Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də
Füzuli rayonuna səfərə gəlmişdir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam
orta məktəbinin açılış mərasimində iştirak etmişdir.
Azərbaycan Prezidenti məktəbin rəmzi açılışını bildirən
lenti kəsdi.
Yeni təhsil ocağı ilə tanışlıq zamanı dövlətimizin
başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa olunmuş məktəb binasının tikintisinə
2011-ci ilin sentyabrında başlanılmışdır. İkimərtəbəli
binanın ümumi sahəsi 3 min 170 kvadratmetrdir. Məktəbin
1,5 hektar həyətyanı sahəsi vardır. Burada 2 min 600
kvadratmetr sahəyə tamet plitə döşənmiş, yaşıllıq zolağı
salınmış, 150 dekorativ ağac əkilmiş, müasir
işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.
Yaraşıqlı
məktəb binasının foyesində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin təhsilin inkişafına
göstərdikləri diqqət və qayğısını əks etdirən
fotostendlər quraşdırılmışdır. Bina müasir havalandırma
sistemi ilə təchiz olunmuşdur. Birinci mərtəbədə lazımi
tədris vasitələri və ləvazimatlarla təmin olunmuş 10
sinif otağı, bufet, kitabxana, sürətli İnternetlə təchiz
edilmiş kompüter otağı və idman zalı yerləşir. İdman
zalında voleybol, basketbol, mini futbol, güləş və
idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi
şərait yaradılmışdır.
Binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider
Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər
Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın
həyat və fəaliyyətlərini əks etdirən fotoguşələr
yaradılmışdır. Həmçinin bu mərtəbədə 130 yerlik akt
zalı, tədris laboratoriyaları və 12 sinif otağı da
vardır. Yeni məktəb müəllimlərə elmlərin sirlərini
şagirdlərə daha yüksək səviyyədə öyrətmək imkanı
verəcəkdir.
AzərTAc |