçıvan Dövlət Universitetinin fəxri doktoru  adına layiq görülməkdən böyük qürur və məmnunluq duyduğunu qeyd etmiş, universitetlərin timsalında türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin birlik, dostluq və sədaqət ideyalarının əzmlə davam etdiriləcəyini bildirmişdir. Rektor bundan sonra da Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın türkdilli universitetlərə örnək ola biləcək səviyyədə inkişaf etdiriləcəyini vurğulamışdır.

Çıxışlarda universitetlər arasında elm və tədris, o cümlədən tibb, baytarlıq, incəsənət, memarlıq, turizm sahəsində əməkdaşlığın inkişafının zəruriliyindən bəhs olunmuşdur. Sonra iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. 1992-ci və  2011-ci illərdə imzalanan, 2012-ci ildə yenilənən əməkdaşlıq müqaviləsində beynəlxalq simpoziumların keçirilməsi, Boloniya prosesinə uyğun olaraq tələbə mübadiləsinin həyata keçirilməsi, tələbələrin qış, yay məktəblərində iştirakının təmin olunması, "İpək yolu üzərində yerləşən Ərzurum və Naxçıvan" mövzusunda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, universitetlərin elmi nəşrlərinin mübadiləsi, müştərək mədəni tədbirlərin, idman yarışlarının təşkili nəzərdə tutulur.  

Naxçıvan ziyalıları adından AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, universitetin Azərbaycan tarixi kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə elmlər doktoru Zəhmət Şahverdiyev çıxış edərək Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçakı təbrik etmiş, onun NDU-nun fəxri doktoru  adına layiq görülməsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iki dost və qardaş ölkə arasındakı çoxcəhətli əlaqələrin, eləcə də elm, təhsil sahəsində əməkdaşlığın inkişafındakı xidmətlərinin bəhrəsi kimi qiymətləndirmişlər.

Sonda Ərzurum Atatürk Universitetinin rektoru, professor doktor Hikmet Koçakın Naxçıvan Dövlət Universitetinin fəxri doktoru  adına layiq görülməsi münasibətilə qonaqlara konsert proqramı təqdim olunmuşdur. İncəsənət fakültəsində çalışan tanınmış incəsənət ustalarının, tələbələrin iştirakı ilə hazırlanmış, zəngin repertuara malik konsert proqramı hərarətli alqışlarla qarşılanmışdır.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov