Ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü
tədris ilinin payız semestrinin imtahan sessiyasını
mövcud qaydalara uyğun təşkil etmək, (bundan sonra
imtahan sessiyası) tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin
etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq
məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyində "Qaynar xətt" xidmətinin
fəaliyyət göstərdiyi nəzərə alınsın (Tel.: (012) 146,
e-mail:
qaynar-xett@edu.gov.az).
2. Ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan
qərargahı və "Qaynar xətt" xidməti yaratsınlar;
- qərargaha və "Qaynar xətt" xidmətinə daxil olan hər
bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə
operativ məlumat verilməsini təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin
gücləndirilməsini təmin etsinlər;
- imtahanların təşkilində və gedişində nöqsanlara,
neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud
qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil
müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə
məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və
nəticələri barədə sessiya bitdikdən sonra 15 gün
müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
3. Təhsil Nazirliyinin Aparatının rəhbərinə (İ.Pirməmmədov),
Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev)
tapşırılsın:
- Təhsil Nazirliyinin əməkdaşlarının, nazirliyin
Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan
qeyri-hökumət təşkilatları və ictimaiyyət
nümayəndələrinin iştirakı ilə təhsil müəssisələrində
imtahan sessiyasının monitorinqinin keçirilməsini təmin
etsinlər;
- imtahan sessiyası zamanı korrupsiya hallarının
müəyyənləşdirilməsi üçün tələbələr arasında anket
sorğularını təşkil etsinlər;
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya
müddətində təhsil müəssisələrində baş vermiş neqativ
hallarla bağlı daxil olan məlumatları operativ
araşdırsınlar və onların yol verilməsində günahı olan
şəxslər barədə tədbir görmək üçün təkliflər
hazırlasınlar;
- imtahan sessiyasının nəticələrini təhlil edib müvafiq
hesabatı müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
imtahan sessiyasının gedişi barədə kütləvi informasiya
vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin
etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində və nazirliyin
İnternet saytında dərc edilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 dekabr 2012-ci il |