Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı
noyabrın 24-də Siyəzən və Xızı rayonlarının müəllimləri
ilə birgə "5-ci siniflərdə fənlərin tədrisində yeni
təlim texnologiyalarından istifadənin aktual
problemləri" mövzusunda konfrans keçirdi.
Konfransı AMİ-nin Sumqayıt filialının direktoru, kimya
elmləri doktoru, professor Raya Nəcəfova açaraq qeyd
etdi ki, ayrı-ayrı fənlərə aid kurikulumun tələblərinə
uyğun dərsliklər yazılmış və proses indi də davam
etdirilir. Bu dərsliklərdən ibtidai məktəb və 5-ci sinif
şagirdləri istifadə edirlər. Yeni yazılmış dərsliklər
barədə müəllimlərin fikirlərini öyrənmək, tənqidi
iradlarını dinləmək konfransın əsas məqsədidir.
Konfransda beş istiqamət üzrə məruzə dinlənildi.
Sumqayıt Dövlət Universitetinin "Azərbaycan dili və
ədəbiyyatının tədrisi metodikası" kafedrasının
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yusif Aslanovun
"Azərbaycan dili və ədəbiyyat dərslərində müasir təlim
texnologiyalarından istifadə", Qubadlı rayon İşıqlı kənd
orta məktəbinin müəllimi Araz Əliyevin "5-ci siniflərdə
riyaziyyat fənninin tədrisinin aktual problemləri",
biologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Hüseynovun
"Həyat bilgisi" fənninin tədrisində müasir təlim
metodları", ictimai elmlər kafedrasının müdiri, tarix
elmləri doktoru, professor Arif Məmmədovun "V siniflərdə
Azərbaycan tarixi fənninin tədrisinin müasir
problemləri", ADPU-nun baş müəllimi, pedaqoji elmlər
üzrə fəlsəfə doktoru Aygün Məcidovanın "İbtidai təhsilin
inkişaf tarixi və müasir məktəb" mövzularında etdikləri
məruzələr konfrans iştirakçılarının böyük marağına səbəb
oldu.
AMİ-nin ixtisasartırma və yenidənhazırlanma fakültəsinin
dekanı Telman Haqverdiyev çıxış edərək Sumqayıt
filialının apardığı bu işin əhəmiyyəti və yeni təlim
texnologiyalarından istifadə etmək yollarını öyrənmək
baxımından faydalı olduğunu müsbət qiymətləndirdi.
Məlahət İSMAYILZADƏ |