Dekabrın
14-də Azərbaycan Dillər Universitetində Həsən bəy
Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat
xidmətinin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müəllimi Zeynab Kazımova və filologiya
fakültəsinin jurnalistika ixtisasında təhsil alan
tələbələrin təşkilatçılığı ilə baş tutdu. Tədbirdə
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Ayna"
və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı, "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Həsən
bəy Zərdabinin qohumları iştirak edirdilər.
Tədbirdə Azərbaycanın görkəmli ziyalısı Həsən bəy
Zərdabi haqqında məlumat verildi, onun naşiri olduğu "Əkinçi"
qəzetindən, Azərbaycanda milli mətbuatımızın əsasının
məhz bu qəzetlə qoyulduğundan söz açıldı. Sonra Həsən
bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş
videoçarxlar təqdim edildi. Daha sonra tələbələrin
ifasında Həsən bəy Zərdabinin həyatını, onun ana dilində
qəzet nəşr etməklə bağlı qarşısına çıxan çətinlikləri,
dövrün amansızlığını, xalqın savadsızlığından istifadə
edərək milləti oxumaq, öyrənmək həvəsindən döndərən
dırnaqarası bəylərin iç üzünü əks etdirən səhnəciklər
göstərildi.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin
gözlədiyindən də yüksək şəkildə keçdiyini bildirdi və
Mətbuat Şurası tərəfindən burada iştirak edən
tələbələrin Fəxri diplomla mükafatlandırılacaqlarını
söylədi. Ə.Amaşov Həsən bəy Zərdabinin 170 illiyi ilə
bağlı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin xüsusi sərəncam imzaladığını xatırlatdı və ADU-da
tədbirin yüksək səviyyədə təşkilinin məhz bu sərəncamdan
irəli gələn vəzifələrin həyata keçirilməsi baxımından
çox əhəmiyyətli olduğunu vurğuladı. Ə.Amaşov
tələbələrdən ibarət bu heyətlə Mətbuat Şurasının xətti
ilə digər ali məktəblərdə, hətta orta məktəblərdə
iştirak etmək istəyini dilə gətirdi. "Azərbaycan
mətbuatı deyəndə Həsən bəy Zərdabi, Həsən bəy Zərdabi
deyəndə Azərbaycan mətbuatı yada düşür" - deyən Ə.Amaşov
görkəmli ziyalının Azərbaycan mətbuatına verdiyi
töhfələrdən danışdı.
"Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin
Şıxlı çıxışında xatirələrə daldığını, özünün də bu
universitetin tələbəsi olduğunu qeyd etdi. ADU-da
jurnalistika ixtisasının açıldığından şad olduğunu
söyləyən E.Şıxlı redaksiyasında 2 nəfər ingilis dili
bilən işçidən birinin məhz bu universitetin məzunu
olduğunu söylədi və dilləri tədris edən universitetin
gələcəyə lazımlı jurnalistlər yetişdirəcəyindən
əminliyini ifadə etdi. O, "H.Zərdabini dünyaya çıxarmaq
üçün dünyanın dilini bilmək lazımdır" fikirlərini
sözlərinə əlavə etdi.
ADU-nun Azərbaycan tarixi, sosial elmlər və fəlsəfə
kafedrasının professoru, H.Zərdabinin qohumu Məhəmməd
Teymurlu bu təhsil ocağının jurnalistlər
yetişdirməsindən şad olduğunu dedi, milli mətbuatımızın
banisinin ideyalarına əməl edib ondan güc almağın
vacibliyindən danışdı.
Sonda ADU-nun rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidov çətin iş qrafiklərinə baxmayaraq,
vaxt ayırıb təşrif buyurduqlarına görə qonaqlara
təşəkkürünü bildirdi. Rektor Səməd Seyidov Prezident
İlham Əliyevin məhz Azərbaycanın milli mətbuatının
banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin
keçirilməsi ilə bağlı imzaladığı sərəncamın bugünkü
mətbuat nümayəndələri üçün vacib olduğunu vurğuladı.
H.Zərdabinin irsi və onun fəaliyyətinin gənc nəsil
jurnalistlərə təbliğ olunmasını bu yöndə mühüm addım
hesab etdi. ADU-nun ilk jurnalist tələbələrinin birinci
dəfə tamaşaçılar qarşısına çıxdığını deyən rektor bu
təhsil ocağında jurnalistika ixtisasının açılmasının elə
də asan olmadığını və burada iştirak edən və etməyən
tanınmış mətbuat işçilərinin yüksək rəyi əsasında ADU-da
həmin ixtisasın artıq fəaliyyət göstərdiyini vurğuladı.
"Bizə dilləri bilən hüquqşünaslar, həkimlər, dilşünaslar,
eləcə də jurnalistlər lazımdır" - fikirlərini söyləyən
Səməd Seyidov tədbirin yüksək səviyyədə təşkilinə görə
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin
rəhbəri Zeynab Kazımovaya minnətdarlığını bildirdi və
tələbələri təbrik etdi.
Şakir CƏFƏROV |