18-19
dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı
ilə doktorantların və gənc tədqiqatçıların XVII
Respublika elmi konfransı keçirildi.
Dekabrın 18-də "Avropa" otelində keçirilən konfransın
açılış mərasimində təhsil naziri Misir Mərdanov, Milli
Məclisin Elm və Təhsil məsələləri Komitəsinin sədri,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı Abel Məhərrəmov, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru, Milli
Məclisin deputatı Gülçöhrə Məmmədova, Azərbaycan Dillər
Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd
Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru,
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov,
respublikanın tanınmış alimləri və pedaqoqları iştirak
edirdilər.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qeyd etdi ki,
doktorantların və gənc tədqiqatçıların Respublika elmi
konfransı böyük əhəmiyyət kəsb edir. Belə konfranslarda
gənclər məşğul olduqları konkret elm sahələrində
nailiyyətlərini nümayiş etdirməklə yanaşı, elmi
yaradıcılıqları barədə fikir mübadiləsi, həmçinin elmi
təcrübələri ilə bir-birini tanış etmək imkanı əldə
edirlər. Qeyd olundu ki, son illərdə Azərbaycan
gənclərinin hərtərəfli inkişafı, onların elmə və təhsilə
yiyələnməsi üçün əlverişli mühit və şərait yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin təhsilin və elmin
inkişafına göstərdiyi diqqət və qayğıdan söz açan nazir
bu işlərin hazırda ulu öndərin layiqli davamçısı, ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini söylədi.
Azərbaycanda kifayət qədər elmi potensialın olduğunu
bildirən nazir Misir Mərdanov bundan bacarıqla istifadə
etməyin vacibliyini diqqətə çatdırdı. Bildirildi ki,
hazırda respublikamızda 30 mindən artıq elmi və elmi-pedaqoji
kadr çalışır. Onlardan 1918-i elmlər doktoru, 8976-sı
isə fəlsəfə doktorudur (elmlər namizədi). Son illər elmi
əsərlərin nüfuzlu mətbu orqanlarında çap olunmasına
diqqətin artırıldığını söyləyən təhsil naziri bəzi ali
təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı
tədbirlər nəticəsində impakt-faktoru olan jurnallarda
dərc olunan məqalələrin sayının artdığını qeyd etdi.
Nazir sonra doktorantların və gənc tədqiqatçıların XVII
Respublika elmi konfransı barədə məlumat verərək
gənclərin ildən-ilə konfransa maraqlarının artmasını
yüksək dəyərləndirdi. Qeyd olundu ki, konfrans öz işini
2 gün ərzində Azərbaycan Memarlıq və İnşaat
Universitetində müxtəlif elm sahələri əhatə olunmaqla 19
bölmədə davam etdirəcəkdir. Konfransın bölmələrində 21
ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər
Akademiyasının institutlarından daxil olmuş 451
məruzənin dinlənilməsinin nəzərdə tutulduğunu bildirən
nazir Misir Mərdanov təqdim olunan məruzələrin hər bir
ali məktəb üzrə sayını açıqladı.
Nazir Misir Mərdanov çıxışının sonunda müstəqil
Azərbaycanın xoşbəxt gələcəyinin məhz gənclərin
intellektual səviyyəsindən, milli və ümumbəşəri
dəyərlərə dərindən yiyələnmələrindən, elm və təhsilin
zənginliklərindən layiqincə bəhrələnmələrindən çox asılı
olduğunu söyləyərək doktorantlara və gənc tədqiqatçılara
bir sıra dəyərli tövsiyələr verdi, onlara elmi
fəaliyyətlərində uğurlar arzuladı.
Mərasimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin
rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova
çıxış edərək respublikamızda təhsilin, elmin inkişafına,
həmçinin gənclərə göstərilən diqqət və qayğıdan danışdı.
Çıxış üçün söz alan Bakı Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı Abel Məhərrəmov, Milli Məclisin
Elm və Təhsil məsələləri Komitəsinin sədri, Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Vaqif Abbasov ölkəmizdə elmin və təhsilin
uğurlu inkişafından söz açdılar. Çıxış edənlər
Azərbaycanda çoxlu sayda istedadlı, yüksək bilik və
bacarığı ilə fərqlənən gənclərin olduğunu xüsusi
vurğulayaraq konfrans iştirakçılarına ən xoş arzularını
çatdırdılar.
Bakı Dövlət Universitetinin doktorantı Günel Məlikli,
Milli Aviasiya Akademiyasının doktorantı Zafiq Xəlilov
çıxış edərək onların elmi, yaradıcılıq potensialının
üzə çıxarılmasına, tədqiqatçılıq bacarıqlarının inkişaf
etdirilməsinə, həmçinin elmi nailiyyətlərinin birlikdə
müzakirə olunmasına xidmət edən belə konfransların
keçirilməsinin təqdirəlayiq olduğunu söylədilər,
ölkəmizdə gənclər üçün yaradılan hərtərəfli imkan və
şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə
təşəkkürlərini bildirdilər.
Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin
doktorantı Elşad Məhərrəmov "Bakı şəhəri məskunlaşma
sistemində mədəniyyət mərkəzlərinin formalaşması"
mövzusunda məruzə-təqdimatla çıxış etdi.
Tədbirin sonunda Təhsil Nazirliyinin Elm şöbəsinin
müdiri Gültəkin Hüseynova elmi konfransın təşkilati
məsələləri ilə bağlı ətraflı məlumat verdi.
Onu da qeyd edək ki, iki gün davam edən elmi konfransın
sonunda doktorantlara və gənc tədqiqatçılara Təhsil
Nazirliyinin sertifikatları təqdim olundu. Konfransın
materiallarının hər il olduğu kimi, bu il də kitab
şəklində çap olunaraq iştirakçılara verilməsi qərara
alındı.
Samirə KƏRİMOVA |