Paytaxtın
Nərimanov rayonunda yeni açılmış yüksək texnologiyalı
Bakı Modern məktəbində Dövlət Bayrağı Gününə həsr
olunmuş maraqlı bir tədbir keçirilirdi. Tədbiri maraqlı
edən əsas cəhət onun orijinal bir formada - "Açıq dərs"
şəklində qurulması idi. Tədbir çərçivəsində məktəbin I
"A" sinfində də "açıq dərs" keçirildi. Bu sinfə dərs
deyən müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi
Sevinc Əliyevanın Azərbaycan dili fənnindən "Yy" hərfi
mövzusunda apardığı dərs altıyaşlı körpələrin ilk "açıq
dərs"i idi. Dərs Dövlət Bayrağı Günü ərəfəsinə
düşdüyündən bir qədər bayramsayağı, rəngarəng və şən
keçdi. "Açıq dərs"də Bakı Modern məktəbinin direktoru
Gülarə Əfəndiyeva, təlim-tərbiyə işləri üzrə müavini
Sevinc Bayramova, metodist və sinif müəllimləri iştirak
edirdilər.
Bir neçə məzmun standartının yerinə yetirilməsini hədəfə
almış dərsin əsas məqsədi şagirdlərə sözləri hecalara
bölməyi və oxumağı, hərfin elementlərini, onu düzgün
yazmağı, kiçikhəcmli mətni üzündən köçürməyi, müşahidə
etdiklərinə əsasən hekayə qurub danışmağı, cümlənin
bitmiş fikir bildirdiyini öyrətmək idi.
Kollektiv və fərdi iş formasında keçilən dərsdə müəllim
müzakirə və əqli hücum üsullarından, kompüter,
projektor, plastilin, "Sehirli Əlifba", dərslik,
alternativ dərslik, vərəqlər, hərf kartları kimi
çoxsaylı resurslardan istifadə etdi.
40 dəqiqəlik dərs zamanı müəllim sinfin təşkilindən,
elektron jurnalın yazılmasından tutmuş
qiymətləndirməyədək dərsin bütün mərhələlərini yaradıcı
şəkildə qurmağın və aparmağın mümkünlüyünü nümayiş
etdirdi.
Sinfin təşkili və jurnalın yazılmasından sonra
şagirdlərdən 2-si Dövlət Bayrağı Günü münasibəti ilə
şeirlər söyləməklə yoldaşlarını və dərsi dinləyənləri
salamladı və ilk dəqiqələrdən şagirdlərdə yüksək
əhvali-ruhiyyənin və marağın yaranmasına səbəb oldu.
Şagirdlərin mövzunu təxmini müəyyən edə bilməsi üçün
müəllim dərsin motivasiya mərhələsini də məqsədəuyğun
şəkildə qurdu. Öncə ekranda yaşıllığı əks etdirən slayd
nümayiş olundu. Müəllim uşaqlardan ekranda nə
gördüklərini soruşdu.
Sonra şagirdləri "Yy" hərfinin adını çəkməyə
istiqamətləndirən suallar verdi, "Yallı" rəqsi
səsləndirildi. Beləliklə, dərsin mövzusu şagirdlərdən
alındı. Sonra müəllim səsin eşidilməsi və
fərqləndirilməsi üzərində iş apardı, "yarpaq" və "gül"
sözləri müqayisə olundu. Sehirli əlifbada "Y" səsi
səsləndirildi.
Belə bir tədqiqat sualı qoyuldu: "Y" səsi necə səsdir və
sözün hansı hissələrində işlənə bilir. 5 dəqiqə ərzində
qoyulmuş sual üzərində tədqiqat aparıldı, tərkibində "Y"
səsi olan sözlər söyləndi, şagirdlərin fikirləri
dinlənildi. Bu qənaətə gəlindi ki, "Y" səsi avazlıdır,
lakin heca yaradan səs deyil.
