Dekabrın
20-də paytaxtdakı "Avropa" otelində "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (De-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"
çərçivəsində "2012-ci ilin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda konfrans keçirildi.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov "Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı Dövlət Proqramı"nın icrası ilə bağlı
təqdimat-məruzə ilə çıxış etdi. Hər ilin sonunda Təhsil
Nazirliyi tərəfindən Proqramın icrası ilə bağlı hesabat
konfransı keçirildiyini deyən nazir budəfəki konfransın
BMT-nin mühüm sənədi olan Uşaq hüquqları haqqında
Konvensiyanın Azərbaycanda qəbul olunmasının 20 illik
yubileyinin keçirildiyi bir dövrə təsadüf etdiyini
bildirdi. Qeyd etdi ki, sözügedən Dövlət Proqramının
əsas məqsədi də məhz uşaqların ailə mühitində
böyüməsinin zəruriliyi nəzərə alınaraq, müəssisədə olan
uşaqların ailələrə verilməsi və alternativ qayğının
təşkil edilməsidir.
Təhsil Nazirliyinin Dövlət Proqramının həyata
keçirilməsində aparıcı qurum olduğunu diqqətə çatdıran
nazir nazirliyin Dövlət Proqramının həyata
keçirilməsində öz işini Maliyyə, Səhiyyə, Ədliyyə,
Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi və yerli icra hakimiyyətləri ilə sıx
əməkdaşlıq çərçivəsində qurduğunu, bununla yanaşı,
müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının
Proqramın icra olunmasında Azərbaycan hökumətinə dəstək
verdiklərini dedi. Təhsil naziri qeyd etdi ki, Dövlət
Proqramının uğurla həyata keçirilməsində Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın uşaq evləri və internat məktəblərinə
göstərdiyi qayğı mühüm rol oynayır.
Sonra nazir bu il ərzində Dövlət Proqramı qarşısında
duran vəzifələrin icrası ilə bağlı məlumatları konfrans
iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, dövlət
uşaq müəssisələrinin transformasiyası üzrə Baş planın
icrası olaraq, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 22 iyun tarixli qərarına əsasən,
sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli və 3
nömrəli xüsusi internat məktəbləri şagird kontingentinin
azalması səbəbindən birləşdirilmiş, 2012-ci il 6 dekabr
tarixli qərara əsasən isə Qusar şəhər internat məktəbi
ləğv edilərək bazasında Qusar peşə liseyi yaradılmışdır.
Beləliklə, 2008-ci ildə ölkə üzrə dövlət uşaq
müəssisələrinin sayı 55 olduğu halda, Dövlət Proqramı
çərçivəsində görülən tədbirlər nəticəsində müəssisələrin
sayı 42-yə enmişdir.
Dövlət Proqramının Tədbirlər Planına və Baş plana əsasən,
uşaq evləri və internat tipli dövlət uşaq
müəssisələrinin tədricən ailə əsaslı və icma əsaslı
xidmətlər ilə əvəz olunması işinə başlanıldığını diqqətə
çatdıran nazir Təhsil Nazirliyi tərəfindən bu
istiqamətdə aparılan məqsədyönlü işlər nəticəsində ölkə
üzrə ümumilikdə bu il 589 nəfər uşağın dövlət uşaq
müəssisələrinə düşməsinin qarşısının alındığını
bildirdi.
Nazir qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində "Müəssisədə
yaşayan uşaqların ailələrə verilməsi və alternativ
qayğıya cəlb edilməsi", "Yerli hakimiyyət orqanları ilə
qeyri-hökumət təşkilatları arasında himayədar (foster)
qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin
işlənib hazırlanması" pilot layihələinin icrası
istiqamətində görülən işlər nəticəsində cari ildə
valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat
məktəbləri və uşaq evlərində yaşayan 123 nəfər uşaq
rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə
həmin müəssisələrdən bioloji ailələrinin və yaxın
qohumlarının himayəsinə qaytarılmışdır.
Hazırda Dövlət Proqramının əhatəsində olan dövlət uşaq
müəssisələrində 8336 nəfər uşağın təlim-tərbiyə aldığını
deyən Misir Mərdanov onlardan 3671 nəfərinin müəssisədə
gecələyən, qalan 4665 nəfərin isə müəssisənin yalnız
təhsil və günərzi xidmətlərindən istifadə edən, gecəni
isə ailəsi ilə birgə keçirən uşaqlar olduğunu söylədi.
Bildirdi ki, Təhsil Nazirliyi tərəfindən aparılan
məqsədyönlü tədbirlər nəticəsində dövlət uşaq
müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı ilbəil
azalır. Belə ki, onların sayı 2006-cı ildə 21000,
2007-ci ildə 18400, 2008-ci ildə 14389 nəfər, 2009-cu
ildə 10055 nəfər, 2010-cu ildə 9827 nəfər, 2011-ci ildə
9776 nəfər, 2012-ci ildə isə 8336 nəfər olub.
Dövlət uşaq müəssisələrindən məzun olan uşaqların
sonrakı həyatı haqqında fikirlərini söyləyən nazir
sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil
pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli
təhsillə (inklüziv təhsillə) təmin olunması üçün YUNİSEF-lə
birgə həyata keçirilən tədbirlərdən bəhs etdi. Ölkəmizdə
de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata
keçirilən islahatların nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdıran
Misir Mərdanov bu sahədə görülən işlərə hər zaman dəstək
verən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü
bildirdi.
Sonra konfransda "Empatiya" adlı sənədli film nümayş
olundu.
Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı
nümayəndəsi Mark Herevard, Milli Məclisin Sosial Siyasət
Komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin
deputatları Qənirə Paşayeva, Ceyhun Osmanlı, Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və
başqaları hesabat məruzəsinin ətraflı hazırlandığını
qeyd etdilər, de-institutlaşdırma prosesi, uşaqlar üçün
sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini
bildirib, proqramın icrası istiqamətində görülən işləri
yüksək dəyərləndirdilər.
Konfransın sonunda Dövlət Proqramının həyata
keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirən
təhsil naziri Misir Mərdanov bununla bağlı qarşıda duran
bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə
əminliyini ifadə etdi.
Yusif ƏLİYEV |