Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə ulu
öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Anım tədbirində Dövlət İdarəçilik Akademiyasının I
tədris işləri üzrə prorektoru, professor Əlikram
Abdullayev dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim
Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz
xidmətlərindən danışdı. Qeyd olundu ki, Azərbaycanın
müasir tarixində Heydər Əliyevin müstəsna xidmətlərinin
ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların
diqqət mərkəzində olacaqdır. Müasir Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi
daim ürəklərdə yaşayacaqdır.
Mərasimdə daha sonra professorlar N.Axundov, M.Quliyev,
dosent R.Rəhimli və digərləri çıxış edərək ulu öndərlə
bağlı xatirələrindən, onun həyat və fəaliyyətinin müasir
Azərbaycan gəncliyi üçün örnək olan məqamlarından söhbət
açdılar.
***
Azərbaycan Memarlıq və İnşaat Universitetində
ümummilli lider, müstəqil dövlətimizin qurucusu Heydər
Əliyevin xatirəsinin anım mərasimi keçirilmişdir.
Tədbirdə ali təhsil müəssisəsinin pedaqoji kollektivi
ulu öndərin xatirəsini ehtiramla yad etmiş, dahi
şəxsiyyətin universitetdəki büstü önünə tər çiçəklər
düzmüşlər.
AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ulu
öndərin uzaqgörən siyasi iradəsi sayəsində Azərbaycanın
müstəqilliyinin möhkəmləndiyini, ölkəmizdə
ictimai-siyasi və iqtisadi sabitliyin bərqərar olduğunu
bildirmişdir. Rektor ümummilli liderin elm və təhsil
sahəsinə göstərdiyi diqqəti xüsusi vurğulamışdır.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, YAP
Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və
digər çıxış edənlər müdrik rəhbər, dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin şərəfli ömür yolundan, xalqımıza
və vətənimizə göstərdiyi əvəzsiz xidmətlərdən
danışmışlar.
Bildirilmişdir ki, bu gün ulu öndərin siyasi kursu,
ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün
sahələrdə olduğu kimi, təhsil sahəsində də dövlət
qayğısı gündən-günə artır. Azərbaycanın adı dünyada
inkişaf etmiş ölkələr sırasında çəkilir.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən videoçarx nümayiş etdirilmişdir.
***
Sumqayıt Dövlət Universitetində
ümummilli lider Heydər Əliyevin vəfatının doqquzuncu
ildönümü ilə bağlı tədbir keçirildi. Öncə universitetin
rektoru, professor Nadir Qəhrəmanov və təhsil ocağının
professor-müəllim heyəti ulu öndər Heydər Əliyevin
universitet binasının foyesində yerləşən büstü önünə tər
gül dəstələri qoyaraq dahi siyasətçinin xatirəsinə
ehtiramlarını ifadə etdilər.
Universitetin rektoru, professor Nadir Qəhrəmanov anım
günü ilə bağlı keçirilən tədbiri açaraq, ulu öndərin
Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı
roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz
xidmətlərindən bəhs etdi. Rektor diqqətə çatdırdı ki, bu
gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən
ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş
strategiyanın nəticəsidir. Rektor ümummilli lider Heydər
Əliyevin ölkədə təhsil və elmə xüsusi diqqət yetirdiyini
bildirərək qeyd etdi ki, dahi siyasətçi Sumqayıt Dövlət
Universitetinin fəaliyyətini də diqqətdə saxlayırdı.
Məhz ulu öndərin 2000-ci ildə imzaladığı sərəncamla bu
təhsil ocağına universitet statusu verilib.
N.Qəhrəmanov vurğuladı ki, dahi liderin Azərbaycan xalqı
üçün ən böyük xidmətlərindən biri İlham Əliyev kimi
davamçısını yetişdirməsidir.
Tədbirdə daha sonra universitetin tarix fakültəsinin
dekanı, professor Adil Baxşəliyevin "Heydər Əliyev və
Azərbaycan dövlətçiliyi", Azərbaycan tarixi kafedrasının
müdiri, dosent Əmirxan İsayevin "Heydər Əliyevin
Azərbaycan elm və təhsilinin inkişafındakı rolu",
universitetin Tələbə Gənclər Təşkilatının sədri Aytən
Nəciyevanın "Heydər Əliyev və Azərbaycan gəncliyi"
mövzularında çıxışları dinlənildi.
Daha sonra tədbirdə ulu öndərin həyat və fəaliyyətini
əks etdirən "Böyük ömrün salnaməsi" adlı sənədli film
nümayiş etdirildi.
***
Lənkəran Dövlət Universitetində
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
anım mərasimi keçirilmişdir.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov
tədbiri açdıqdan sonra ümummilli lider Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Respublikamızın iqtisadi, sosial və mədəni sahələrində
qazanılan nailiyyətlərdən bəhs edən rektor bütün bu
uğurların ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti
ilə bağlı olduğunu, onun siyasi kursunun dövlət başçısı
cənab İlham Əliyev tərəfindən layiqincə davam
etdirildiyini vurğuladı.
Universitetin tarix və fəlsəfə kafedrasının baş
müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Fəxrəddin
Hüseyn "Heydər Əliyev müasir Azərbaycan dövlətinin və
milli ideologiyamızın banisidir" mövzusunda məruzə
edərək ümummilli lider Heydər Əliyevin müstəqil
dövlətimizin yaranması, möhkəmlənməsi və dünya ölkələri
arasında tanınmasındakı tarixi xidmətlərindən
danışmışdır.
YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının
sədri, iqtisadi təhsil və idarəetmə kafedrasının müdiri,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Tofiq
Paşayev, universitet Valideynlər Şurasının sədri Sərhad
Məmmədov çıxışlarında müdrik dövlət xadimi Heydər
Əliyevin xalqımızın mənəvi tərəqqisində müstəsna
xidmətlərindən söz açdılar. Natiqlər ümummilli lider
Heydər Əliyevin dövlət quruculuğuna, siyasi, iqtisadi,
sosial və elmi-mədəni sahələrin inkişafına dair işləyib
hazırladığı strategiyanın müasir mərhələdə layiqincə
həyata keçirildiyini bildirdilər. Qeyd edildi ki, bu gün
elm və təhsil sahəsinə göstərilən diqqət və qayğı
cəmiyyətimizi inkişafa aparan başlıca amillərdən
biridir.
Tələbələrdən Emin Həmidli, Kəmalə Mövsümzadə və Rüfanə
Mahmudova ümummilli lider Heydər Əliyevin xatirəsini
əziz tutduqlarını, dahi rəhbərin ideyalarına həmişə
sadiq qalacaqlarını bildirdilər.
Tədbirdə təhsil müəssisələrinin və ictimaiyyətin
nümayəndələri iştirak edirdilər.
***
Naxçıvan Müəllimlər İnstitutunun
psixologiya fakültəsinin bir qrup tələbəsi və müəllim
heyəti Culfa şəhərində yerləşən "N" saylı hərbi hissənin
tədris mərkəzində təşkil edilmiş ulu öndər Heydər
Əliyevin anım mərasimində iştirak etmişlər.
Anım mərasimini polkovnik-leytenant Mirqiyas Rüstəmov
açaraq ulu öndərin yaratdığı müstəqil Azərbaycanın
dünəni, bu günü və gələcəyi haqqında danışdı.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru,
professor Oruc Həsənli "Heydər Əliyev və milli
dəyərlərimiz", Naxçıvan şəhərindəki hərbi orta məktəbin
direktoru, muxtar respublika Ali Məclisinin deputatı
Nazim Bayramov "Ümummilli lider Heydər Əliyev müstəqil
Azərbaycan Respublikasının memarı və qurucusudur",
filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli
Eyvazlı "Heydər Əliyev və milli inkişaf tariximiz", IV
kurs tələbəsi Elvin Cahangirov "Heydər Əliyev və
gənclik" mövzularında çıxışlar etmişlər. Çıxışlar
əsgərlər tərəfindən maraqla qarşılanmışdır.
