Dekabrın 6-da Azərbaycan Müəllimlər İnstitutunda
professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə
Məmməd Səid Ordubadinin 140 illik yubileyinə həsr
edilmiş tədbir keçirildi. AMİ-nin rektoru, Milli
Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı giriş
sözündə bildirdi ki, son aylarda Nizami Gəncəvi,
Xurşidbanu Natəvan, Həsən bəy Zərdabi, Hüseyn Cavid kimi
Azərbaycan ədəbiyyatının parlaq simalarının, görkəmli
ədiblərimizin geniş yubiley tədbirləri respublika
səviyyəsində, o cümlədən Azərbaycan Müəllimlər
İnstitutunda da keçirilmişdir.
Professor A.Naxçıvanlı qeyd etdi ki, bu il görkəmli şair,
dramaturq və ictimai xadim Məmməd Səid Ordubadinin
anadan olmasının 140 ili tamam olur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev "Məmməd
Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi
haqqında" 10 aprel 2012-ci il tarixli Sərəncam
imzalamışdır. Məmməd Səid Ordubadi "Molla Nəsrəddin"
ədəbi məktəbinin yetişdirdiyi dahi yazıçıdır. O,
Azərbaycan ədəbiyyatı tarixinə realist roman ustası kimi
daxil olmuşdur. Azərbaycanda Ordubadinin adını daşıyan
kütləvi kitabxana, bir sıra küçələr vardır, Ordubadda və
Bakıda ev-muzeyi yaradılmışdır.
Sonra AMİ-nin Azərbaycan ədəbiyyatı və onun tədrisi
metodikası kafedrasının dosenti Əlizadə Əsgərli "Ordubadinin
çoxyönlü fəaliyyəti", dosent Ramazan Qafarlı "Qılınc və
qələm" romanında tarixilik və müasirlik", Azərbaycan
dili və onun tədrisi metodikası kafedrasının dosenti
Elşad Abışov "Ordubadinin yaradıcılığında onomastika
məsələləri", dosent Vaqif Qurbanov "Ordubadinin
Azərbaycan ədəbiyyatında mövqeyi", filologiya və
təhsildə psixoloji xidmət fakültəsinin III kurs
tələbələrindən Alidə Orucova "M.S.Ordubadinin şeir
yaradıcılığı", Aysel Allahverdiyeva "M.S.Ordubadinin
həyat və yaradıcılığı", Sona Kərimova "Ordubadinin
tarixi roman yaradıcılığı" mövzularında məruzə ilə çıxış
etdilər.
Çıxışlarda bildirildi ki, M.S.Ordubadi ən az tədqiq
olunan yazıçıdır, Azərbaycan ədəbiyyatında tarixi roman
janrının banisidir. Ədəbi yaradıcılığa "Qəflət", "Vətən
və hürriyyət" əsərləri ilə başlamış, eyni adlı
kitablarını "Qeyrət" mətbəəsində çap etdirmişdir. Bu
kitablarda Ordubadinin ilk yaradıcılıq təcrübələri
toplanmışdır. Onun yaradıcılığında tarixi dram janrı,
tarixi roman və s. janrlar üstünlük təşkil edir. "Dumanlı
Təbriz", "Qılınc və qələm", "Bədbəxt milyonçu, yaxud
Rzaqulu xan firəngiməab" əsərləri ona daha çox şöhrət
gətirmişdir. Onun "Səyahətnameyi-İbrahimbəy" və silsilə
məktubları da vardır. Çıxışlar zamanı yazıçının həyat və
yaradıcılığına aid fraqmentlər, fotoşəkillərdən ibarət
təqdimat nümayiş olundu.
***
Dekabrın 7-də müasir Azərbaycan ədəbiyyatının daha bir
tanınmış nümayəndəsi, böyük şair və maarifçi Əhməd
Cavadın anadan olmasının 120 illik yubileyi ilə əlaqədar
tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun
rektoru, professor Aqiyə Naxçıvanlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhməd
Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında" 9
fevral 2012-ci il tarixli sərəncamının əhəmiyyətindən
danışdı. XX əsr ədəbiyyatımızın tarixində romantizmin
görkəmli nümayəndəsi kimi tanınan Əhməd Cavadın
yaradıcılığının öyrənilməsi, təbliği baxımından çox
önəmlidir. Vurğulandı ki, Ə.Cavad dövlətçiliyimizin əsas
atributlarından biri olan Dövlət himninin müəllifidir.
Ulu öndərimiz Heydər Əliyev bu himnin musiqisini və
sözlərini çox bəyənir və dəyərləndirirdi.
AMİ-nin Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası
kafedrasının müəllimi, professor Təyyar Cavadov "Əhməd
Cavad yaradıcılığının dövrləşməsi və mərhələ təsnifatı",
dosent Əlizadə Əsgərli "Əhməd Cavad romantikdirmi,
realistdirmi?" mövzularında çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, Əhməd Cavadın yaradıcılığı
1916-cı ildə çap olunmuş "Qoşma" şeirlər kitabı ilə
Azərbaycan oxucusunu cəlb etmiş, lirik və romantik
şeirlərindən ibarət olan bu kitab şairə şöhrət
gətirmişdir. Ə.Cavad sovet dövründə də öz yaradıcılıq
istiqamətinə sadiq qalmış, milli azadlıq ideyaları yayan
əsərlər yaratmaqda davam etmişdir. Bu illərdə yazdığı "Göy
göl", "Unudulmuş sevda", "Səsli qız" kimi əsərləri onu
türk birliyini özünə hədəf seçmiş və bu yolda ölümə
qədər gedən şair obrazı qazandırmışdı. Ə.Cavad 1937-ci
ildə repressiyanın qurbanı olmuşdur.
Tədbirdə institutun filologiya və təhsildə psixoloji
xidmət fakültəsinin II kurs tələbəsi Emil Paşayev "Azərbaycan",
III kurs tələbəsi Sona Kərimova "Dilimiz", III kurs
tələbəsi Taciyəxanım İmanova "Azərbaycan bayrağına"
şeirlərini səsləndirdilər, pedaqoji fakültənin I kurs
tələbəsi Asiman Xəlilli isə Əhməd Cavadın sözlərinə
yazılmış "Çırpınırdı Qara dəniz" və "Şükriyyə"
mahnılarını ifa etdi.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |