Dekabrın
6-da Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə
böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
870 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir
keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan
etdiyi ədəbiyyat fənn aylığı çərçivəsində keçirilən
tədbirdə liseyin müəllim və şagirdləri ilə yanaşı,
qonaqlar da iştirak edirdilər. Liseyin foyesində böyük
şairə həsr olunmuş güşə yaradılmışdı.
Tədbiri liseyin direktoru, respublikanın əməkdar
müəllimi Həlimə Mehdiyeva açaraq Nizami dühasının
işığına yığışdıqlarını bildirib, iştirakçıları
salamladı. Nizami Gəncəvinin nəinki Azərbaycan, eləcə
də dünya ədəbiyyatının nəhəng simalarından sayıldığını
vurğulayan direktor hər bir azərbaycanlının onun
yaradıcılığı ilə yaxından tanış olduğunu, bu dahi
sənətkarı məktəblilərin də sevdiyini, onlar tərəfindən
hazırlanmış və indi təqdim olunacaq ədəbi-musiqili
kompozisiyanın da bu sevginin nəticəsi kimi hasilə
gəldiyini söylədi və qonaqları təqdim etdi.
Sonra Nizami yaradıcılığı haqqında məruzə etmək üçün söz
liseyin ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə
doktoru Könül Həbibovaya verildi. K.Həbibova Nizami
Gəncəvinin yaradıcılıq yolundan, ədəbiyyata gətirdiyi
yeniliklərdən, dünya poeziyasına verdiyi töhfələrdən,
sənətkarlıq xüsusiyyətlərindən bəhs etdi. Bildirdi ki,
dahi Nizami Gəncəvi öz "Xəmsə"si ilə böyük bir ədəbi
məktəb yaratmış, ondan sonra bir neçə əsr ərzində
onlarca şair bu mənəvi xəzinədən bəhrələnərək ona
nəzirələr yazmışdır.
Tədbirin aparıcıları XI sinif şagirdləri Vüqar Kərimzadə
və Nübar Baydarova növbə ilə şairin həyat və
yaradıcılığının bəzi məqamları, qələmə aldığı əsərlər
haqqında məlumat verdilər, şairin dünyaca məşhur
poemalarının mövzu və ideya məzmunundan söz açdılar.
Liseyin istedadlı şagirdləri N.Gəncəvinin şeirlərinə
yazılmış mahnıları, o cümlədən də məşhur "Sənsiz" və
"Sevgili canan" romanslarını məharətlə ifa etdilər.
Şagirdlərin şairin poemalarının motivləri əsasında
hazırladıqları və peşəkar aktyor ustalığı ilə təqdim
etdikləri "Yeddi gözəl" poemasından gözəllərin
geyindikləri paltarların rəngləri haqqında söylədikləri
şeirlərə, İsgəndərlə Nüşabənin görüşünə, Atabəy
hökmdarı Qızıl Arslan tərəfindən şairə Həmdünyan adlı
kəndin bağışlanmasına, rus bölməsinin şagirdlərinin
Sultan Səncərlə qarının söhbətinə həsr olunmuş
səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla
qarşılandı və alqışlandı.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, filologiya elmləri doktoru,
professor Nizami Cəfərov tədbirin təşkilini,
şagirdlərin çıxışlarını yüksək qiymətləndirdi.
N.Gəncəviyə dövlətimizin, xalqımızın xüsusi diqqət
göstərməsini şairin böyüklüyü, dünya şöhrəti qazanması
ilə bağlı olduğunu deyən natiq onu dünyanın ən böyük
şairləri sırasına yüksəldən cəhətlərdən söz açdı.
Çıxışında bir sıra xalqlar arasında Nizamiyə sahib
çıxmaq meylinin mövcudluğuna toxunan N.Cəfərov bunun
Nizaminin böyüklüyünə dəlalət edən amil olduğunu
söyləyərək, böyük şairin türk olmasını sübut edən bir
sıra elmi dəlilləri diqqətə çatdırdı. Professor
dövlətimizin Nizami irsinə qayğı ilə yanaşdığını qeyd
edib, ölkə Prezidentinin sərəncamı ilə onun 870 illik
yubileyinin keçirilməsini təqdirəlayiq hadisə
adlandırdı, Nizami yaradıcılığı indiyədək dərindən
öyrənilsə də, onda öyrənilməli cəhətlərin hələ çox
olduğunu, bu baxımdan belə yubileylərin böyük əhəmiyyət
kəsb etdiyini vurğuladı.
Sonra "dəyirmi masa" ətrafında davam edən tədbirdə
Azərbaycan Aerokosmik Mərkəzinin professoru Tofiq
Süleymanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik
Mərkəzinin direktoru Vahid Qurbanov, idarənin
məsləhətçisi Fəttah Quliyev, Xətai Rayon İcra
Hakimiyyətinin şöbə müdirinin müavini Tofiq Məmmədov,
rayondakı 27, 287, 204, 56 nömrəli tam orta məktəblərin
direktorları Cəmilə Ramazanova, Aygün Əhmədli, Ziba
Rzayeva, Hicran Qarayeva və başqaları söz alıb tədbirin
yüksək səviyyədə keçdiyini, şagirdlərin əsl istedad
nümayiş etdirdiklərini qeyd etdilər, liseyin belə
tədbirləri həmişə orijinal formada təşkil etdiyini
vurğuladılar. Çıxışlarda liseyin uğurlarından, onların
qazanılmasında təhsil ocağının direktoru Həlimə
Mehdiyevanın, fəal müəllimlərin, burada mövcud olan
işgüzar təhsil mühitinin rolundan bəhs edildi, tədbirin
hazırlanmasında ədəbiyyat müəllimlərinin, müsiqi
müəlliminin, uşaq birliyi rəhbərinin əməyi qeyd olundu.
Yusif ƏLİYEV |