***
Naxçıvan Özəl Universitetinin
bir qrup tələbəsi üçün Heydər Əliyev muzeyində "Heydər
Əliyevin həyat və fəaliyyəti" mövzusunda dərs
keçilmişdir. Universitetin tərbiyə işləri üzrə
prorektoru, humanitar elmlər kafedrasının müəllimi
Əli Yusifov xalqımızın tarixini amansız
kəşməkəşlərdən uğurla keçirib yaşatmağı, inkişafa
doğru istiqamətləndirməyi bacaran dövlət xadimi,
uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan
tarixindəki rolundan bəhs etmişdir. Bildirilmişdir ki,
Heydər Əliyev Azərbaycan xalqının tarixində və
taleyində elə bir şərəfli həyat yaşamışdır ki, onun
xatirəsi Azərbaycan xalqı yaşadıqca yaşayacaqdır. O,
hər zaman xalq ilə nəfəs almış, həyatının mənasını
xalqına xidmətdə görmüşdür. Xalq da həmişə Heydər
Əliyevi sevmiş, onunla fəxr etmiş, onun siyasətini
dəstəkləmiş və etibarlı dayağına çevrilmişdir.
Tədbirdə vurğulanmışdır ki, Azərbaycan xalqı çox
xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dünya
miqyasında sayılıb-seçilən ümummilli lideri var. O bu
gün cismən aramızda olmasa da, əbədi bizimlə olacaq və
əziz xatirəsi xalqımız tərəfindən heç vaxt
unudulmayacaqdır. Çünki Heydər Əliyevin bütün
dövrlərdəki fəaliyyəti Vətənə sevgi, xalqa məhəbbət
nümunəsidir. Azərbaycanın dövlət müstəqilliyinə nail
olmaq və onu möhkəmləndirmək ulu öndərimizin amalı
olmuşdur. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və
qurucusu olduğu müstəqil Azərbaycan isə gündən-günə
inkişaf edərək çiçəklənəcəkdir.
Sonra tələbələr ulu öndərin həyat və siyasi fəaliyyətini
əks etdirən eksponatlarla tanış olmuş, dahi rəhbərin
həyatını əks etdirən filmə baxmışlar.
***
Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə
ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım
mərasimi keçirildi. Ulu öndərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.
Tədbiri məktəbin direktoru, əməkdar müəllim Sabir
Məmişov açaraq müstəqil Azərbaycan dövlətinin
yaradıcısı, təhsilimizin inkişafında əvəzsiz rolu olan
Heydər Əliyevin və onun layiqli davamçısı Prezident
İlham Əliyevin müasir Azərbaycan dövlətinin
çiçəklənməsində müstəsna xidmətlərindən danışdı. Qeyd
edildi ki, bu gün ulu öndərimizin əziz xatirəsinə həsr
olunmuş "Günəşə qovuşmaq istəyirəm mən" kitabının
elektron disk formatında təqdimatı keçirilir. Ötən illər
ərzində də məktəbdə Heydər Əliyevin xatirəsinə həsr
olunmuş "Əbədiyyət dastanı" və "Böyük ömrün davamı"
kitabları elektron formatda təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
icraçı direktoru Fərasət Qurbanov, həmin şuranın mətbuat
xidmətinin rəhbəri, "Vətəndaş Cəmiyyəti" jurnalının baş
redaktoru Səfər Alışarlı çıxışlarında tədbirin
əhəmiyyətindən danışaraq qeyd etdilər ki, kitab-disk
şuranın sifarişi və maliyyə yardımı ilə Mədəni İnkişaf
Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sonra
isə "Günəşə qovuşmaq istəyirəm mən" kitabının elektron
disk formatının təqdimatı keçirildi.
Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray
Əlibəyov kitab-diskin ərsəyə gəlməsi barədə tədbir
iştirakçılarına məlumat verdi. Respublikamızın əməkdar
artisti Azad Şükürov Heydər Əliyevin dühasını və
şəxsiyyətini tərənnüm edən şeirləri canlı səsləndirdi.
Tədbirin sonunda Sabir Məmişov 20 nömrəli məktəb-liseyin
pedaqoji kollektivinə Heydər Əliyev irsinin şagirdlərə
daha dolğun çatdırılması üçün bu disklərdən vəsait kimi
istifadə etməyi tövsiyə etdi.
"Azərbaycan müəllimi" |