Sonrakı mərhələlərdə hərfin tanıdılması, yazılışın
nümayişi, manipulyativ məşğələ, yazılışın öyrədilməsi
üzərində iş aparıldı. Başqa bir mərhələdə hecalara
ayırma üzrə iş aparan müəllim mövcud dərslikdə heca
sxemi olmadığından "Bizim kitab-2012. Azərbaycan dili -
1" variantiv dərsliyindən istifadə etdi. Şəkillər
adlandırıldı. "Y" hərfinin yeri müəyyən olundu, adlar
hecalara ayrıldı, alternativ dərslikdəki hecalar, sözlər
oxundu. Sonra lövhədə dərsliyin skayner formasından
şagirdlər sözləri oxudular, alternativ dərsliyin süjetli
şəkilləri üzrə iş aparıldı. Ev quşları, onların faydası,
onlara qayğı haqqında danışıldı.
Şagirdlər müəllim tərəfindən hazırlanmış kiçik mətni
dinləyib onunla bağlı öz fikirlərini bildirdilər,
fikirlərə əlavələr olundu.
Şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün dərsdə
idman dəqiqələri verildi. Vaxtdan səmərəli istifadə edən
müəllim idman dəqiqələri zamanı qiymətləndirmə apardı.
Qiymətləndirmə inkişaf göstəriciləri və müşahidə
əsasında aparıldı.
Dərsin ümumiləşdirmə və yaradıcı tətbiqetmə mərhələləri
də səmərəli təşkil olundu. Şagirdlər smart lövhədə
müxtəlif öyrədici tapşırıqlar yerinə yetirdilər.
Dərsdə şagirdlərin fərdi iş və kollektiv işi də
məharətlə təşkil olundu. Fərdi iş zamanı şagirdlər
verilmiş, qarışıq sözlər içərisində "Y" hərfini seçib
haşiyəyə aldılar, kollektiv iş zamanı isə öyrədici
tapşırıq olan bayraq şəklinin altında "y" hərfini yerinə
yazdıqdan sonra bayrağa həsr olunmuş şeirlər söylədilər.
Müəllimin Dövlət bayrağımız, Bayraq Meydanı haqqındakı
qısa məlumatından sonra şagirdlər xorla "Çırpınırdı Qara
dəniz" şərqisini ifa etdilər. Beləliklə, maraqlı keçən
dərs başa çatdı. Müəllim valideynlərə evdə uşaqlarına
ev quşlarından seçib yapışdırmaq və ya şəkillərini
çəkməklə təqdimat hazırlamağa kömək etmələri ilə bağlı
qeyd ünvanladı.
"Y" hərfinin öyrədilməsi zamanı həm fəndaxili, həm də
fənlərarası (musiqi, həyat bilgisi, texnologiya, həyati
bacarıqlara əsaslanan təhsil, riyaziyyat, xarici dil)
inteqrasiya aparıldı.
Müəllim hərfi öyrətməzdən əvvəl yeni səsi şagirdlərə
hiss etdirməyə çalışdı, bununla da şagirdlərdə tez
mənimsəmə, səsin eşidilib fərqləndirilməsi, axtarış
zamanı Azərbaycan, rus, ingilis dillərində sözlər
düşünüb demələri şagirdlərin fəallığına səbəb oldu.
Hərfin öyrədilməsi prosesində manipulyativ məşğələlərin
keçirilməsinin vacibliyini müəllim onunla izah etdi ki,
bu zaman şagird müşayiət etdiyi hərfin yazılışını öz
əlləri ilə modelləşdirir və düzgün formanı heç zaman
unutmur.
Dərs zamanı istifadə olunan alternativ dərslikdə ev
quşlarına qayğı mövzusunu şagirdlər maraqla
qarşıladılar.
Bir sözlə, bu, körpələrin ilk "açıq dərs"i olsa da,
onlar bu sınaqdan böyük məharətlə çıxdılar və dərsin
sonunda biz onların ifa etdikləri şeirlərdən bayrağımızı
necə sevdiklərinin şahidi olduq. Şagirdlərin "Bayraq
bizim qürur mənbəyimizdir. Bayraq bizim duyğumuz,
qanımız, canımız, Azərbaycanımızdır!" sözləri dərsin
onların vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə
verdiyini nümayiş etdirirdi.
Yusif ƏLİYEV |