Dekabrın
6-da Bakı Dövlət Universitetində dünya ədəbiyyatı
kafedrasının professoru, filologiya elmləri doktoru
Əmirxan Xəlilovun 75 illik yubiley mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan filologiya fakültəsinin
dekanı Məhərrəm Vəliyev professor Əmirxan Xəlilovun
həyat və yaradıcılığı haqqında iştirakçılara qısa
məlumat verdi. Bildirildi ki, Əmirxan Xəlilov 1937-ci
ildə anadan olub. 1961-ci ildə Bakı Dövlət
Universitetini bitirib. Tədqiqat sahəsi filologiya,
tənqid və ədəbiyyatşünaslıq olan professor Əmirxan
Xəlilov "Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri"
mövzusunda namizədlik və "Azərbaycan-rus ədəbi
əlaqələrinin inkişaf mərhələləri (1920-1980)" mövzusunda
doktorluq dissertasiyalarını müdafiə edib. Alimin
170-dən artıq məqalənin, 5 monoqrafiyanın, 8 kitabın
müəllifi olduğu nəzərə çatdırıldı. Ə.Xəlilovun yeni
çapdan çıxan və 6 cilddən ibarət olan "Dünya ədəbiyyatı"
kitabının əhəmiyyətindən söz açıldı.
Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel
Məhərrəmov Əmirxan Xəlilovun səmərəli elmi və pedaqoji
fəaliyyətindən söz açaraq alimin universitetdəki
xidmətlərini yüksək qiymətləndirdi. Yubileylərin bir
hesabat xarakteri daşıdığını bildirən rektor Əmirxan
Xəlilovun nüfuzlu bir pedaqoq, ziyalı olduğunu nəzərə
çatdırdı. Professorun daim axtarışda olduğunu və yeni
mövzular üzərində çalışdığını diqqətə çatdıran akademik
A.Məhərrəmov yubilyarı təbrik etdi, ona yaradıcılıq
işlərində uğurlar arzuladı və BDU-nun fəxri fərmanını
təqdim etdi.
Tədbirdə professor Cəlil Nağıyev çıxış edərək yubilyarı
təbrik etdi. Əmirxan Xəlilovun əsl ziyalı kimi
xarakterik xüsusiyyətlərindən söz açan natiq filologiya
fakültəsinin xalqımıza bir çox şairlər, yazıçılar və elm
adamları bəxş etdiyini və bu şəxslərin Azərbaycan elmi,
təhsili və mədəniyyətinin formalaşmasında xüsusi
xidmətlər göstərdiyini və yubilyar alimin də belə
ziyalılardan olduğunu qeyd etdi. Əmirxan Xəlilovla
universitetdə eyni vaxtda fəaliyyət göstərdiklərini və
alimin yaradıcılıq diapazonunun və dünyagörüşünün
əhatəli, geniş olduğunu bildirən C.Nağıyev onun uzun
müddət çalışdığı sahə olan türk xalqları ədəbiyyatından
dünya ədəbiyyatına keçidin çətin bir iş olduğunu, lakin
professorun bunun öhdəsindən məharətlə gəldiyini nəzərə
çatdırdı. Bildirildi ki, qısa bir müddətdə "Dünya
ədəbiyyatı" adlı çoxcildli kitabı ərsəyə gətirən alim
böyük bir kollektivin üzərinə düşən işi uğurla həyata
keçirərək gələcək nəsillərə ərmağan etmişdir.
Sonra professorlar Qara Namazov, Tofiq Hüseynov, İfrat
Əliyeva, Nüşabə Sadıxova yubilyarı təbrik edərək
haqqında xoş fikirlər səsləndirdilər.
Tədbirin sonunda professor Ə.Xəlilov göstərilən diqqətə
görə hər kəsə təşəkkürünü bildirdi.
Niyazi RƏHİMOV |