Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə
tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19
avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş
Fəaliyyət Planının 13.2 və 13.3-cü bəndlərinin icrası
məqsədilə
ƏMR EDİRƏM:
1. "Elektron məktəb" layihəsini tətbiq etmək üçün
seçilmiş əlavə 11 təhsil müəssisəsinin siyahısı təsdiq
edilsin (1 saylı Əlavə).
2. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov):
2.1. "Elektron məktəb" layihəsinə yeni cəlb olunmuş
təhsil müəssisələrində vahid informasiya mühitinin
yaradılmasını nəzərdə tutan Elektron məktəb modelinin
strukturunun, iştirakçılarının, proqram-texniki
təminatının və qarşılıqlı fəaliyyət mexanizminin müəyyən
edilməsini təmin etsin.
2.2. Elektron məktəb sisteminə qoşulan yeni təhsil
müəssisələrinin vahid informasiya mühitinin yaradılması
və fəaliyyət göstərməsi üçün zəruri olan avadanlıqlar (noutbuk,
proyektor, interaktiv lövhə və s.) və proqram təminatı
ilə təchiz olunmasını təmin etsin.
2.3. Bakı və digər şəhər/rayonlarda Elektron məktəb
sisteminə qoşulan pilot məktəblərdə çalışan kadrların (pedaqoji,
inzibati, texniki və s.) İKT sahəsində bilik və
bacarıqlarının artırılması üçün tədbirlər görsün və
əlavə kursların təşkil olunmasını təmin etsin.
2.4. Elektron məktəb sisteminə qoşulan pilot məktəblərdə
yüksək sürətli fiberoptik İnternet və İntranet
bağlantılarını təmin etsin.
2.5. Təhsil müəssisələrinin "Elektron məktəb" layihəsinə
cəlb olunması prosesinin 2012-2013-cü tədris ilində başa
çatmasını təmin etsin.
3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, İsmayıllı, Ağstafa,
Tovuz və Şamaxı rayon Təhsil şöbələrinə tapşırılsın ki,
Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə
müqavilə əsasında "Elektron məktəb" layihəsinə qoşulan
pilot təhsil müəssisələrinin vahid informasiya mühitinin
yaradılmasını və fəaliyyəti sahəsində çalışan
təşkilatlara lazımi köməklik göstərilməsini və şərait
yaradılmasını, bu təhsil müəssisələrində çalışan
kadrların (pedaqoji, inzibati, texniki və s.) layihədə
fəal iştirakı və onların üzərinə düşən bütün vəzifələrin
yerinə yetirilməsini təmin etsinlər.
4. "Elektron məktəb" layihəsinə cəlb olunan ümumtəhsil
müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, məktəblərdə
vahid informasiya mühitinin yaradılması və fəaliyyəti
sahəsində çalışan təşkilatlara lazımi köməklik
göstərilsin və məktəbdə çalışan kadrların (pedaqoji,
inzibati, texniki və s.) layihədə fəal iştirakını təmin
etsinlər.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan
müəllimi" qəzetində, nazirliyin "Təhsil xəbərləri"
məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet
saytında dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
19 dekabr 2012-ci il |