Dekabrın
10-da Azərbaycan Müəllimlər İnstitutunda "Heydər Əliyev
irsi və müasir Azərbaycanın inkişaf siyasəti" mövzusunda
respublika elmi-praktik konfransı keçirildi. Azərbaycan
Müəllimlər İnstitutu və Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə
AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı, AMEA
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru
İlham Məmmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova, institutun
professor-müəllim heyəti, tələbələr və digər şəxslər
iştirak edirdilər. Öncə iştirakçılar institutda
yaradılmış Heydər Əliyev Mərkəzinə baxış keçirdilər.
Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru, professor
Aqiyə Naxçıvanlı ümummilli lider Heydər Əliyevin
Azərbaycan xalqı və dövləti qarşısında gördüyü misilsiz
xidmətlərdən söz açdı. Bildirdi ki, Heydər Əliyev
Azərbaycan xalqına, bugünkü və gələcək nəsillərə böyük
ideya-nəzəri irs qoyub getmişdir. Heydər Əliyev irsindən
Azərbaycan cəmiyyətini təşkil edən nəsillər, etnoslar,
alimlər, müəllimlər, mədəniyyət və incəsənət sahəsində
çalışan insanlar, dövlət məmurları və ziyalılar daim
bəhrələnirlər.
Professor qeyd etdi ki, Heydər Əliyev irsində ən
fundamental məsələlərdən biri Azərbaycanda hüquqi,
demokratik və dünyəvi dövlətin qurulması, yüksək
sivilizasiyalı demokratik cəmiyyətin formalaşmasıdır. Bu
cəmiyyətin əsas vəzifələri insan hüquqlarının qorunması,
milli azlıqların bütün sahələrdə səmərəli
fəaliyyətlərinə imkan yaradılması, azadfikirli, yüksək
intellektual potensiala malik vətəndaşların tərbiyəsi və
yetişdirilməsidir. Heydər Əliyev müasir Azərbaycan
cəmiyyətinin inkişafı istiqamətində ən başlıca vəzifə
kimi gənclərin təhsilinin və tərbiyəsinin yüksək
səviyyədə təşkil olunmasında görürdü. Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev təhsil işçilərinə, elm
və mədəniyyətlə məşğul olan insanlara, xüsusən də
müəllimlərə, daim gənclərin milli mənəvi dəyərlər
zəminində tərbiyə olunmasını tövsiyə edirdi. Bununla
yanaşı o, tərbiyə işində milli mənəvi və ümumbəşəri
dəyərlərin vəhdətini nəzərə almağı tövsiyə edir, bu
dəyərlərin sintezinin yaradılmasının vacibliyini
vurğulayırdı. Bu sahədə artıq müəyyən işlər görülübdür.
Məsələn, AMİ-də "Heydər Əliyev: Təhsil. Bilik. Məktəb"
adlı kitab hazırlanıb nəşr olunmuşdur. İnstitutda
hazırlanıb nəşr olunan ikinci fundamental kitab "Heydər
Əliyev: Mənəviyyat. Mənəvi dəyərlər. Mənəvi tərbiyə"
kitabıdır.
Elm sahəsində elmi strukturların məşğul olduğu hər bir
tədqiqat istiqamətində Heydər Əliyevin fikirlərinin,
düşüncələrinin, istəklərinin təzahürünün olduğunu
bildirən Aqiyə Naxçıvanlı ümummilli liderin ideyalarını
ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam
etdirdiyini iştirakçıların nəzərinə çatdırdı.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham
Məmmədzadə ulu öndərin zəngin dövlətçilik irsindən söz
açdılar.
Konfrans bölmələr üzrə öz işini davam etdirdi və sonda
yekun iclas keçirildi.
Niyazi RƏHİMOV |