Bu günlərdə İmişli rayon sakini Ellada Bəhlulqızından
aldığımız məktubda bildirilir ki, şəhər A.Eminov adına 7
nömrəli tam orta məktəbdə "Əhməd Cavad-120" adlı
ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru
Ə.İbrahimov müəllimləri, şagirdləri və valideynləri
salamlayaraq bildirib ki, 2012-ci ildə unudulmaz
Azərbaycan şairi, maarifçi, ictimai xadim, Azərbaycan
Dövlət himninin sözlərinin müəllifi olan Əhməd Cavadın
anadan olmasının 120 ili tamam olur. Ölməz şairin həyatı
və yaradıcılığı ilə bağlı ölkəmizdə, eləcə də bütün türk
dünyasında bir-birindən maraqlı tədbirlər həyata
keçirilir. Məktəbimizdə təşkil olunmuş bu tədbir də
böyük şairə, onun yaradıcılığına olan hörmət və
ehtiramın nümunəsidir.
Sonra məktəbin ədəbiyyat müəllimi L.İbişova şairin
əzablı həyat yolundan, dəhşətli 1937-ci ilin qurbanı
olması, əsərlərinin nəşrinə və oxunmasına uzun illər
qadağa qoyulması barədə tədbir iştirakçılarına ətraflı
məlumat verərək Ə.Cavadın XX əsr Azərbaycan
ədəbiyyatının, poeziyasının təkrarolunmaz simalarından
biri və onun türk dünyasının, Turan elinin böyük şairi
olduğunu diqqətə çatdırıb.
Gecənin sonunda məktəbin şagirdləri ölməz şairin "Nə
gördümsə", "Bismillah", "Qalx" və s. şeirlərindən
nümunələr söyləyiblər.
ƏDALƏT |