Dekabrın
11-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunda "Heydər Əliyev və
Azərbaycanın davamlı inkişafı" mövzusunda elmi-praktik
konfrans keçirilmişdir. Tədbirdə respublikanın tanınmış
ziyalıları, təhsil ictimaiyyətinin və KİV-in
nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçıları
öncə institutda bu il yaradılmış Heydər Əliyev
muzey-lektoriyası ilə tanış oldular. Ümummilli lider
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad
edildi. Sonra institutun rektoru, fizika-riyaziyyat
elmləri doktoru, professor Asəf Zamanov tədbiri açaraq
bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü
məsələlərin həllində müstəsna xidmətləri olan tarixi
şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox
olmuşdur. Onlar gördükləri böyük işləri və əməlləri ilə
yadda qalmışlar. Belə tarixi şəxsiyyətlər sırasında
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider,
görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər
Əliyevin xüsusi rolu var. Dövlət xadimlərindən ancaq bu
dahi şəxsiyyət ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Ulu öndər milli liderliklə siyasi liderlik
keyfiyyətlərini ehtiva etməklə fəaliyyət göstərdiyi
bütün sahələrdə özünü əsl lider kimi təsdiq etmişdir.
Qeyd edildi ki, bu dahi insan tarixi yazan və yaradan,
onu yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi.
Haqlı olaraq ulu öndəri xarizmatik lider, fenomenal
şəxsiyyət adlandırırlar. Təsadüfi deyildir ki, onun
həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar,
söylədiyi fikirlər öz aktuallığı və obyektivliyi
baxımından ölçülüb biçildiyindən ətrafdakıları
heyrətləndirmiş, ona siyasət aləminin patriarxı adını
qazandırmışdır.
Professor Asəf Zamanov çıxışını daha sonra "Heydər
Əliyev və intellektual potensialın inkişaf
istiqamətləri" mövzusunda məruzə ilə davam etdirdi. O
qeyd etdi ki, ümummilli lider Heydər Əliyev müstəqil
Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi
diqqət yetirmişdir. Bu siyasət hazırda Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Heydər Əliyev hakimiyyətdə
olduğu bütün dövrlərdə Azərbaycan xalqının xoşbəxt
gələcəyi haqqında düşünərək, ölkədə intellektual
potensialın formalaşması üçün bilikli və savadlı
kadrların hazırlanmasına şərait yaradırdı. Əgər 1969-cu
ildə respublikadan kənarda təhsil alan gənclərin sayı 50
nəfərə qədər idisə, 1981-ci ildə onların sayı,
respublikadan kənara Azərbaycan ali məktəblərinin yuxarı
kurs tələbələrini, aspirantura və doktoranturaya
göndərilənləri də nəzərə alsaq, 1500 nəfərə çatırdı.
Bütün bunlar ulu öndərin uzaqgörən siyasəti, güclü
iradəsi, möhkəm əzmi sayəsində həyata keçirilirdi. Məhz
həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün
Azərbaycanda yüksək intellektual potensial
formalaşmışdır.
Konfransda AMEA-nın Kibernetika İnstitutunun direktoru,
akademik Telman Əliyev "Heydər Əliyev və Azərbaycanda
kibernetikanın inkişafı", Binəqədi RİH başçısının
müavini Vüsal İsmayılov "Regionların sosial-iqtisadi
inkişafının Heydər Əliyev mərhələsi", institutun kafedra
müdiri, filologiya elmləri doktoru Aydın Paşayev
"Azərbaycan dili Heydər Əliyev siyasətinin tərkib
hissəsi kimi" mövzularında məruzələrlə çıxış edərək
ümummilli liderin qurub yaratdığı müasir Azərbaycanın
parlaq uğurlarından söz açdılar.
Konfrans Heydər Əliyev haqqında sənədli filmin nümayişi
ilə başa çatdı.
Ədalət DAŞDƏMİRLİ |